525.Az

Los-Ancelesdə Azərbaycan-İsrail əlaqələrinin 25 illiyi


 

Los-Ancelesdə Azərbaycan-İsrail əlaqələrinin 25 illiyi <b style="color:red"></b> Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi iyunun 12-də Los-Ancelesdə geniş tədbirlə qeyd olunub.

Azərbaycan Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda keçirilmiş tədbirə Azərbaycanın və İsrailin baş konsulları Nəsimi Ağayev və Sem Qrundverq əsas qonaq qismində dəvət olunublar.

300-dək qonağın iştirak etdiyi tədbirə xarici ölkələrin Los-Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, din xadimləri, müxtəlif seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, maliyyə və hüquq sahələrində nüfuzlu şirkətlərin rəhbərləri, ictimai-siyasi xadimlər və jurnalistlər qatılıblar.

Tədbirdə Sinay Sinaqoqunun rəhbəri Deyvid Uolpi sinaqoq adından qonaqları salamlayaraq, belə bir əlamətdar günə evsahibliyi etməkdən məmnunluğunu ifadə edib. 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətilə Azərbaycana səfərini qeyd edən D.Uolpi Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz model olduğunu bildirib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən, yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Diplomat bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib.

Azərbaycanın yerləşdiyi bölgədə mövcud olan münaqişələrə toxunan baş konsul Nəsimi Ağayev, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb.

Bu səpkidə N.Ağayev 2015-ci ildə İsrail Prezidenti R.Rivlinin BMT Baş Məclisindəki çıxışında Xocalı Soyqırımını xüsusilə vurğulaması faktının Azərbaycan-İsrail dostluğunun daha bir göstəricisi olduğunu qeyd edib.

Öz növbəsində, İsrailin baş konsulu Sem Qrundverq Azərbaycan-İsrail münasibətlərinin dinamik və hərtərəfli inkişafına toxunaraq, ölkələrimiz arasında əsas əməkdaşlıq istiqamətlərindən bəhs edib.

S.Qrundverq bildirib ki, İsrailin Azərbaycan ilə münasibətləri dərin etimad və dostluq əlaqələrinə əsaslanır.

O, həmçinin, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi böyük nailiyyətlərin dost İsrail xalqını sevindirdiyini diqqətə çatdırıb.

İsrailin baş konsulu S.Qrundverq vurğulayıb ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və regionda davam edən münaqişələrin sülh yolu ilə həllinin tapılmasını arzulayır.    
 
Ceyhun ABASOV
 





16.06.2017    çap et  çap et