525.Az

“Qadınların cəmiyyətdəki rolu xeyli genişlənib”


 

MİLLƏT VƏKİLİ SONA ƏLİYEVA: “DEPUTAT OLMAQ İSTƏYİ DOĞULUB BOYA-BAŞA ÇATDIĞIM RAYONU TƏMSİL ETMƏK DÖVLƏTİMİZİN MARAQLARINI QORUMAQ ARZUSUNDAN İRƏLİ GƏLDİ”

“Qadınların cəmiyyətdəki rolu xeyli genişlənib”<b style="color:red"></b>

Konstitusiyamızda deyilir ki, xalqın seçdiyi səlahiyyətli şəxslərdən başqa, kimsənin xalqın adından danışmaq ixtiyarı yoxdur.

Həmişə xalqın sözünü böyük auditoriyada səsləndirən o şəxslər, yəni deputatlar mənim üçün maraqlı olub.

Millətinin adından danışan bu insanlar, görəsən, özləri nə düşünür, nə hiss edir, ümumiyyətlə, onlar kimlərdir? Axı, bu qədər böyük bir insan ordusu məhz ona arxalanır, sözünü ona etibar edir. Bəs onu digərlərindən fərqləndirən nədir?

Bugünlərdə həmin insanlardan biri ilə danışmaq, suallarımın bir qismini ünvanlamaq şansı qazandım.

Müsahibim Şəmkir rayonun Milli Məclisdəki təmsilçisi, deputat Sona Əliyevadır. Sadə və son dərəcə təvazökar şəxs olan Sona xanım əvvəllər müəllim kimi fəaliyyət göstərib. Onun Şəmkir rayonunun orta məktəbindən Milli Məclis kürsüsünə qədər uzanan həyat yoluna birgə işıq salırıq.
 

- Sona xanım, artıq iki ildir, Milli Məclisdə təmsil olunursunuz. Bu iki illik fəaliyyətinizi özünüz necə dəyərləndirərdiniz?

- İki il çox qısa dövrdür. Nəzərə alsaq ki, bu, mənim parlamentdə ilk təmsilçiliyimdir, özümün özümü qiymətləndirməyim yəqin doğru olmaz. Mənim necə fəaliyyət  göstərdiyimi seçicilərim  daha doğru qiymətləndirə bilərlər və mən də çalışıram ki, onların mənə göstərdiyi etimadı doğruldum. Lakin deputatlıq fəaliyyəti təkcə seçicilərlə işdən ibarət deyil. Çalışıram ki, parlamentdə də müzakirə olunan qanun layihələrinə münasibətdə maraqlı və səmərəli təkliflərlə çıxış edim, aktiv fəaliyyət göstərim. Əgər özüm özümü qiymətləndirməliyəmsə, deyərdim ki, fəaliyyətim  məni tam qane etmir. Düşünürəm ki, bu sahədə mənim hələ böyük təcrübə qazanmağıma ehtiyac var. 

- Rəqiblərinizdən üstün cəhətiniz nə idi ki, şəmkirlilər məhz sizi seçdilər?

- Yəqin ki, ən birinci səbəb mənim rayonda doğulmağım, böyüməyim, işləməyimdir. Bütün fəaliyyətim onların gözü qarşısında keçib, atdığım addımların, qazandığım uğurların şahidi olublar və bura həm də mənim aktiv fəaliyyətimi daxil etmək lazımdır. Çünki məhz bu fəaliyyətimin nəticəsində Şəmkirdə  insanların rəğbətini qazanmışdım. Bundan başqa, insanlarla ünsiyyətdə ədalət, humanizm prinsiplərini gözləməyim və hər bir halda tanıdıqları insanın parlamentdə onları təmsil etmələrini istəməkləri uğur qazanmağımın əsas səbəblərindən ola bilər.

- Bəs, necə düşünürsünüz, deputat seçilmək üçün namizədliyin verildiyi ərazidə doğulub-böyümək, ən azından yaşamaq şərtdirmi?

- Xeyr, mənim fikrimcə, bu, elə də çox rol oynamır. Azərbaycanda kifayət qədər ziyalı, tanınmış ictimai xadim olan deputatlar var ki, onlar heç seçildikləri ərazidən deyillər. Amma onlar dövlət, cəmiyyət, xalq üçün etdikləri işlərin sayəsində elə bir güvən, etibar qazanıblar ki, millətimiz də bu güvənə arxalanaraq, onlara dəstək olublar. Mən isə bütün həyatım boyunca orada yaşamışdım, orada işləmişdim. Mənim bütün həyatım Şəmkirlə bağlıdır. Bunun sayəsində də qalib gəldim. Amma ümumilikdə Azərbaycan xalqının, dövlətinin etimadını qazanmış şəxslər var ki, onların məhdud çərçivədə tanınması elə də önəm kəsb etmir, onları bütün xalq tanıyır və dəstəkləyir. Ona görə də bu, əsas amil ola bilməz.

- Deputat olmaq qərarını necə verdiniz?

- İlkin fəaliyyətimə müəllim kimi başlamışam və pedaqoq olduğum üçün həmişə qürur hissi keçirmişəm. Təhsil sahəsində, bayaq da dediyim kimi, çox aktiv olmuşam. Bir müddət Təhsil şöbəsində çalışmışam, müxtəlif müsabiqələrdə və layihələrdə  iştirak etmişəm. Aktiv təhsil işçisi olmaqla bərabər, eyni zamanda aktiv YAP fəalı olmuşam. Görünür, bütün bu amillər mənə bir növ stimul olub. O ki qaldı Milli Məclisə gəlməyimə, düşürəm ki, hazırda Azərbaycan cəmiyyətində xanımların rolu artır. Cəmiyyət özü də bir növ buna şərait yaradır. Qadınlar əvvəllər siyasi arenada daha az görünürdülər, aktivlikləri zəif idi. İndi isə vəziyyət dəyişib, qadınların cəmiyyətdəki rolu, siyasi fəaliyyəti xeli genişlənib. Görünür, mən də doğru zamanda doğru yerdə idim ki, bu yaranmış şəraitdən, imkanlardan yararlana bildim. Deputat olmaq istəyi doğulub boya-başa çatdığım rayonu təmsil etmək, insanların hüquqlarını müdafiə etmək, dövlətimizin maraqlarını qorumaq arzusundan irəli gəldi. Belə demək mümkünsə, özümü daha yeni bir arenada sınamaq qərarına gəldim və düşünürəm ki, bu, məndə alındı.

- Cəmiyyətdə çox zaman xanım siyasətçilər birmənalı qarşılanmır. Siz xanım olduğunuz üçün hansısa ayrıseçkiliklə, çətinliklə qarşılaşmısınızmı?

- Qadınlara qarşı bu cür münasibəti təkcə Azərbaycana aid etmirəm, bu, bütün dünyada belədir. Bütün dünya üzrə qadın siyasətçilər parlamentin 17-18, ən yaxşı halda 20 faizini təşkil edirlər. İnkişaf etmiş ölkələrdə də bu nisbət heç də fərqli deyil. Görünür, bu ondan irəli gəlir ki, qadınlar ən çox ailəni qorumaq, övladlarına və yaşlılara qayğı göstərmək istəyindən cəmiyyətdə daha fərqli sahələrlə məşğul olmağa maraq göstərirlər. Bu, qadınların daxili istəklərindən, daxili arzularındqan irəli gələn bir seçimdir.

Ölkəmizdə isə gender bərabərliyi qorunur, həm də yeniləşən və inkişaf edən cəmiyyətlər üçün artıq qadın və kişi fərdiləşməsi xarakterik deyil. Eyni zamanda,  ölkə konstitusiyamız və beynəlxalq normaların verdiyi bərabərhüquqluq  nöqteyi nəzərindən də qadınların cəmiyyətin bütün sferalarında iştirakı zəruri amildir. Mən düşünmürəm ki, ölkəmizdə qadınların siyasi fəaliyyətinə hansısa ayrıseçkilik, hansısa birmənalı baxış var. Ölkəmizdə qadınların sosial-ictimai həyatda və siyasi arenada aktivliyi bunun bariz nümunəsidir.

- Sizcə, cəmiyyətimizin hansı sahələrinin ciddi islahatlara ehtiyacı var?

- Əgər dünyanın son yüz illik tarixinə nəzər salsaq, görürük ki, dünya yüz ilin içərisində hardan hara gəlib çıxıb. Zaman dəyişdikcə, cəmiyyətin hər sahəsində, eləcə də, insanların şüurunda və həyat tərzində dəyişikliklər meydana gəlir. Ümumiyyətlə, yeniləşən və inkişaf edən cəmiyyətin həmişə islahata ehtiyacı var və bu da zamanla əlaqədar olan bir şeydir.  Birmənalı şəkildə bunu şərtləndirmək mümkün deyil. İnsanların özünün belə zaman-zaman dəyişimə ehtiyacı var. Eləcə də hər dəyişən zamanda cəmiyyətin ciddi islahatlara ehtiyacı qaçılmazdır.

- Gənclərimizin cəmiyyətdəki rolunu necə qiymətləndirirsiniz?

- Böyük şəhərlərdə gənclər çox aktivdir, amma regionlarda bu aktivlik nisbətən az müşahidə olunur. Cəmiyyətin bütün sahələrində gənclərin fəaliyyətinə  ehtiyacımız var. Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycanda kifayət qədər uğurlu gənclər var. Hansı ki, onlar öz fəaliyyət istiqamətləri üzrə istər ölkə daxilində, istərsə də xaricdə dövlətimizin adını, bayrağını layiqincə təmsil edirlər, ucaldırlar. Bu da öncə dövlətimizin, sonra isə gəncliyimizin uğurudur.

- Kitab oxuyursunuzmu?

- Oxuyuram...

- Şəmkirdə kitab evi varmı? Kitabın, mədəniyyətin təbliğatı necədir?

- Şəmkirdə kitab evi yoxdur, ancaq kitabsevərlər yetərincədir. Kitabsevərlərin özərinin yaratdığı müxtəlif klublar, balaca dərnəklər, qruplar fəaliyyət göstərir.  Sevindirici haldır ki, Şəmkirdə kitab oxumaq mədəniyyəti çox yaxşıdır. Məsələn, mənim rəhbərlik etdiyim Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi-kütləvi kitabxanasının  900-ə qədər oxucusu var ki, onların 500-ü aktiv oxucudur. Mən özüm də kitab oxumağı çox sevirəm, bütün fəaliyyətim boyunca kitabı təbliğ etməyə çalışıram. Amma işlə, vaxt azlığı ilə əlaqədar hazırda daha çox elektron materiallar oxuya bilirəm. Etiraf etməliyəm ki, elektron kitab kağız kitabın yerini vermir.

- Deputat Sona Əliyevanın ailəsindəki Sona xanıma, Sona anaya təsir etdiyi məqamlar olurmu?

- Xeyr, olmur. Evimin kandarından içəri daxil oldumsa, mən anayam, həyat yoldaşıyam, kiminsə gəliniyəm, kiminsə övladıyam. Mən həmişə çalışmışam ki, karyeram ailə münasibətlərimə təsir göstərməsin. Evdə vəzifə, iş yoxdur.

- Bəs ana, qadın Sona xanımın deputat kimi verdiyi hansısa qərara təsiri olubmu?

- Əlbəttə, olub. Mən düşünürəm ki, qadınlar bu mənada kişilərdən daha çox ədalətli və humanist qərarlar verirlər. Qadınlar daha yumşaq, həssas xarakterə malikdirlər.

- Namizədliyinizi verərkən qarşı çıxan, sizin seçiləcəyinizə inanmayanlar olmuşdumu?

- Qarşı çıxan olmamışdı, belə mühüm qərarlar verərkən  ailənin münasibəti və qərarı çox önəmlidir. İlk öncə atam inanmamışdı. Gənc yaşda belə bir uğur qazanacağıma, insanların kütləvi dəstəyini almağım ona inandırıcı gəlmirdi. Cəmiyyətdə isə hər bir hadisəyə münasibətdə fikirayrılığı sərgiləmək təbii haldır. Əlbəttə ki, inananlar da, inanmayanlar da olmuşdu.

- Deputat seçildikdən sonra ətrafınızda sizə qarşı münasibət necə dəyişdi?

- Yaxın ətrafımda olan insanlarla münasibətimdə heç bir dəyişiklik olmayıb. Deputatlıq mənim fəaliyyətimdir, insan olaraq mən onların tanıdığı və olduğu kimi qəbul etdikləri insanam.

- Sizin deputat seçilməyiniz övladlarınızın ətraflarına, dostlarına münasibətində, düşüncələrində hansısa dəyişikliklər yaratdımı?

- Övladlarım hələ kiçikdir və orta məktəbdə təhsil alırlar. Uşaqlar bu cür məsələlərdə böyüklər kimi düşünmür. Onlar üçün heç nə dəyişməyib və mən çalışıram ki, bu, belə də qalsın.

- Bundan sonra hələ üç il deputatlıq dövrünüz olacaq. Bu dövrdə fəaliyyətinizi daha çox hansı istiqamətlərdə qurmağı planlaşdırırsınız?

- Hər hansı xüsusi bir planım olduğunu deyə bilmərəm. Parlamentdə dövlətimizin və xalqımızın maraqlarına uyğun olaraq konkret işlər, tədbirlər görürük. Bu mənada dövlətimizə və xalqımıza layiqincə xidmət göstərməyə çalışıram və bundan sonra da çalışacağam. Mənim ən sevdiyim və ən çox maraqlandığım sahə təhsil sahəsidir. Düşünürəm ki, məhz bununla bağlı gələcəkdə hansısa işlər görülə bilər.

Şahanə MÜŞFİQ

 





17.06.2017    çap et  çap et