525.Az

Əhəd Muxtarın şeirləri


 

Əhəd Muxtarın <b style="color:red">şeirləri</b>

Mərhum ədibimiz, 60-cılar nəslinin dəyərli nümayəndəsi, şair və tərcüməçi, ədəbi mətbuatımızın fədakar xadimi Əhəd Muxtarın 80 illiyi tamam olur.

Ədəbi nəsildaşları, onunla ünsiyyətdə olmuş müasirləri Əhəd Muxtarı istedadlı və təvazökar söz adamı, son dərəcə təmənnasız insan kimi xatırlayır və dəyərləndirirlər. 1937-ci ildə Astara rayonunda doğulmuş Ə.Muxtar Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənən şairin əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. Bu kitablar sayəsində geniş tanınıb, oxucuların böyük rəğbətini qazanıb.

Ədəbi mətbuatda özünəməxsus yeri və rolu olan Ə.Muxtar “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb.

Ə.Muxtarın orijinal poetik və publisistik yaradıcılığı ilə bərabər, bədii tərcümə sahəsindəki fəaliyyəti də olduqca qiymətlidir. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri dilimizə məhz Ə.Muxtar tərcümə edib. Onun bədii tərcümə yaradıcılığında Orta Asiyadakı türkdilli xalqların ədəbiyyatından çevirmələr xüsusi yer tutur.

Ə.Muxtar türkmən ədəbiyyatından Məhdimqulunun şeirlərini, Təşli Qurbanovun “Sarı gül” povestini, özbək şairləri Qafur Qulam, Şükrulla, Normurad Nərzullayev, Camal Kamal, Mirtemir, Abdulla Aripov, Zülfiyyə və başqalarının, qazax ədibi Oljas Süleymenovun, həmçinin bır sıra tatar şairlərinin çox sayda əsərini Azərbaycan dilinə tərcümə edib. Tərcümələrdən ibarət 10-a yaxın toplunun tərtibçisi və ya redaktoru olub.
Eyni zamanda, onun öz əsərləri də xarici dillərə tərcümə olunaraq nəşr edilib.

1998-ci il mayın 23-də dünyasını dəyişmiş Əhəd Muxtarı 80 illik yubileyi ərəfəsində bir daha dərin ehtiramla xatırlayır, poeziyasından nümunələri oxuculara təqdim edirik.

ATAMI DÜŞÜNƏNDƏ

1. Biri vardı, biri yoxdu...

Bir mehriban əl
Oxşadı saçımı.
Pencəyinin ətəkləri arasında
Gizlətmişdim başımı.
Sonra yüyürdük.
Elə bil uşaqdı.
Mənim kimi
Kəpənək dalınca qaçdı.
Adamlara əl elədi,
Ağaclara, güllərə baxdı,
Birdən
çiçəklənən budaqlar doldu barla...
Töküldü yarpaqlar,
Payız yerini dəyişdi baharla,
Çiçək yerinə
Qar yağdı başımıza,
Qayğılı-qayğılı baxdı mənə.
- “Üşüyürəm, atacan...”
Qüvvətli əllərilə sıxdı məni köksünə.
Bir göz qırpımında
Qaldırdı başının üstünə.
Qürurdan, sevincdən
Ürəyim döndü dağa.
Bilmədim, o qərib axşamda
Göylərə tapşırırdı məni,
yoxsa torpağa...

2. Bir nəslin gözündə...

Əksin də qalmayıb,
Böyüdəm,
Asam başımın üstündən.
Xatirələr leysanına düşəndə
Bir anlığa ovutmaqçün qəlbimi
Saatlarla donam qarşında heykəl kimi.
Bir kövrək təbəssümə dönüb sən
Bir nəslin baxışlarına səpələnmisən.
Sanki bir zaman əkib-biçdiyin,
Yolunda canından keçdiyin
Torpaqda deyil,
Bir nəslin gözlərində
əbədi məskən salmısan.

BOYLAN ÜFÜQDƏN

Sənsiz keçirdiyim bircə anın da
Daşıya bilmirəm dərdi-sərini.
Hicranın sahilsiz okeanında
Gəzirəm naməlum ləpirlərini...

Üzürəm, az qalır taqətdən düşəm,
Bilmirəm dünyanın harasındayam.
Buludla çarpışan, ayla görüşən
Çılğın dalğaların arasındayam.

Dəyişik salmışam şərqi qərb ilə,
Şimalı, cənubu itirmişəm mən.
Əgər qasırğasan, məni qərq elə,
Əgər günəşsənsə, boylan üfüqdən!

ƏBƏDİYYƏT

Bizim kəndimizdə bir çay var idi,
Sozaldı,
lilləndi,
qurudu getdi.
Bizim kəndimizdə bir “ay” var idi,
Bəzədik,
köçürtdük,
qarıdı getdi.
Bizim kəndimizdə bir dəniz vardı,
Dəstəylə gedərdik
görüşünə biz.
O dəniz - o gözəl durur hələ də,
Yaşasın dəniz!

EYNİYYƏT

Torpağa nə qədər budaq sancmışam,
Hamısı böyüyüb ağac olubdu.
Mənim becərdiyim neçə qovaq, şam
Yorğun yolçulara kölgə salıbdı...

Bir gün yer altında olanda yerim,
Üstümdə siz ağac əkməyin ancaq.
Mənim qələm tutan şair əllərim
Torpaqdan göyərib, ağac olacaq...

TAPARAM SƏNİ

Sən mənim qəlbimin şirin arzusu,
Gecə düşüncəsi, səhər yuxusu,
Şeirimin ən pünhan misrası sənsən,
Ömrümün ən sirli dünyası sənsən.
Gizlən təpələrdə, dərələrdə sən,
Qalxa bilmədiyim zirvələrdə sən,
Ağlım kəsmədiyi nöqtələrdə ol,
Uzaq ölkələrdə, qitələrdə ol...
Könlümdə eşqindən sönməz bir çıraq,
Mən səni gəzirəm, görünmə ancaq.
Bu yer üzərində nə qədər varam,
Mən səni axtarıb, özüm taparam.
Qəflətən rastıma çıxma, amandır,
Qəfləti səadət dərdi yamandır!..
KƏLBƏCƏRDƏ

Başımın üstündən bulud ötüşdü,
Yuyundu meşələr leysan içində.
Dağlarda kişnəyib arana düşdü
Sərsəri ildırım bir an içində.

“Qarı körpüsü”ndən sən arxayın keç,
Odlu, fəvvarəli İstisudan iç.
Ruhunu oxşayan çiçək ara, seç
Təbiət yetirən dərman içində.

Güneydə gül-çiçək, qüzeydə ilk qar,
Gizlinpaç oynayır qış ilə bahar.
Zirvəyə sığınan çılpaq ağaclar
Hələ də qovrulur hicran içində.

Külək nəğmə dedi, dilləndi meşə, 
Qəlbimi kövrəltdi nərgiz, bənövşə.
Kəkliyin ayağı dəyibmi döşə,
Lalələr qızarıb al qan içində?

Dağların qoynunu bulaqlar bəzər,
Şöhrəti elləri dolaşıb gəzər.
Həyatı bir yetim ömrünə bənzər
Kədər gözlərində,vulkan içində.

Sən ey bu torpağın hakimi insan,
Dərdindən od tutub yanan var,dayan.
Gör neçə boğulan çeşmə nə vaxtdan
Göz dikib yoluna güman içində!

Ayrıldıq...
Bu hicran qəlbimi dağlar,
Gözlərim yaş tökər,ürəyim ağlar.
Yarıb buludları əl etdi dağlar,
Boylandı Kəlbəcər duman içində.
 
GƏLİB LƏNKƏRANA GENERAL HƏZİ

İnsan axınıdır baxırsan hara,
Bir elin yollardan çəkilib gözü.
Otuz doqquz illik səfərdən sonra
Yenə Lənkərana qayıdıb Həzi!

Qayıdıb evinə, doğma diyara,
Sinəsi ulduzlu, ürəyi odlu!
Mübarək üzünü tutub dağlara
Mənim torpağımın qəhrəman oğlu!

Bu gün al günəş də göylərdən enib,
Yerlər alqışlayır bu ehtiramı.
Kükrəyən, tufanlı dənizə dönüb
Builki qələbə zəfər bayramı!

Hamı istəyir ki sözünü deyə,
Müqəddəs diləklər gül açıb bu gün.
Dünyanı taundan xilas eyləyən
Ərlərin həsrəti dil açıb bu gün!
Düz iyirmi milyon şəhidin qəmi
Çöküb gözlərinə duman, çən kimi!
Qəhrəman general
Bu əziz gündə
Durub əfsanəvi tankı üstündə!

Bu tank o tankdır ki,
Odlar içindən
Çıxıb, yol gedibdir Baltikə qədər!
Bu tank o tankdır ki,
Əmr etsə Vətən,
Yenidən yerindən tərpənə bilər!

Bizim aramızda milyon Həzi var,
Qanında qaynayır elin qeyrəti!
Bu gün qan-qan deyən alçaq qəsbkar
Gərək unutmasın bu həqiqəti!

Sən ey böyük insan!
Cəsarətinə
Nəğmələr qoşuram candan, ürəkdən.
Hər dəfə gələndə ziyarətinə
Elə bil yenidən doğuluram mən.

Adınla fəxr edir ulu Vətənim
Doğma Azərbaycan, torpağım, daşım.
Xəzərtək kükrəyir ürəyim mənim,
Qarlı dağlar kimi ucalır başım!

ŞAİR ÖMRÜ
 
Günəş şəfəqidir şair baxışı,
Bir yerdə ilişib dayanmaz heç vaxt.
Bu ulu dünyada nə varsa yaxşı,
Onun nəzərindən yayınmaz heç vaxt.

Mizan tərəzidir şairin gözü,
Oyular, dəyişməz haqqı nahaqqa.
Yanar ocaq kimi, qalanar közü,
İstisi bəs edər bütöv bir xalqa!

Bir ahənrübadır şair ürəyi,
Hey çəkər özünə dərdi-qəmi o.
Dar gündə həmişə olar gərəyin,
Xoş gündə yox olar ilğım kimi o.

İlıq təbəssümlə aşar üfüqi,
Hər səhər Günəşlə birgə oyanar.
Batandan sonra da qızıl şəfəqi
İnsan taleyində gözündə yanar...

LÖVHƏLƏR

Şimşək nizəsini zirvəyə sancdı,
Yağış da düzlərə qoşun yeritdi.
Duman süfrəsini ahəstə açdı,
Aləm tül pərdənin içində itdi.

Göy qövsi-qüzehi taxdı döşünə,
Təbillər gurladı, başladı hücum.
Buludlar girişdi qoç döyüşünə,
Qalxanlar deşildi, saçdı qığılcım.

Dağlar nərə çəkdi: döyüşə hazır!
(Sanki gözləyirmiş çoxdan bu günü)
Tufan əmr elədi: öldür, dağıt, qır!
Buludlar torpağa səpdi yükünü.

Məğlub olanların bayrağı kimi
Qa ra buludların ağardı rəngi.
Bir işıq dalğası sardı aləmi,
Torpaqla səmanın qurtardı cəngi.

Sülh oldu Yer ilə Göyün arzusu,
Yüzillik palıdsa verildi qurban...
Yerdən əsir düşdü çəmən qoxusu,
Göydən dərələrdə ilişən duman.

Tarlalar, meşələr, bağlar, düzənlər
Yuyundu gülüzlü səhər eşqinə.
Yamacda lalələr, çöldə süsənlər
Min badə qaldırdı zəfər eşqinə...

Əhəd MUXTAR

 





19.06.2017    çap et  çap et