525.Az

Səmərqənddə Azərbaycan mədəniyyət günləri


 

Səmərqənddə Azərbaycan mədəniyyət günləri<b style="color:red"></b>

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdəki park - bulvarda Azərbaycan mədəniyyət günlərinin açılışı olub.

Səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov deyib ki, Azərbaycan mədəniyyət günlərinin keçirilməsində əsas məqsəd qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə ölkəmizin zəngin mədəniyyətini təbliğ etmək, xalqlarımız arasında dostluq əlaqələrini daha da möhkəmləndirməkdən ibarətdir.

Samir Abbasov Səmərqənd şəhərindəki Azərbaycan mədəniyyət günləri çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini və bu məqsədlə şəhərin mərkəzindəki park-bulvarda Azərbaycan və özbək musiqilərindən ibarət konsert proqramının, ölkəmizin Qarabağ bölgəsinin milli libaslarından ibarət dəb sərgisinin, Səmərqənd Dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfransın keçiriləcəyini söyləyib. Diqqətə çatdırıb ki, mədəniyyət günləri çərçivəsində Səmərqənd kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması, Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefinin vurulması və digər tədbirlər planlaşdırılır.

Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov iki dövlət və xalqlarımız arasında dostluq əlaqələrindən danışıb, qardaş Azərbaycana Səmərqənddə böyük maraq olduğunu bildirib. O, Səmərqəndin açıq havada bir muzey olduğunu söyləyib, şəhərdəki tarixi abidələrin tikilməsində azərbaycanlı memarların da böyük əməyi olduğunu vurğulayıb.

Səmərqənd Vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bu həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd edib. O, AMM-nə belə silsilə tədbirlərin təşkilinə və mədəniyyətimizi Özbəkistanda bu səviyyədə təbliğinə görə minnətdarlığını bildirib.

Parkda təşkil olunan fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin təbiətinə, tarixi abidələrinə dair fotoşəkillər nümayiş etdirilib. Park ərazisində yaradılan ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən, milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük marağına səbəb olub.

Milli suvenirlərimiz, mədəniyyətimizə dair eksponatlar, Azərbaycanın müxtəlif regionlarında hazırlanan xalçalarımız, habelə milli musiqi alətlərimiz də maraq doğurub.

Tədbir çərçivəsində AMM-nin təşəbbüsü ilə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, habelə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, dövlətçiliyimizə dair kitablar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunan nəşrlər nümayiş etdirilib.

Qonaqlar Azərbaycan çayına, milli şirniyyatlarımıza qonaq edilib.

Tədbir 15 İyun - Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş geniş konsert proqramı ilə davam edib.

Konsertdə Özbəkistanın tanınmış sənətçiləri, habelə Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin şagirdləri və “Özbək gəncləri” musiqi qrupunun üzvləri Azərbaycan və özbək mahnılarını ifa ediblər.

 





17.06.2017    çap et  çap et