525.Az

Dayandur Sevgindən “Üçrəngli göy qurşağı”


 

Dayandur Sevgindən “Üçrəngli göy qurşağı” <b style="color:red"></b>

İyunun 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Kaspi” qəzetinin əməkdaşı, şair Dayandur Sevginin “Üçrəngli göy qurşağı” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə ölkənin tanınmış ziyalıları, yazarlar, şairin oxucuları və media nümayəndələri iştirak ediblər.

Tənqidçi Əsəd Cahangir şairin yaradıcılığı, yeni çap olunmuş kitabı haqqında geniş məlumat verib: “Dayandur Sevgin çox mürəkkəb taleli ədəbi nəslin nümayəndəsidir. Çünki 1980-ci illərdə ədəbi yaradıcılığa başlayan bu nəslin gəncliyi, ilk addımları Sovetlər dövrünün dağıldığı, qarışıq bir dövrə təsadüf etdi, söz ikinci plana keçdi. Hətta bir sıra şairlər vətəni tərk etmək məcburiyyətində qaldılar. Onlardan çox az qismi qələmini, ruhunu qoruyub saxlayaraq bu günümüzə qədər gəlib çıxara bildi. Onlardan biri də Dayandur Sevgindir. Bu kitabda toplanmış şeirlər mövzuca rəngarəngdir. Onun yaradıcılığının ən ümdə xüsusiyyətlərindən biri şeirlərinin xalq yaradıcılığından, şifahi poeziyamızdan gəlməsidir. Onun qoşmaları, gəraylıları, gözəlləmələri bu fikrimi təsdiq edə bilər. Yaradıcılığında vətənpərvər ruhlu şeirlər böyük yer tutur”.

Yazıçı Seyran Səxavət də D.Sevgin haqqında düşüncələrini bölüşüb: “Dayandur Sevgin şair həyatı yaşayan bir insandır. O, əsl söz adamıdır”.

Əməkdar artist Eldost Bayram D.Sevginin “Üçrəngli göy qurşağı” şeirini səsləndirib.

Nizami Muradlı D.Sevginin bir şair kimi, poetik yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu bildirib.

Şair Ramiz Məmmədzadə qeyd edib ki, kitabın dili çox sadə, axıcıdır, insan birnəfəsə oxuyub bitirir və bu da müəllifin istedadından xəbər verir.

Əməkdar artist Ağalar Bayramov şairin “Mən insandan qorxum, ya səndən, Allah?!” və “ Düşür” şeirini ifa edib.

Səxavət Talıblı, Süleyman Mustafaoğlu, Faiq İbrahimbəyli, Allahverdi Eminov, Fərqanə Mehdiyeva, Aləmzar Sadıqqızı, Məhəmməd Teymurlu, Narıngül Nadir, Nəcibə İlkin, Afət Viləşsoy, Balayar Sadiq, Şəfəq Sahibli, Murad Qoçuoğlu və başqaları da D.Sevginin yaradıcılığı, şəxsiyyəti və “Üçrəngli göy qurşağı” kitabı haqqında fikir söyləyiblər.

Tədbirdə Narıngül Nadir “Qafqaz Media İctimai Birliyi”nin D.Sevgini layiq gördüyü mükafatı da şairə təqdim edib.

Sonda Dayandur Sevgin tədbirdə iştirak edənlərə və çıxışçılara öz təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





17.06.2017    çap et  çap et