525.Az

Azərbaycan Dillər Universitetində yeni qaydalar müəyyənləşdirildi


 

REKTOR, AKADEMİK KAMAL ABDULLA: “PREZİDENTİN BU YÜKSƏK ETİMADINI DOĞRULTMAQ ÜÇÜN VAR GÜCÜMLƏ ÇALIŞACAĞAM”

Azərbaycan Dillər Universitetində yeni qaydalar müəyyənləşdirildi<b style="color:red"></b>

İyunun 1-dən etibarən Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin yaz imtahan sessiyasına başlanılıb.

İmtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə müvafiq əmr imzalanıb. Əmrə əsasən, fakültə dekanları və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunması, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İmtahanlararası müddət minimum iki gün, imtahanlara ayrılmış vaxt iki saat müəyyənləşdirilib. 

ADU-da İMTAHAN SESSİYASI MÜVAFİQ TƏLİMATA VƏ ƏSASNAMƏYƏ UYĞUN KEÇİRİLİR 

Azərbaycan Dillər Universitetində yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələr öz təklif və şikayətlərini istədikləri vaxt Operativ Qərargaha müraciət edə bilərlər.

Eyni zamanda, Azərbaycan Dillər Universitetinin 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Hər bir tələbə həmin qutuya yaxınlaşaraq adını da qeyd etmədən onu narahat edən bütün məsələlərlə bağlı təklif və şikayətini bildirə bilər.

Universitetdə imtahanlar şifahi və yazılı formada keçirilir. Şifahi formada keçirilən imtahan zamanı tələbələrə suallar bilet şəklində təqdim olunur. Tələbələr də şifahi formada biletdə olan sualları cavablandırırlar. Şifahi formada keçirilən imtahanın nəticələri elə həmin gün məlum olur. Yazı üsulla keçirilən imtahanın nəticələri isə 1-2 günə, yazı işlərinin yoxlanılması prosesi yekunlaşan kimi elan edilir.

İmtahan sessiyası Təhsil, Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Magistratura və doktorantura, Əlavə təhsil fakültələrində və SABAH qruplarında əyani və qiyabi şöbədə Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilir. İmtahanlar 2 növbəli: 10-dan 12-dək, 14:00-dan 16:00-dək keçirilir. Hər gün müxtəlif fakültələr üzrə 350-400 tələbə biliklərini sınayır. İmtahanların keçirildiyi müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Operativ Qərargah və Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən imtahanların şəffaf, obyektiv keçirilməsi üçün bütün müvafiq tədbirlər görülür. Tələbələrə biliklərini nümayiş etdirmələri üçün lazımi şərait yaradılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da obyektivlik təmin olunur. 

REKTORUN YENİ QAYDALARI 

İmtahanların yüksək səviyyədə təşkil olunması, obyektiv və şəffaf keçirilməsi məqsədilə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın müvafiq qərarı ilə ADU-da yeni qaydalar müəyyənləşdirilib. Rektorun qəbul etdiyi yeni qaydalara əsasən, imtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olur. İmtahan nəzarətçiləri otaqda gəzmir, tələbənin başının üstündə dayanmır, yerində oturur. Çöldə əlavə nəzarətçilər olmur. Hər imtahan otağında bir nəzarətçi olur və prosesə kənardan nəzarət edir.

Həqiqətən də imtahan nəzarətçilərinin otaqda gəzməsi, tələbənin başının üstündə dayanmasına ehtiyac yoxdur. Digər tərəfdən də bu cür hallar istər-istəməz tələbələrə psixoloji təsir edir və onların diqqətini yayındırır. Onlara göstərilən inamsızlıq tələbələri narahat edir. Tələbələr imtahan zalına daxil olmazdan əvvəl telefonları əllərindən alınır. Üzərlərində köməkçi vasitələrin olub-olmadığı ciddi şəkildə yoxlanılır. Buna görə də imtahan nəzarətçilərinin otaqda gəzməsinə ehtiyac yoxdur.

KÖNÜLLÜLƏRƏ TƏŞƏKKÜR

K.Abdulla deyib ki, imtahanlar zamanı ölkədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının könüllülərə olan 1000-ə yaxın Azərbaycan Dillər Universitetinin tələbələri üçün heç bir problem yaranmayacaq: “ IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi mühüm bir hadisədir. Bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artırdı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Ölkədə keçirilən beynəlxalq idman və mədəniyyət istiqamətli tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edən, Azərbaycan mədəniyyətini, Azərbaycan gəncliyini dünyaya tanıdan Azərbaycan Dillər Universitetinin 1000 nəfərdən çox könüllülərinə universitet adından və şəxsən öz adından təşəkkür edirəm. Bildirirəm ki, imtahan sessiyası zamanı IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri üçün heç bir problem yaranmayacaq”.

REKTORDAN TƏLƏBƏLƏRƏ DƏSTƏK

Yeni qaydalara görə, Apellyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılıb. 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunur. Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdirilir. Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildirmək imkanı verilir.

Kamal Abdulla qeyd edib ki, o, öz prinsiplərinə sadiqdir, “mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm”.

ADU-da KİTABXANA PUNKTU

Akademik bildirib ki, universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları gətirib verəcək: “Universitetin əsas binasında kitabxananın olmamasına təəssüf edirəm. Problemin həlli üçün ilk addım olaraq kitabxana punktunun yaradılması nəzərdə tutulub. Fikrimcə, hər bir tələbənin əlavə ədəbiyyat oxuması vacibdir. Dekanlar tələblərin ixtisasına uyğun 10 əsər müyyənləşdirməli, tələbələr isə bu əsərləri mütləq oxumalıdırlar, əsərləri oxumayan tələbələr imtahana buraxılmayacaq”.

ÖDƏNİŞSİZ YAY MƏKTƏBİ

Rektor, akademik borcu olan tələbələrin kəsrlərinin ödənməsi məqsədilə təşkil edilən yay məktəbinin ödənişsiz olması barədə göstəriş verib. Yay məktəbləri universitet tərəfindən tələbələrin kəsirlərinin verilməsi üçün keçirilir. Yay semestrinə nəzəri kurslar üçün vaxt ayrılır və sonda imtahanlar təşkil olunur. Fakültələrdə artıq fənlər tədris olunur. Kəsirə görə ödəniləcək məbləğ isə fənnin kreditindən asılıdır. Hər bir fənnin öz krediti olur.

Kamal Abdulla vurğulayıb ki, hər bir tələbənin ikinci xarici dil bilməsi vacibdir, zəruridir. Tələbələrin ikinci xarici dil öyrənməsi üçün üniversitet tərəfindən bütün zəruri tədbirlər görüləcək.

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ İLƏ BAĞLI KONKRET HƏDƏFLƏR

K. Abdulla qeyd edib ki, Azərbaycan Dillər Universitetinə rektor təyin etməklə prezident İlham Əliyev ona çox böyük etimad göstərib: “Bu etimada görə mən prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Prezidentin bu yüksək etimadını doğrultmaq üçün var gücüm ilə çalışacağam. Prezident İlham Əliyev hər sahədə olduğu kimi təhsil sahəsində də, xüsusən Azərbaycan Dillər Univeristeti ilə bağlı konkret hədəflər göstərib və bu hədəflərə çatmaq üçün universitetin hər bir tələbəsi də, hər bir əməkdaşı da əzmlə çalışmalıdır. ADU mənim üçün əziz yerdir. Mən uzun illər burada çalışmışam. Yenidən doğma kollektivə qayıtdığım üçün özünü xoşbəxt hiss edirəm”.

TƏLƏBƏLƏR ÜZLƏŞDİKLƏRİ PROBLEM QARŞISINDA TƏK OLMADIQLARINI HİSS EDƏCƏKLƏR

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyir ki, Kamal Abdullanın müəyyən etdiyi qaydalar tələbələrin fəaliyyətini stimullaşdıracaq və onların özünəinamını artıracaq. Yeni qaydalardan sonra artıq tələbələr üzləşdikləri problem qarşısında tək olmadıqlarını hiss edəcək və çətinliklərinin öhdəsindən daha tez gələcəklər: “Ola bilsin ki, yay məktəbinin ödənişsiz olması bəzi tələbələrdə semester imtahanları zamanı müəyyən rahatlıq hissi yaratsın ki, yay imtahanlarında iştirak edərəm. Bu baş verməsin deyə təlim prosesində tələbələrə ciddi nəzarət olmalıdır ki, onlar dərslərinə başdansovdu yanaşmasınlar”.

İstənilən halda Kamal Abdullanın bu addımı müsbət dəyərləndirdiyini vurğulayan professorun sözlərinə görə, bəzən obyektiv səbəblərdən semester imtahanlarında iştirak edə bilməyən, yaxud da dərslərinə hazırlaşmaq imkanı olmayan tələbələr artıq ciddi bir çətinliklə üzləşməyəcəklər: “Düşünürəm ki, digər universitetlər də bu təcrübədən istifadə etsələr, tələbələrin ruhlanması və dərslərinə bağlanması ilə nəticələnər. Bütün bunlar isə ümumilikdə tədrisin keyfiyyətinə müsbət təsir edər”.

S.QARAYEVA

 





17.06.2017    çap et  çap et