525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

ŞAYANİ-DİDDƏT BİR SƏFHƏDƏ 

Sovet Rusiyada cərəyan edən hadisələr şayani-diqqət bir səfhədədir. Tarixi hadisələr arasında müqayisə yapmaq maraqlısı olanlar bolşeviklərin bulunduğu bugünki hal ilə bundan bir buçuq əsr əvvəl Fransada Yakobinlərin yaşadıqları hal arasında böyük bir müşabihət buluyorlar.

Yakobinlərin keçirdikləri son günlərdə, Robespiyer terrorunun minlərcə qafa kəsdigi o dəhşətli zamanlarda Fransanın halı nə idisə, Robespiyer kibi dünki ixtilal arkadaşlarını bərtərəf etmək surətilə rəqibsiz hakimiyyətini tərəddüdsüz bir surətdə sürən diktator Stalinin idarəsindəki Rusiyanın halı da odur.

Robespiyer bütün Fransayı dəhşət altında tutaraq, az-çox istiqlal və protesto əsəri göstərən qafaları, Danton kibi ixtilal lideri dəxi daxil olduğu halda, istinasız bir surəttə, gilyotin altında qoyarkən, Stalin rejimi eyni əməliyyəyi bir az fərqli bir sistemlə icra etməkdədir. Ümumi terror bolşeviziyada heç bir zaman durmamaqla bərabər, son günlərdə bilxassə şiddət etməkdə pək məşkük ittihamlar üzərinə gah burada, gah orada koma-koma insanlar, çox kərə siyasətlə əlaqələri olmayan ixtisas əhilləri belə “ən yüksək cəzaya” çarpmaqda, yəni kurşuna düzülməkdədir.

Bu qanlı tədbir bilxassə stalinizmin Rusiya sənayesini 5 sənə əsnasında, hər nə bahaya olsa da kapitalist Avropa sənayesinə yetişdirmək kibi fantastik iqtisad planına qarşı gələn və yaxud bu plana inanmaq istəməyən ictimai siniflərlə ixtisas əhllərini qorxutmaq məqsədilə tətbiq olunuyor. Bolşevik firqəsi içərisindəki Dantonlara qarşı qullandığı tədbir isə Robespiyerdən fərqli olaraq bir rus qəzetəsinin təbirincə “quru gilyotin”dir. “Quru gilyotindən məqsəd firqənin, yəni diktatorun təsbit etdigi ana siyasətə qarşı müxalif vəziyyət alan ixtilal liderlərini öldürtmədən ölü bir hala gətirməkdir. Bu isə azərbaycanlı həcv şairinin sərf etdigi zərif bir təbirlə sadəcə “qırmızı dəftərçə”nin geri alınması surətilə hasil oluyor. Yəni müxalif lideri qurşuna düzəcəklərini sadə komunist firqəsi xaricinə atıyorlar. Bolşeviklər balıqsa, bolşevik firqəsi sudur. Bir balığı sudan çıxarmaq demək öldürmək demək degilmidir? Bolşevik firqəsi xaricində heç bir fəaliyyət əsəri göstərmənin qeyri mümkün olduğunu nəzərə alırsanız əzalıq biletini, dünki bir lider və rəis belə olsa, bir bolşevikin əlindən aldınızmı, bununla siz onu, digər sovet vətəndaşları kibi, hər dəqiqə “Çeka”nın qurşunlarını yeməgə məhkum zavallı bir burjua əksixtilalçısı və hər dürlü hüquqdan məhrum bir parəyə halına qoydunuz deməkdir”.

Firqə xaricindəkiləri qanlı terrora, daxilindəkiləri də “quru” metodu ilə fəlc bir hala gətirən stalinizm solda Trotskiçiləri, sağda da Buxarinləri susduraraq ən böyük ağırlığı köylü sinifi üzərinə düşən 5 sənəlik industirilizasyon siyasətini tətbiqə kor bir inadla israr ediyor.

Bu inad köylünün bir tərəfdən iqtisadi müqavimətini, kəndi ehtiyacından fəzlə əkin əkməkdən sərfi-nəzər etməsini, digər tərəfdən də siyasi müxalifətini köylərdə hər dürlü qaçaqçılıq və partizanlıq hərəkətlərinin çoxalmasına mucib oluyor.

Böyük bir məmləkətin iqtisadi üzviyyətindən ən mühüm bir qismində zühur edən bu arizənin təsiri ilə bittəbii vücudu təşkil edən bütün üzvülərdə bir ixtilacdır başlıyor. Köylər imtiyazsız, şəhərlər ərzaqsız qalıyor. Sovetlər ittihadında dünyanın heç bir tərəfində mövcud olmayan hallara şahid oluyoruz. Böyük şəhərlərdə, hərbi-ümumi əsnasında olduğu kibi, əhali zəruri qida maddələrini vəsiqələrlə və məhdud miqdarda almağa və bunun üçün saatlarla sıraya durmağa məcbur tutuluyor.

Əhalidəki bu iztirab istər-istəməz komunist firqəsi daxilinə, qızıl ordu üzərinə, hökumət hizmətində bulunan bir qisim münəvvər məmurlara təsir yapıyor. Zaman-zaman yapılan təqibat, icra olunan “təmizliklər”, pozğunçuluqla mücadilə namı altında yapılan edamlar həp bu müxalifəti susdurmaq üçündür.

Fəqət bihudə! Nə yapılsa da, terror Robespiyerligi mükəddər aqibətindən qurtarmadığı kibi, bu tədbirlər dəxi stalinçiligi qətiyyən qurtaramaz!

lll

Bolşevik rejimi, Rusiya daxilində icrayı hökm edən iki amildən bilistifadə iş başına gəlmiş və bu yolda yapdığı demağoji sayəsində iqtidar mövqeində tutunmuşdur. Bu amillərdən biri köylü, digəri də millətlər məsələsi idi. Leninizmin müvəffəqiyyətində böyük rola malik olan bu iki məsələ stalinizmin müvəffəqiyyətsizligində dəxi eyni dərəcədə müəssir olacaqdır. Köylü məsələsinin nə şəkildə olduğunu gördük. Milli məsələ dəxi eyni müxalif vəziyyətdədir. Zatən köylü müxalifəti qeyri rus vilayət və məmləkətlərdəki xüsusi şərait daxilində milli məsələylə müştərək getməkdə və bu iki məsələ yekdigərini təkmil etməkdədir.

Bolşevik firqəsi sadə köylü məsələsi üzərinə çıxan sapkıncılıqlarla degil, milliyyət məsələsində baş verən müxalifətlərlə də çarpışmaqdadır.

Soltan Əliyevə ətf olunub da marksizm ideolojisi üzərinə müstənəd “Turan Cümhuriyyəti” fikrinin komunistlər arasında yayılması - bütün təsənni və xəyaliliginə rəğmən - komunizm təsənni və xəyalına qarşı bir əksüləməl olmaq surətilə şayani-diqqət bir hadisədir. Milliyyətçilik fikrinin qüvvəti qarşısında kəndi məfkurəsinin sarsıldığını görən bolşevizm Sovetlər ittihadına daxil bulunan bütün cümhuriyyətlərdə milliyyətçiligə qarşı şiddətli surətdə mücadilə hökmünü vermişdir.

Bu hökmün Azərbaycan sahəsindəki təzahürləri əsib səfhələr ərz etməkdədir. Məgərsə bolşevizim inqilabının 12-ci il dönümündə belə məktəblərdə ədəbiyyat hələ milliyyətçi müsavatçıların “təxribkar” təsirindəymiş. İştə bu təsirin önünü almaq üçün mücadiləyə keçməli və milliyyətçilik məfkurəsinə aman verməməliymiş!..

Sənaye sahəsində əsil təqib etdikləri əsasdan gələn müvəffəqiyyətsizligi pərdələmək üçün məsum mütəxəssisləri kurban çəkən bolşevizm ədəbiyyat sahəsindəki məhrumiyyətsizligini qapamaq üçün də məsumlar arar. İşbu məsum rolunu bu dəfə möhtərəm şair Ə.Cavad bəyə gördürüyorlar. Bolşevik “münəqqidləri” zavallı şairi bolşevik istilasından daha əvvəl nəşr olunan bəzi şeirlərinin İstanbulda kəndindən xəbərsiz olduğuna baxmayaraq nəşr olunduğu üçün şiddətli hücumlara məruz tutuyor, sanki bolşevizm ideolojisi müvəffəqiyyətsizliginin bütün qəbahəti onda imiş kibi, kəndisini adəta parçalamaq istiyorlar!

Nəyə yarar! Bu kibi zorlamalarla həyat bolşevik axarına girməz! O artıq kəndi yolunu bulmuş, milli axarla gediyor və böyük bir nəhr halında istiqlal dənizinə töküləcəkdir. Bu selin önünü nə Bakıdakı ədəbiyyat təhdidi, nə də Salovkidəki zülmlərlə çıxılamaz!

Məhbus arkadaşlarına ən bəsit insan müamiləsini tətbiq etdirmək üçün Mir Əbdülqani kibi can fəda qəhrəmanlara malik bulunan bir nəsil mövcud ikən nə nəfyilər, nə həbslər, nə işkəncələr, nə də edamlar Azərbaycan xalqına mükəddər istiqlal qayəsinin təhəqqüqü önünə keçəməz!

İştə qızıl rus istibdadının keçirdigi şayani-diqqət səfhənin bizə verdigi böyük ümidi!..

“Odlu-Yurd”, dekabr 1929, № 10

Səfhə - üz, sifət, dövr
Müşabihət - bənzərlik, oxşarlıq
Məşkük - şübhəli
Parə - hissə, tikə
Fəlc - iflic
Arizə - əngəl, ilişik
İxtilac - titrəmə, qıcolma
İttihad - ittifaq
Müstənd - istinad edilən
Təsənni - bir il atlama
Nəfyi - sürgün
Mükəddər - kədərlənmiş 

İmzasız verilmiş bu baş məqalənin müəllifi bizcə, qəzetin baş mühərriri M.Ə.Rəsulzadədir - Ş.H.

QAFQAZ MƏSƏLƏSİ AMERİKA ƏYAN MƏCLİSİNDƏ (SENAT) 

Müttəhid Amerika Cümhuriyyəti Əyan Məclisi xariciyyə əncüməni əzasından mister Kopeland tərəfindən məzkur əncümənə verilərək, qanun layihələrinin mütaliəsinə məxsus üsul mövcibincə, iki dəfə baxıldıqdan sonra, məzkur əncümən tərəfindən qəbul olunan layihəyi-qanuniyyə (bill) Əyan Məclisinin müzakirəsinə sövq edilmişdir. İdarəxanəmizə göndərilən bu mühüm layihənin 23.IV.1929 tarixli ingiliscə rəsmi mətnindən yapdırdığımız tərcüməsini dərc ediyoruz.

Gürcüstan, Azərbaycan və Şimali Qafqasiya Milli Cümhuriyyətlərindən mürəkkəb Qafqasiya Cümhuriyyətləri nəzdində diplomatik müməssil təyinini təmin edən

Qanun layihəsi

Daima məruz qaldığı təcavüzlərə və sıx-sıx vüqu bulan yabançı istilalara rəğmən, kəndi qanunlarını, ictimai müəssisələrini, lisanını, irqi xüsusiyyətini və müstəqil mövcudiyyətini mühafizə edə bilən Gürcüstan krallığının, IV əsrdən tutaraq bu günə qədər xristian əhali tərəfindən iskan etdigini;

Bu krallığın sonra əsri müqtəzəyata müvafiq olaraq, qanuni-əsası 26 mayıs 1918-də təsbit olunan milli Gürcüstan Cümhuriyyətinə təbdili keyfiyyətini;

1920 sənəsində Rus hökuməti tərəfindən dəxi rəsmən təsdiq edilmiş ikən əhdşikanə bir surətdə, eyni hökumət tərəfindən istilaya məruz qalaraq, ərazisi işğal olunan bu Cümhuriyyət hökumətinin kəndi fəaliyyətini başda Tiflisdən Batuma, oradan da Fransaya nəql etmək (ki məmurları şimdiki halda oradadırlar) məcburiyyətində qaldığını;

Milli Azərbaycan Cümhuriyyətilə Şimali Qafqasiya Cümhuriyyətlərinin də buna bənzər hal və eyni şəraiti haiz fəlakət içərisində bulunduqlarını;

Rusiya tərəfindən vüqu bulan bu haqsız hərəkatın Müttəhid Cümhuriyyətlər hökuməti tərəfindən təsvib edilməyəcəyi əmniyyəsilə, bu cümhuriyyətlərə qarşı bəsləyəcəgi hüsni-təvəccöhü nəzərə alaraq Rəisi-Cümhurun münasib gördügü bir zamanda Gürcüstan, Azərbaycan və Şimali Qafqasiya Cümhuriyyətləri nəzdində təyin edəcəgi diplomatik müməssilin icab edəcəgi məsarif icrasına məzuniyyət verilməsi üçün işbu layihənin qanuniləşdirilməsi Müttəhid Amerika Dövlətləri Məbusan və Əyanından Mürəkkəb Konqreyə təklif olunuyor.

“Odlu-Yurd”, temmuz (iyul) 1929, № 5

İskan - məskən
Müqtəzəyat - lazımi, vacib qanun
Əhdşikən - əhdini pozan 

TROTSKİ İSTANBULDA 

Əvət, o, Leninlə bərabər cahan tarixində əmsalı yox qanlı bir diktatorluğun əvvəlcə nəzəriyyatını yapan, sonra da iqtidar və hakimiyyətin baş dondurucu şəhiqələrinə çıxaraq, o müdhiş nəzəriyyənin qanlı tətbiqatını doğmatik bir inad və xüşumətlə icra edən Trotski bu gün İstanbuldadır.

Trotski, İstanbula kəndi ixtiyarı ilə gəlmiş degildir. “Jurnal” qəzetəsində nəşr olunan bir yazısına görə İstanbula çıxar-çıxmaz Qazi P.H.-nə göndərdigi bir məktubla qeyd etdigi vəchi ilə o buraya sürgün bir vəziyyətdə gəlmişdir.

Bir an əvvəl dışarıya çıxarılan Trotski İstanbulda müvəqqəti bir müsafir vəziyyətindədir. O buradan “dilini bildigi və kəndisini tanıdığı” bir məmləkətə getmək üçün viza istəməklə məşğuldur. Almaniyaya getməyi bilxassə arzu ediyorsa da viza alamamışdır. Çexoslovakiya, Vyana kibi yerlərə gedəcəyi ehtimallarından da bəhs olunmaqdadır.

Trotski “tanıdığı və lisanını bildigi” məmləkətlərdən birində yerləşmək imkanını bulacaqmıdır? Bu əlbəttə ikinci dərəcədə bir məsələdir. Şübhəsiz, şu və ya bu şəkildə olsa da, kəndi təbirincə, bir dəfə İspaniyadan, ikinci dəfə Avstriyadan, üçüncü dəfə də Rusiyadan sürülməkdə olan bu adam əlbəttə genə dünyanın bir köşəsində barınacaq bir yer bulur. Şu sırada, bizcə şayani-qeyd olan məsələ həyatın müxtəlif səfhələrini yaşamış, dünyanın sıcağını-soyuğunu görmüş, ixtilal yolunun yoxuş-enişlərini çıxmış-enmiş və hala da “ixtilal, sovet və marksizm prinsiplərinə sadiq qaldığından bəhs edən bu adamın iləridə nə yapıb-yapmayacağı degil, əsil mühüm olan Rusiyadakı “rejimin” onu hüdud xarici etməsidir.

Milli Azərbaycan nəşriyyatını təqib edən oxucularımız komunist firqəsi içərisində, daha Leninin vəfatından sonra başlayan müthiş bir çəkişmənin şiddətlə davam etdigini biliyorlar. Köylü dəryası içərisində sosializm cəmiyyəti təsisinə qalxışan xəyalçıların başa qədər müttəhid qalacaqları qabil degildir, bütün ixtilal və diktatorlar tarixində görüldügü kibi bunlar da hizbilərə biri-birinin qafasını yeyəcəklərdi. Bu dəfə də öylə oldu. Trotski sözdə komunizm diktatorluğu prinsiplərini bütün safiyyətilə müdafiə edərək iştə firqə daxilində demokrasi əsaslarının tətbiqini tələb etdi. Buna müqabil firqə makinasını əlinə alan Stalin isə Lenin zamanında liderin, daha ziyadə mənəvi nüfuzu ilə ayaqda duran diktatorluğu bürokrat təşkilatı ilə təmin edərək, həddi-zatında komunist müxalifi ictimai zümrələrə qarşı idareyi məsləhət yolunu tutdu. Qələbə Rusiya şəraiti daxilində daha real taktit təmsil edən Stalin tərəfində qaldı. Komunist ixtilalının 10-cu ildönümündə firqənin ikiyə ayrıldığı olmuş bir iş idi. Başda Trotski, Zinovyev, Radek və Kamenev kibi liderlər olmaq üzrə bir çox trotskiçilər firqədən tərd olunmuş və uzaq vilayətlərə sürülmüşlərdi. Bir az sonra Zinovyev, Radek və sairləri təkrar Stalinə iltica edərək vəziyyətlərilə barışmış ikən, Trotski qənaətlərində israr eyləmiş və bundan dolayı Qazaxıstanın mərkəzi Almaataya sürülmüşdü. Trotski Almaatada rahat durmamış və təfsilatı qismən “Beynəlmiləl həyatdan” qismimizdə yazılan hadisələr nəticəsində Moskvaya gətirilərək, bir daha siyasətlə iştiğal etməyəcəgi haqqında kəndisindən qəti surətdə tələb olunmuş və rədd cavabı verincə hüdud xaricinə çıxarılması qərarlaşdırılmışdır.

Vaxtilə kəndisinin də sərf etdigi şeytani fəaliyyət nəticəsində qurulan istibdad rejimi üzündən məmləkətlərini tərk etmək iztirarında qalan siyasi mühacirlər qafiləsinə şimdi artıq Trotski kəndisi də qovuşmuş bulunuyor.

Leninlə bərabər Trotski əmələ diktatorluğunun teorisini yapmış və bu teoriyə görə demokrasiyi və onun əsasını təşkil edən bütün hürriyyətləri inkar eyləmişdi. Şimdi isə bu teorinin tətbiq olunduğu “ideal” məmləkətdən qovulan bu “teoretik” iqtidarda ikən üzünə tüpürdügü demokrasi məmləkətlərində kəndisinə bir məlcə aramaqla məşğuldur.

“Əmələ hakimiyyəti” naminə idarə olunan bir “Vətən”in müxalif olsa da, ən böyük vətəndaşını təşkil edən bu məğzub rəculun yaşayacağı ruhi-halətini bir kərə düşününüz! Onun tərəfdarları Puankaranın məmləkətində, Hiddenburqun Cümhuriyyətində, kral Jorjun səltənətində böyük bir hürriyyətlə çalışa bildikləri yazı, söz və təşkilat hürriyyətindən, parlamanlarda xitabət kürsüsünü işğal edəcək dərəcədə, istifadə edə bildikləri halda, onunla tərəfdarları Sovet Rusiyada sadə yaşamaq haqqına belə malik degildirlər.

Trotski sürgün! - İştə sovet diktatorluğu ilə demokrasi sistemi arasındakı fərqi görmək istəyənlərin qafasına dank edən bir hadisə!

Ötədə, hətta eyni firqənin bir az fərqli düşünən kəndi cinsindən siyasilərə qarşı mücadilə metodu edam, həbs, nəfyi və hüdud xaricinə sürməkdən ibarət ikən, bəridə iki yekdigərini inkar edən müxtəlif rejimləri müdafiə edən daban-dabana zid olan məfkurə adamlarının bir arada yaşaması və sərbəstcə fikir mücadiləsində bulunmaları mümkün. O dərəcədə ki, müasir mədəniyyəti ta kökündən yıxmaq istəyən mücərrəb ixtilalçılara belə mültəcilik haqqı mövcuddur.

Sosialist bir rus qəzetəsinin qeyd etdigi vəchlə bu hadisənin eyni zamanda “əski Rusiya kibi, yeni Rusiyanın da üz qarası” olduğu mühəqqəqdir.

Çar Rusiyası kibi, ixtilal Rusiyasında da idarə metodu qırbac və təhəkkümdən ibarətdir.

Bu “üz qarası”nın üçüncü bir mənası da vardır ki, o bizə kəndi-kəndini yeməkdə olan qızıl rejimin çökmək üzrə bulunduğunu bildirməsidir.

Stalin Trotskinin təmsil etdigi sol cərəyanı təpələmişsə də, bununla o sağdakı Kalinin-Rıkov cərəyanını zimnən qüvvətləndirmişdir. Trotski bütün idealistliginə rəğmən Stalin ilə mücadiləsində istinadsız idi, çünki müdafiə etdigi əsaslar inkişaf etməkdə olan ictimai qüvvələrlə müxalifət halında idilər. Sağ cərəyan isə biləks müdafiə etdigi əsasların daha həyati olması ilə qüvvətlidir.

Qeyri-həyati bir cərəyanı təmsil edən trotskizmi, liderinin bütün əhatə və etibarına rəğmən, məğlub edən stalinizmin o qədər mərub bir liderə malik olmasa da, daha həyati ümdələri müdafiə edən sağ cinah qarşısında dura biləcəgi şübhəsizdir.

M.E. (Məhəmməd Emin)

“Odlu-Yurd”, mart 1929, № 1 

Şəhiqə - zirvə
Xüşumət - sərtlik
Safiyyət - saflıq, təmizlik
İxtirar - məcburiyyət
Məlcə - sığınacaq yer
Məğzub - qəzəbə gəlmiş
Rəcül - kişi
Mücərrəb - sınanmış
Zimnən - bununla belə 

BOLŞEVİKLƏR VƏ DAŞNAKLAR 

Azərbaycan istiqlal hərbinin tarixi, bilxassə əskəri tarixi, daha yazılmamışdır. Bakıda 1918 sənəsi martında vaqe olan qanlı hadisələr, elani-istiqlal, bolşevik-daşnak əlində olan Bakının istixlası üçün davam edən 6 aylıq qanlı və şanlı hərb - 1918 sənəsi tarixini dolduran mühüm hadisələrdir. Bu dövrün işbu mühüm hadisələrini tənvir edəcək bitərəf hər mühərrir, qeyri-ixtiyari olaraq, Azərbaycan və Qafqasiyadan xaricə çıxaraq, Peterburq, Moskva, İstanbul, Berlin və London arxivlərilə daşnaksütyun firqəsi övraqını dəxi araşdırmaq məcburiyytində qalacaqdır. On minlərlə azəri türkünün şəhadətilə nəticələnən o müəssif mart faciəsi nədən oldu? Azərbaycanın yardımına qoşan qəhrəman Türk ordusuna o zaman almanlar nədən mane oldular? Brest-Litovsk müahidəsinə zeyl olaraq Almaniyanın bolşeviklərlə Bakı haqqında əqd etdikləri anlaşma ilə türk ordusunun yürüşünə olan maneənin arasındakı əlaqə nədən ibarətdi? Daşnak firqəsinin ingilisləri Bakıya gətirməkdə və 1918 sənəsi Bakı bolşevik hökumətini yıxmaqdakı rolları nə dərəcədə idi? Bu yeni şərait Türkiyə ilə almanların münasibətinə nasıl təsir etdi? Bakıya ingilislərin gəlməsi, Sovet hökumətinin süqutu, Brest müahidəsi ilə əlavə anlaşmasının suya düşməsi, türklərin Bakı üzərinə qəti bir təərrüzə keçmələrinə başlıca bir səbəb təşkil etdigini iləri sürən bolşeviklər bunda daşnak partisini məsul tutuyorlar. Bolşeviklərcə, əgər daşnak partisi Bakı komunasını yıxaraq ingilisləri İrandan Bakıya çağırmasaydı, türklər Almaniyanın təzyiqi altında Bakıdan vaz keçəcək, Brest müahidəsinə əlavə anlaşma ilə təyin edilən “Bakısız Azərbaycanla” iqtifa etmək məcburiyyətində qalacaqlardı. Daşnaq partisi ingilislərin yardımına inanaraqmı bu yola getdi? Yoxsa Bakı üzərinə gələn Türk-Azərbaycan ordusu qərargahında bulunan və Bakı ermənilərini təslimə dəvət edən Tiflis və Erivan daşnaklarının 2 müməssillərinin əmrləri iləmi hərəkət etmişlərdi? Bolşeviklər bu məsələnin həllində mütərəddiddirlər. Çünki - bolşeviklərcə - ingilislərin Bakını türklərdən mühafizə etmiyəcəkləri bəlli idi. Onlar - ingilislər - yalnız bir manevra yapmaq və türklərə Bakıya girmək imkanını verməklə - Bakı petrol sahəsini alman - bolşevik əlindən çıxartmaq istiyordu.

Bolşeviklər - bu nöqteyi-nəzərdən daşnakları xain elan ediyor, onları Bakı komunasının yıxılmasında və Bakının bilaxirə “Müsavat” əlinə keçməsində ittiham ediyorlar.

Daşnak partisi isə kəndisini müdafiə ediyor, biləks 1918 sənəsində Bakının bolşevikər əlinə keçməsini kəndi əsərləri ədd ediyorlar. Parisdə intişar edən “Ayrenik” məcmuəsində “Şatiryan” və “Məlik-Yolçuyan” 1918 sənəsi hadisələri ilə bolşeviklərin süqutunu da Bakı komunistlərinin cəhalətlərinə ətf ediyorlar.

Daşnakların yazdıqlarına görə: 1918 sənəsində bolşeviklərdən başqa son dərəcə mühüm rol oynayan iki siyasi parti dəxi vardı ki, bunlardan biri “Müsavat”, digəri “daşnaksütyun” idi. Bütün Azərbaycan türkləri “Müsavat” arxasında, bilümum ermənilər də “daşnaksütyun” ətrafında birləşmişlərdi. Daşnaklar rus-bolşevik inqilabını müdafiə ediyor, “Müsavat” isə Türkiyənin yardımı ilə milli bir cümhuriyyət ümidilə Sovet rejiminə düşmən idi. “Müsavat” partisi eyni zamanda Bakıda toplanıb qalmış olan erməni əskəri qüvvətlərinə vətənlərinə getmək üçün müsaidə etmiyordu. Bu hərəkət erməniləri qızdırıyordu. Və bunun nəticəsi idi ki, erməni əskərləri bilaxirə Bakı vətəndaş müharibəsində iştirak etdilər... Və Sovet hakimiyyətinin təşəkkülünə səbəb oldular.

Məlik-Yolçuyan diyor ki:

Stepan Şaumyan Bakıya gəldigi zaman bütün siyasi firqələri əl-ələ verərək koalisyon üsul ilə çalışan gördü.

Fanatik bir komunist və Leninin kor bir tərəfdarı olan Şaumyan o saat pozğunçu fəaliyyətinə başladı və kəndisinə hakim bir vəziyyət qazanmaq üçün Bakı demokratisini parçalamağa qoyuldu. Kəndi firqəsi içərisində o mücadiləyə girişdi. Komunizmin tətbiqi üçün Bakıda hakimiyyəti ələ almaq lazım gəldigini kəndi arkadaşlarını inanrıdmağa başladı. Şaumyan Azərbaycan, erməni və s. kibi Milli Şuraların böyük əleyhdarı idi. Bakıda o zaman böyük miqdarda silah və əskəri ləvazimat var idi ki, Tiflisdən verilən əmr mövcibincə 2-ci erməni alayı təşkil edilmək üçün, erməni Milli Şurasına təslim olunmalı idi. Türklərlə ermənilər bu xüsusda anlaşmış olduqları halda Bakı icraiyyəsi buna mane oldu. Erməni və türk milli şuraları, bir tərəfdən: Şatriyan, Ter-Mikaelyan, Manadiyan, Məlik-Şahnəzəryan və Yevanğulyan, digər tərəfdən Behbud Xan Cavanşir, Əsədullayev, Səfərəliyev, Ağa Aşurov və doktor Rəfiyev olmaq üzrə 26 şubat (fevral) 1918-də Gəncəyə bir heyət göndərmişdi. Bu heyət Gəncədə ermənilərlə türklər arasındakı ixtilafı bərtərəf edəcək, Tiflisdən gələn Maxaradze və Saakyanın dəxi iştirakilə məzkur heyət iki millətin arasını bulmuş və erməniləri, əllərində olan təslihatın bir qismini türklərə verməyə razı etmişdi, eyni zamanda ermənilərin əlində qalan silah müqabilində Tiflis hökuməti Gəncə türklərinə 5000 tüfəng göndərməyi vəd etdi. Bu surətlə gərək Bakıda, gərəksə Gəncədə erməni və türk alayları təşkilinə şuru olundu.

Bakı Soveti ibtidada milli alayların təşkilinə əleyhdar degildi. Fəqət qızıl ordunun əskəri inqilab şurası Bakıya gəlincə işlər dəgişdi. Bakı bolşevikləri milli alayların təşkilinə mane olaraq internasyonal qızıl ordu təşkilinə başladı. Bu yeni kurs “Müsavat” firqəsinin üsyanı ilə pozulmağa məhkum oldu...

Daşnak mühərrirləri iştə burada demoğojiyə başlıyorlar... Bolşeviklərin milli hərəkatı öldürmək üçün var qüvvətlərilə çalışdıqlarını etiraf edən daşnaklar, bu anti-nasyonalist bolşevik hərəkətinin Azərbaycan paytaxtında bilxassə azərilərə qarşı, mütəvəcceh olacağı təbii ikən, hadisatın ibtidasına “Müsavatın inqilab əleyhində üsyanı” ünvanını veriyorlar. Və bu mücadilə zamanı erməni əskəri hissələrinin bolşeviklər tərəfində azəri millətçilərinə qarşı vuruşmalarına “qəhrəmananə hərəkət” sifətini taxıyorlar. Daşnak mühərrirlərinin “Amazasp”ın yaratdığı vəhşətlərə “inqilab yolunda qəhrəmanlığın son payəsi” adını verməklə bolşeviklərin “mərhəmətlərinə” nail olmaq istəmələri əks bir nəticə veriyor.

A.Karinyanın “Zarya Vostoka” (№ 68, № 70) qəzetəsində verdigi cavablar Paris daşnaklarını heç də məmnun edəcək cavablar degildir.

Karinyan üç an qeyd ediyor:

1 - Mart hadisəsi başlarkən ermənilərin pozisyonu,

2 - Hadisə və Bakının müdafiəsi zamanı ilə

3 - Bakının süqutunda ermənilərin rolu.

Bolşevik mühərririnin fikrinə görə: Bakıda vətəndaş hərbi çıxdığı zaman qüvvətli bir erməni burjuası, erməni kapitalı və bu siniflərin qulu olan erməni münəvvərləri vardı. Müsavat hərəkatı onları qorqutuyordu. Vətəndaş hərbi zamanı Bakı ətrafının “Müsətizə” edilməsi təhlükəsi bilxassə erməni kapitalistlərini əlaqədar etdigindən, hadisatda iştirak etdilər və fürsətdən bilistifadə Bakıya sahib olmaq istədilər. Bunun üçün idi ki, “Müsavat”ın məğlubiyyətindən sonra ingilis əlilə bolşeviklərin də yığılmasına çalışdılar. Fəqət bolşeviklərlə bərabər kəndilərini də yaqdılar.

Bakı mart hadisəsində daşnakların inqilabı müdafiə etmələri də doğru degilmiş. Hadisə çıxdığı zaman Bakı erməni Milli Şurası ilə daşnak komitəsi bitərəf qalmağı qərara almış, bu qırarını bolşeviklərə, “Müsavat”a və erməni əskəri hissələrinə dəxi bildirmişlərdi. Fəqət erməni ordu hissəsi və erməni kütləsi kəndi kəndiligində (?) hadisatda iştiraka başlamışdı. Erməni xalqı üzərindəki nüfuzunu qeyb etməmək üçün daşnak komitəsi bilaxirə hərəkatın başına keçmiş və “türk xalqı üzərində yapılan misli görülməmiş vəhşiliklərdə” iştirak etmişdi.

Karinyan Amazasp idarəsində olan erməni hissələrinin Şamaxıda və sair yerlərdə yapdığı qətliamı, yağmagərliyi və türklərlə ilk toquşmadan sonra cəbhəyi buraxaraq firarə başlamalarını təsvir etdikdən sonra Tiflis daşnakları tərəfindən M.A.-va imzası ilə gələn və Bakı ermənilərinin bitərəf qalmasını tövsiyə edən məktubunu Amazasp tərəfindən komanda heyəti müzakirəsinə qoyulduğunu, eyni zamanda digər bir daşnak heyətinin Ənzəlidə ingilis əskəri qüvvələri rəisi Danstervill ilə müzakirədə bulunduğunu zikr edərək diyor ki:

“Cəbhənin dağılmasına səbəb daşnak partisi olduğu kibi, Sovet hökumətinin yıxılmasına, Bakı komunistlərinin məhv olmasına və ingilislərin Bakıya gəlmələrinə səbəb də onlar oldu. Daşnaklar digər partilər ilə bərabər, Bakıda ingilislərin gəlməsi üçün bolşevikləri yıxdılar cəbhəyi pozdular, casusluq yaparaq Şaumyan, Caparidze, Əzizbəyov, Zevin və s. komunistlərin imha edilməsinə yardım etdilər. İngilislərin Bakıya gəlməsini Məlik-Yolçuyanın da iştirak etdigi yeni hökumətdə, təntənəli bir surətdə təsis eylədilər və Bakının süqutunu yaklaştırdılar...”

Karinyan əlavə ediyor ki:

“Daşnak və erməni kapitalistləri şimdi də “sol” və ya “məsai fraksiyonu yaratmaqla bizə (bolşeviklərə) yaklaşmaq və 1918 sənəsi rollarını yenidən oynamaq istəməkdən uzaq degillərdir...”

Məlik-Yolçuyanın təcrübələrini təkrar etmək erməni millətindən ötrü nə qədər faydalı nəticələr verə bilir?

Bizcə Məlik-Yolçuyanlar hər şeydən əvvəl bunu düşünməli və 1918 ilə 1929 sənəsini müqayisə etməlidirlər...

Mirzə Bala
”Odlu-Yurd”, Temmuz (iyul) 1929, № 5

Tənvir - işıqlandırma
Övraq - vərəqlər
Zeyl - qeyd, şərh
Firar - qaçma
İqtifa - ardına düşmə, təqib etmə
Mütəvəcceh - yönələn, istiqamətlənən
Payə - rütbə

(Ardı var)

 





19.06.2017    çap et  çap et