525.Az

Şair ömrü - su kimi...


 

Unudulmaz Taleh Həmidin anadan olmasının 65 illiyinə

Şair ömrü - <b style="color:red">su kimi...</b>

... Son vaxtlar bir kitabın nəşrini səbirsizliklə gözləyirdi. O kitabda gedəcək şeirlərin çoxunu əzbər bilir, hərdən bəzilərini dost məclislərində söyləyirdi də...

Amma o kitabı görmədi...

Bir çox arzuları kimi, dünyadan vaxtsız köçən qardaşı Malikin poetik duyğularının misralandığı ikinci kitabın nəşrini görmək arzusuna da çatmadı Taleh Həmid...

Talehlə Malik Şəmkirin Dəllər-Cəyir kəndində, Həmid Babayevin ailəsində dünyaya göz açmışdılar. Şairlik istedadı bu qardaşlara da, elə sonbeşik Eyvaza da Dəllək Həmid imzasıyla şeirlər yazan atalarından keçmişdi.

Talehlə Malik arasında yaş fərqi var idi, amma bu fərq o qədər də hiss olunmurdu. Çünki onlar tay-tuş kimi davranırdılar. Malikin şirin-duzlu lətifələrinə qulaq asanda Taleh uğunub gedərdi. Malikin şeirlərini də eyni həvəslə, eyni şövqlə dinləməkdən ləzzət alardı. Malikin “Bağışla məni” adlı ilk şeirlər kitabı 1996-cı ildə nəşr olunanda ondan daha çox Taleh sevinmişdi. Son vaxtlar Malikin ikinci kitabını nəşrə hazırlayırdı. Dəfələrlə götür-qoy edirdi, seçirdi, səliqəyə salırdı. Amma heç ağlına da gəlməzdi ki, birdən ömür vəfa eləməz...

Eləmədi də...

Taleh Malikin yeni kitabını görmədən köçdü dünyadan. Amma onun əzizləri, yaxınları, xüsusən, həyat yoldaşı İradə xanım şairin bu arzusunu ölümündən sonra gerçəkləşdirə bildi. Ən azı, təsəlli üçün... O dünyada hər ikisi rahatlıq tapsın deyə...

Tapdılarmı? Bilmirəm. Amma onu bilirəm ki, əzizləri bu xəbərdən bir az təsəlli tapdılar, rahatlıq qazandılar ki, Talehin bir arzusu da çin oldu. Ölümündən sonra olsa belə...

Yaşasaydı, bu günlərdə Taleh Həmidin 65 yaşı olacaqdı.  Onun poeziyasını, şəxsiyyətini sevənlər, xatirəsini uca tutanlar bu əlamətdar tarixi qeyd etməyə hazırlaşırlar. Doğulub boya başa çatdığı Şəmkirdə, ömrünün acılı-şirinli günlərini keçirdiyi Bakıda xatırlayacaqlar istedadlı şairi. Amma onsuz...

Yaşasaydı 65 yaşı olacaqdı. Yaşaya bilmədi. Amansız ölüm onu ötən ilin bir yağışlı payız gecəsi yatdığı yerdə yaxaladı. Və şair əlvida dedi bu dünyaya:

Atlandım atım yatdı,
Qurulu taxtım yatdı.
Mən durdum bəxtim yatdı,
Dünya, sənə əlvida!

Əlvida dedi... amma etiraf edək ki, sözü olan, sənəti olan, şeiri-şeiriyyatı olan şair dünyayla heç vaxt vidalaşmır. Onun şeirləri yaşayırsa, şeirləri oxunursa, deməli, əlvida demək tezdir. Taleh məhz bu gün də yaşayan şairlərdəndir. Çünki onun şeirləri yaşayır. Şeirlərinə bəstələnmiş mahnılar yaşayır. Və o şeirlər şairi yaşadır, özü bu dünyada olmasa da...

Elə qardaşı Malikin ikinci şeirlər kitabını da bu niyyətlə çap etdirmək istəyirdi. Malik unudulmasın, yaşasın deyə. Talehin 65 illiyi ərəfəsində Malik Həmidin “Xatırlayarsan məni” adlı ikinci kitabı da işıq üzü gördü. Burda Malik Həmidin seçmə şeirləri toplanıb. O şeirlər ki, onu yaşadır, sevdirir...

Talehlə Malik təkcə qardaş deyildilər. Talehlə Malik həm də yaxın dost və sirdaş idilər. Ona görə də  Malikin 40 yaşında bu dünyaya əlvida deməsi onu yandırıb-yaxırdı. Düz 1 il sonra - 2016-cı ilin yağışlı bir payız axşamı Taleh də Malikin yanına köçdü. Qəbirləri yan-yana qazıldı... 

Amma bu dünyadan səssiz-səmirsiz köçdüyü o yağışlı payız axşamına qədər Taleh Həmid həyat eşqi ilə yaşayırdı. Hərdən səhhətində yaranan problemlər də onu ruhdan salmırdı. Yazmaq, yaratmaq həvəsi ilə yaşayırdı. Çünki Taleh Həmid bu dünyaya yazmaq üçün, yaratmaq üçün gəlmişdi. Lirik şeirləri, poemaları ilə ürəkləri sağlığında fəth eləmişdi.

Taleh Həmid maraqlı müşahidələri, gözəl təbi, zəngin potensialı olan yazıçı idi, istedadlı publisist, zamanı, gündəmi duyan böyük jurnalist idi. Ən başlıcası isə gözəl təşkilatçı və bacarıqlı redaktor idi. Müxtəlif illərdə onunla birlikdə işlədiyim üçün redaktor keyfiyyətləri haqqında deməyə sözüm daha çoxdur.

Taleh Həmid uzun illər “Ulduz” jurnalında çalışandan sonra 1989-cu ilin bir yay günündə Dövlətnəşrkomun təsis etdiyi “Yeni fikir” qəzetinə redaktor təyin olunmuşdu. Həmyerli olsaq da, şəxsi tanışlığımız yox idi və Taleh məhz onda məni axtarıb tapmışdı. Çalışdığım Azərbaycan Dövlət Nəşriyyatına gəlib işə dəvət etmişdi. Onda hələ sovet dövrü idi. Onda indiki kimi demokratiya və azadlıq yox idi. “Yeni fikir” qəzetinə işçiləri də Dövlətnəşrkom özü seçib göndərə bilərdi. Amma Taleh belə təyinatı qəbul edən redaktorlardan deyildi. Ona görə işçiləri, necə deyərlər, qapı-qapı düşüb özü seçirdi. Çünki necə qəzet buraxmaq istədiyini artıq bilirdi və bu qəzetdə çalışan adamlar da onun ürəyincə, onun meyarlarına uyğun olmalı idi. Şəxsi tanışlığımız belə başlamışdı.

Redaksiyada ab-hava da ilk gündən demokratik və azad idi. Kim hansı mövzuda yazmaq istəsəydi, etiraz etməzdi. Təki yaxşı yazı olsun. Bu fikirlərim bəlkə də kiməsə, xüsusən, gənc jurnalistlərə qəribə gələ bilər: redaksiyada başqa necə ola bilər? Belə düşünənlərə xatırladıram ki, onda hələ 1989-cu il idi və sovet qanunları işləyirdi. Bu qanunların qəzet redaksiyalarında xüsusi sərt tələbləri var idi. Amma Taleh Həmidin də redaktor kimi öz qaydaları vardı. Oxunaqlı qəzet, əl-əl gəzəcək yazı çap etdirmək... (Həmin 1989-cu ildə yaxşı yazının əl-əl gəzən vaxtları var idi!).

Və belə yazılar da tapılırdı. Məsələn, ulu öndər Heydər Əliyevin “Teatralnaya jizn” jurnalıda dərc edilmiş məşhur müsahibəsini Azərbaycanda təkrar çap etməyə bir redaktorun cəsarəti çatmayanda bu müsahibə “Yeni fikir”də işıq üzü görmüşdü. Rəhmətlik Əjdər Xanbabayevin təşəbbüsü və Taleh Həmidin redaktor cəsarəti sayəsində... Təbii ki, bu, ilk növbədə, Azərbaycanın taleyində önəmli rol oynayan dahi şəxsiyyətə hörmət və ehtiramın ifadəsi idi. Lakin  Taleh Həmid həm də öz oxucusunun marağını düşünürdü, bilirdi ki, hakimiyyətdəkilər ulu öndərin ictimaiyyətlə təmaslarına, müsahibə və görüşlərinə, yumşaq desək,  qısqanc yanaşsalar da, cəmiyyətdə ona olan böyük rəğbət və sevgi bu müsahibəyə geniş oxucu auditoriyası qazandıracaq. Və elə də oldu. Həmin müsahibə əl-əl gəzdi. O vaxt yüksək vəzifədə işləyən bir dostumuz sonralar danışırdı ki, Mərkəzi Komitədə “Yeni fikir”in həmin nömrəsi stolların siyirməsində oxunurmuş. Hamı qəzeti stolunun siyirməsinə qoyub oxuyurmuş ki, içəri girən olanda siyirməni bağlaya bilsin...

Yadımdadır, indi haqq dünyasında olan şair dostumuz Tofiq Abdinin 50 yaşının tamam olması ilə əlaqədar “Ədəbiyyat və incəsənət” qəzetində standart, arayış xarakterli bir yubiley yazısı dərc edilmişdi. Tofiq Abdin filan vaxt anadan olub, filan yerlərdə işləyib və s. Taleh bu yazıya baxıb dedi ki, Tofiq Abdin qeyri-adi şair, standartlara sığmayan qələm sahibidir. Belə yubiley yazısı ona heç yaraşmır. Bəlkə sən...

Tofiq Abdini mən də tanıyırdım. Qəzetin növbəti nömrəsinə onun haqqında o qədər də böyük olmayan qeyri-standart bir yazı yazdım. Bu yazı qeyri-standart adama qeyri-adi sürpriz olmuşdu və qəzet çıxan gün Tofiq Abdin soraqlaşa-soraqlaşa “Yeni fikir”in redaksiyasına gəlib çıxmışdı. Qeyri-standart formada təşəkkür etməyə... Əlində iki paket ərzaq məhsulu ilə içəri girmiş və gözləmədiyi bir qəzetdən belə xoş niyyətli addıma çox sevindiyini səmimiyyətlə etiraf eləmişdi...

Taleh Həmid redaktor kimi təmənnasız idi. Onun qəzetdə dərc etdirdiyi, yaxud etdirmək istədiyi heç bir yazının arxasında təmənna, hansısa fərdi istək, başqa niyyət dayanmırdı. Bu cəhətdən Taleh Həmidlə işləmək olduqca asan idi.

Taleh insan kimi də təmənnasız idi. Kiminsə bir problemi olduğunu eşidəndə dost-tanışa zəng vurmağı, ağız açmağı, xahiş etməyi bacarırdı. Və bu xahişlərin müsbət nəticəsindən məmnunluq tapır, rahatlanır, zövq alırdı...

Taleh Həmid şair kimi də təmənnasız idi. Ürəyinin süzgəcindən keçənləri köçürürdü kağıza. Bu, bir qaçqının ağrı-acısı da ola bilərdi, bir nakam sevgi etüdü də, bir insan faciəsinə elegiya da... Nədən yazır-yazsın, Taleh səmimi yazırdı.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan “Yəhya bəy Dilqəm” lirik-psixoloji dramını da belə səmimiyyətlə qələmə almışdı. Son vaxtlar isə istiqlal şairimiz Əhməd Cavad haqqında pyes üzərində işləyirdi. Tamamlaya bilmədi.

Taleh həmkar kimi, dost-yoldaş kimi də səmimi idi, təvazökar idi. Ən çətin məqamlarda, ən gərgin vəziyyətlərdə belə, danışmağa söz tapır, gərginliyi aradan qaldırmağı bacarırdı. Yaxşı lətifə danışmağı var idi. Uzun illər Yazıçılar İttifaqında çalışmışdı, qocaman yazıçıların həyatından və məişətindən elə maraqlı və ibrətamiz əhvalatlar danışırdı ki, saatlarla qulaq assan, yorulmazdın. Bir dəfə bütün bu söhbətləri niyə qələmə almadığını soruşmuşdum. Oxunaqlı bir kitab ola bilər demişdim. Razılaşmışdı. Demişdi ki, sağlıq olsun, yazmaq istəyirəm. Amma... yaza bilmədi.

Təkcə bunumu? Çox şeylərdən yazmaq istəyirdi. Çox mətləblərə toxunmaq arzusunda idi, Taleh Həmid. Amma amansız əcəl macal vermədi. Neçə-neçə şeri-sözü, əsəri ürəyində qaldı.

Lakin bu gün onu tanıyanların, əzizlərinin və yaxınlarının bir təsəllisi var: Nə qədər həyat var, şair Taleh Həmidin əsərləri yaşayacaq. Onun adını və özünü də yaşadacaq. 65 yaşda da, 85-də, 105-də də...

Düzdür, özünün bir vaxtlar dediyi kimi biz indi onu reallıqda görmürük, tapmırıq:

İnsan buxarlanan
Sular kimidi,
Bir vaxt tapmayacan
Taleh Həmidi.

Təəssüf ki, o vaxt da gəldi... Könülümüz-gözümüz Taleh Həmidi soraqlasa da, 65 yaşını qeyd etdiyimiz bu günlərdə gücümüz onun yalnız əziz və unudulmaz xatirəsini yad etməyə çatır. Bir də ömrünün əbədi davamı olan “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Məni gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” kitabları ilə həmsöhbət olmağa... 

 





19.06.2017    çap et  çap et