525.Az

"Ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik"


 

"Ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik"<b style="color:red"></b> "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe həmsədrlərə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmalıdır".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
 
"Əlbəttə biz kompromisi də, həmsədr ölkələrin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini də anlayırıq, amma əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir ki, biz ondan heç vaxt vaz keçməyəcəyik. Cənab prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək. Biz eyni zamanda bölgədə konstruktiv sülhə nail olmağa hazırıq", - deyə Ə. Həsənov qeyd edib.
 
Prezidentin köməkçisi bildirib ki, həmsədrlərin Azərbaycana növbəti səfəri də vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir: "Hesab edirik ki, istənilən formatda keçirilən hər bir görüş ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, müharibə, Dağlıq Qarabağ və işğal altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunacağı qaçılmazdır".
 





19.06.2017    çap et  çap et