525.Az

ADA Universitetinin müəllim və tələbələri cəbhə bölgəsində - Fotolar


 

ADA Universitetinin müəllim və tələbələri cəbhə bölgəsində - <b style="color:red">Fotolar</b>

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə ADA Universitetinin bir qrup müəllim və tələbəsi cəbhə bölgəsinə səfər edib.

Əcnəbi müəllim və tələbələrin də yer aldığı qrup əvvəlcə 1993-cü ildə bir neçə ay işğal altına düşmüş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə gələrək ermənilərin törətdikləri vəhşiliklərin şahidi olublar. BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib ki, doğulub boya-başa çatdığı Aşağı Əbdürrəhmanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin yanvarında Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə kəndin ərazisinin böyük hissəsi işğaldan azad olunub.

“İşğalda qaldığı bir neçə ay ərzində erməni vandalları tərəfindən kənddəki bütün evlər talan edilərək yandırılıb. Hətta kəndin qəbiristanlığındakı qəbirlər də dağıdılıb, məzar daşları güllələnib. Qəbiristanlıqdakı bütün məzar daşlarında güllə izləri var. Erməni silahlıları tərəfindən kənddə törədilən vəhşiliklər təkcə bizim deyil, hər kəsin faciəsidir”, – deyə U.Rəhimoğlu bildirib.

Münaqişə ilə bağlı həqiqətlərin təbliğində belə səfərlərin böyük əhəmiyyəti olduğunu deyən BAMF sədri sentyabr ayından başlayaraq ADA Universitetinin müəllim və tələbələrinin regiona səfərlərinin davam etdiriləcəyini deyib.

ADA Universitetinin müəllimi Peter Tuner təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumatım var. Hər hansı münaqişə haqqında fikir yürüdərkən, oxumaqla görmək arasında çox böyük fərq var. Bütün bu dağıntılar, qəbiristanlığa qarşı olan təhqirlər qəbuledilməzdir. Bu, insanların hisslərinə toxunur. Məni heyrətləndirən o oldu ki, burada hər kəs, hətta talana məruz qalmış yerli sakinlər də sülhdən danışır. Bu qədər dağıntılara baxmayaraq, yerli sakinlər sülh istəyir”.

Daha sonra universitetin müəllim və tələbələri Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gediblər. Burada görülən işlərlə bağlı qonaqlara məlumat verilib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə jurnalistlərə bildirib ki, səfərin məqsədi tələbələri və xarici müəllimləri münaqişə, onun fəsadları ilə tanış etməkdir: “Onlar dağıntıları, eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda tikilən evləri gördülər. Bu, Azərbaycanın dünyaya bir mesajıdır ki, biz Qarabağı bərpa olunmuş vəziyyətdə, yeni həyatda görürük. Biz istəmirik ki, müharibə olsun, bura dağıntılar altında qalsın. Bizim siyasətimiz budur. Biz gələcəyi sülh içində, birgə yaşayışla, o cümlədən yeni evlərlə, məktəblərlə birgə görürük”.

Universitetin müəllim və tələbələri Tərtər şəhərində ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzi ilə də tanış olublar.

 





19.06.2017    çap et  çap et