525.Az

Görkəmli mollanəsrəddinçi Əliqulu Qəmküsar və müasirləri


 

Görkəmli mollanəsrəddinçi Əliqulu Qəmküsar və müasirləri<b style="color:red"></b>

"Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi Əliqulu Qəmküsar (1880-1919) XX əsr Azərbaycan ictimai-bədii fikir və mədəniyyət tarixinə istedadlı satirik şair, jurnalist və aktyor kimi daxil olan məşhur şəxsiyyətlərdən biridir.
 
Onun həyat və yaradıcılıq yolu haqqında az yazılmayıb. Müxtəlif illərdə mətbuat səhifələrində şair haqqında bir sıra irili-xırdalı məqalə və oçerklər çap edilmiş, dosent Lətif Hüseynzadə 1949-cu ildə "Əliqulu Qəmküsarın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1976-cı ildə İslam Ağayevin "Əliqulu Qəmküsar", 2012-ci ildə isə Fərqanə Kazımovanın "Azərbaycan ədəbiyyatının "Cüvəllağı"sı" adlı monoqrafiyaları  çap olunub.

Yuxarıda göstərilən mənbələrdə "Qəmküsar və müasirləri" mövzusu da diqqətdən kənarda qalmayıb. Lakin müəlliflər həmin mövzunu ətraflı şəkildə şərh etmək məqsədində olmadıqlarından bu haqda ötəri yazıb keçmişlər.

"Qəmküsar və müasirləri" mövzusu çox əhatəlidir. Biz burada yalnız onun ədəbi irsinin və çoxşaxəli fəaliyyətinin müasirləri tərəfindən dəyərləndirilməsi və bəzi müasirləri ilə qarşılıqlı münasibətləri və ədəbi mübarizələri məsələlərinin üzərində dayanacağıq.

Ə.Qəmküsar haqqında aparılan tədqiqatlar sübut edib ki, şair "Molla Nəsrəddin" jurnalınadək "Şərqi-Rus", "İrşad" qəzetlərində "tarixi nöqteyi-nəzərdən əhəmiyyətli olan publisist yazılarla çıxış etmiş" və bir qələm sahibi kimi müasirləri arasında tanınmağa başlayıb.

1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı bütün Şərqə səs salıb "yatanları oyadarkən" digər məslək dostları kimi Ə.Qəmküsar üçün də böyük imkanlar yaranır.

Professor İ.Ağayevin qənaətinə görə, Ə.Qəmküsar 1906-cı ildən etibarən "Molla Nəsrəddin" jurnalında öz yazılarını dərc etdirməyə başlamışdır. Alim yuxarıda adını çəkdiyimiz monoqrafiyasının sonuna əlavə etdiyi "Əliqulu Qəmküsarın çap olunmuş əsərlərinin biblioqrafiyası"na "Molla Nəsrəddin" jurnalının 1906-1907-ci il nömrələrində biri imzasız, biri "Ləbləbi", biri "Xadimi-millət" və ikisi "Sevdayi" imzası ilə dərc olunan şeir və publisistik yazıları daxil etməklə bu əsərlərin Ə.Qəmküsara məxsusluğunu iddia etmişdir (Ağayev İ. Əliqulu Qəmküsar. Bakı: Elm, 1976, s. 105). Başqa müəlliflərin də həmin yazılardan bəzisinin Ə.Qəmküsara aid olması haqqında fikirləri vardır. Bizim fikrimizcə, bütün bunlar səhv qənaətlərdir. Çünki jurnalın redaktoru C.Məmmədquluzadə yazır ki: "Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır. Belə ki, "Molla Nəsrəddin"in üçüncü ilindən, yəni 1908-ci sənədən başlayaraq Qəmküsarın mənzum və mənsur əsərlərinə rast gəlmək olur".

"Ə.Qəmküsar "Molla Nəsrəddin"də hələ onun ilk nömrələrindən iştirak etməyə başlamışdır" yazan İ.Ağayev isə öz iddiasını "şair Əli Razi Şamçızadənin 1906-cı ilin axırlarında Ə.Qəmküsarı "Molla Nəsrəddin" idarəsində görməsini xatırlaması"na əsaslanmaqla sübut etməyə çalışır. Yox! Bu, kifayətləndirici əsas deyil. Çünki sual oluna bilər ki, nə üçün Ə.Qəmküsarın "Molla Nəsrəddin"də dərc olunan ilk yazıları haqqında jurnalın redaktoru C.Məmmədquluzadənin "Molla Nəsrəddin"in "üçüncü nömrəsindən, yəni 1908-ci ildən başlayaraq Qəmküsarın mənzum və mənsur əsərlərinə rast gəlmək olur" sözlərini kənara qoyub, Ə.R.Şamçızadənin 1906-cı ildə Ə.Qəmküsarı "Molla Nəsrəddin"in redaksiyada görməsinə əsaslanmalıyıq? Bu, nə dərəcədə məntiqə uyğundur? İkincisi, tutaq ki, kimsə Abbas Səhhəti də həmin redaksiyada görüb. Bu, o anlama gəlirmi ki, A.Səhhət də "Molla Nəsrəddin"də yazılar dərc etdirib? Başqa bir fakt da Ə.Qəmküsarın 1906-1907-ci illərdə "Molla Nəsrəddin"də yazılar dərc etdirməsi haqqındakı iddiaların əsassızlığını göstərir. O da bundan ibarətdir ki, Ə.Qəmküsar 1904-cü ildən, yəni mətbuata qədəm qoyduğu ilk ildən 1909-cu ilədək müxtəlif qəzet və jurnallarda həmişə açıq imza ilə, ya da ad və soyadının ilk hərflərini ("Əliqulu Nəcəfov", "Ə.Q.N., Ə.Q.) göstərməklə çıxış etmişdir. "Molla Nəsrəddin"in 1906-1907-ci il nömrələrində dərc olunan və Ə.Qəmküsara aid edilən yazılar isə imzasız və müxtəlif gizli imzalarla çap olunmuşdur.

Bizim qənaətimizə görə, Ə.Qəmküsarın "Molla Nəsrəddin"də dərc olunan ilk yazısı jurnalın 1908-ci ilin 44-cü nömrəsindəki "Xəlqə demiş Şeyx Məhəmmədrəhim"  misrası ilə başlayan şeiridir. Maraqlıdır ki, bu şeir də şairin ənənəsinə uyğun olaraq açıq imza ilə, yəni "Əliqulu" imzası ilə dərc olunmuşdur. Bundan sonra yenə də jurnala yazılar göndərən Ə.Qəmküsarın istedadı C.Məmmədquluzadənin diqqətindən yayınmamış, ədib gənc şairin yaradıcılığına həssaslıqla yanaşaraq onu yazıb-yaratmağa həvəsləndirmişdir. Elə götürək C.Məmmədquluzadənin jurnalın 1909-cu il tarixli 13-cü nömrəsində ona ünvanladığı sözlərini: "Culfada "O taylı" imzası ilə yazana: Elə şeyləri indiki vaxtda yaza bilməzik".

"Molla Nəsrəddin" jurnalının 1909-cu il tarixli 46-cı nömrəsində isə "Poçt qutusu"nda ona məsləhət verərək yazır: "Culfada Qəmküsar cənablarına! Yazdığınız şeirlər çox gözəldir. Lakin heyif ki, "Molla Nəsrəddin"sayağı yazmayıbsınız. Çox ciddidir... Ümidvarıq ki, bundan sonrakı şerlərinizi "Molla Nəsrəddin"sayağı yazarsınız. Özgə şerlərinizi gözləyirik".

İndi sual olunur: Əgər İ.Ağayevin iddia etdiyi kimi, Ə.Qəmküsar 1906-1907-ci illərdə "Molla Nəsrəddin"də çıxış etmişdisə, nə üçün C.Məmmədquluzadə həmin illərdə ona öz tövsiyələrini verməmiş, bu işi 1909-cu ilə saxlamışdır? Deməli, Ə.Qəmküsarın "Molla Nəsrəddin"də ilk yazısının dərc edilmə tarixini 1908-ci ilə aid etmək daha ağılabatandır.

İ.Ağayevin fikrincə, "C.Məmmədquluzadənin Ə.Qəmküsar yaradıcılığına göstərdiyi bu qayğı səmərəsiz  qalmır. 1910-1911-ci illər Ə.Qəmküsarın əsərlərində satira və yumor ünsürləri hiss ediləcək dərəcədə güclənir. Elə buna görə də vaxtilə onu həvəsləndirib istiqamətləndirən "ağsaqqal qələm dostu" C.Məmmədquluzadə etiraf edir ki: "Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında əziz yoldaşımız Əliqulu Qəmküsarın adı həmişə "zindəbad" alqışları ilə zikr olunacaqdır.

Ə.Qəmküsarın məqalə, şer və felyetonları o dövrdə Bakıda çıxan "Tərəqqi", "Yeni füyuzat", "Zənbur", "Günəş", "Hürriyyət", "Kəlniyyət" kimi qəzet və jurnallarda da dərc olunurdu. Bu mətbuat orqanlarında Ə.Qəmküsarın yazıları ilə tanış olan müasirləri onun istedadlı bir qələm sahibi olduğunu müşahidə edirdilər.

İstər dövri mətbuat, istərsə də müasirləri hələ öz sağlığında Ə.Qəmküsarın şairlik,  jurnalistlik və aktyorluq bacarığına yüksək qiymət vermişlər. Məsələn, 1913-cü ildə Ə.Qəmküsarın "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilməsini oxuculara xəbər verən "Kaspi" qəzeti həmin ilin 3 mart tarixli nömrəsində yazırdı: "Bu adam (Ə.Qəmküsar - F.X.) uzun müddət tatar (Azərbaycanın - F.X.) qəzetlərində işləmiş və "Molla Nəsrəddin" jurnalında da əməkdaşlıq etmişdir. Ümid etmək olar ki, Əliqulu Qəmküsar Nəcəfovun redaktorluğa gəlməsi həm jurnala, həm də xalqa daha çox xeyir vermiş olar".

Yaxud "Açıq söz" qəzeti 1916-cı il 2 may tarixli nömrəsində yazırdı: "Şeyx rolunun (C.Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullah nəzərdə tutulur - F.X.) ancaq Mirzə Əliqulu Nəcəfzadə oynaya bilər. O qondarma ərəbiləri, o ibrətli farsiləri və səngin vəziyyətli şeyx ədasını elə nəzərə gətirir ki".

Müasirləri Ə.Qəmküsarın bədii yaradıcılığı haqqında yüksək fikirdə olmalarına baxmayaraq, bu barədə onun  öz sağlığında olduqca az yazmışlar. Biz Ə.Qəmküsarın müasirlərindən olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy  Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Salman  Mümtaz, Əmin Abid, Rzaqulu Nəcəfov, Əziz Şərif, Hüseyn Minasazov, Rza Təhmasib, Mirzağa Əliyev, Mustafa Mərdanov, Əli Səbri, Əliheydər Qarayev, Əli Tağızadə və başqalarının onun yaradıcılığına verdikləri yüksək qiymətlə ancaq 1919-cu ildən, yəni Ə.Qəmküsarın qətl edildiyi ildən  etibarən yazdıqları xeyli məqalə və xatirələr vasitəsilə tanış oluruq. Bu məqalə və xatirələrdən bəzi cümlələri oxuculara xatırlatmaq yerinə düşər.

Cəlil Məmmədquluzadə: “Əliqulu Qəmküsar "fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı".

Əliheydər Qarayev: "Əliqulu "Molla Nəsrəddin"in ikinci "Hop-hop"u hesab olunurdu. Həqiqətən Sabir öldükdən sonra onun yerini ancaq Əliqulu tuta bilərdi. O, həmişə gülməli şeirlərində acı həqiqəti göstərirdi".

Əbdürrəhim bəy Haqverdiyev: "Nəcəfzadə (Ə. Qəmküsar - F. X.) qabil, mövzu təbli, dərin ittilaatlı və son dərəcə hafizəli idi".

Əziz Şərif: "Kim bu mərhumun "Molla Nəsrəddin" jurnalında "Cüvəllağı" və "Cüvəllağı bəy" imzaları ilə yazdığı gözəl və abidar şeirlərini oxumayıb? Kim onun qəribə-qəribə məzhəkəli şeirlərindən gülüb-ağlamayıb?"

(Ardı var)

 





20.06.2017    çap et  çap et