525.Az

“Böyük Britaniya məzunları cəmiyyətimizə qoşulmaqdan çox faydalanacaqlar” (Müsahibə)


 

“Böyük Britaniya məzunları cəmiyyətimizə qoşulmaqdan çox faydalanacaqlar” <b style="color:red">(Müsahibə)</b>

Müsahibimiz “Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi”nin (“AUKAA”) sədri və London Vebster Universitetinin Biznes Administrasiyası magistratura (“MBA”) proqramının məzunu Fariz Cəfərovdur. Mövzumuz onun rəhbərlik etdiyi təşkilat, təşkilatın fəaliyyəti və faydaları haqqındadır.
 
- Fariz, ilk öncə təşkilatınız və onun məqsədləri haqqında məlumat verin.

- Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) 2005-ci ildə yaranıb və Böyük Britaniya və Şimali İrlandiya Krallığında təhsil almış məzunları özündə birləşdirir. Təşkilatımızın məqsədi Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin qurulmasında üzvlərə yardım göstərmək, onlara dəstək olmaq, onların peşəkar sahədə inkişafını davam etdirmələri üçün mümkün platforma yaratmaq, peşəkar və sosial şəbəkənin formalaşmasında, məlumat və fikir mübadilələrində, biznes əməkdaşlığı və qarşılıqlı yardımlaşma prosesində təşkilatın bütün mümkün resurslarını səfərbər etməkdir.

Bu məqsədlər uğrunda AUKAA müxtəlif ictimai, mədəni, idman və bu qəbildən bir çox digər istiqamətlərdə layihələr həyata keçirməklə öz üzvlərini fəal şəkildə iştiraka cəlb edir və onların öz asudə vaxtını daha səmərəli və maraqlı keçirmələri üçün şərait yaradır.
 
- Hazırda təşkilatınız hansı layihələri həyata keçirir?

- Biz 2013-cü ilə “Xaricdə təhsilin gənclərin həyatında rolu” mövzusunda yeni bir layihə ilə başladıq. Bu layihə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi və Çivninq proqramı çərçivəsində icra olunur. Layihədə məzunlarımız Azərbaycanın univer-sitetlərində oxuyan tələbələrlə gö-rüşərək öz təcrübələrini onlarla paylaşırlar. Onlar xarici universitetlərə qəbulun proseduru və mərhələləri, universitet seçimindəki amillər, Britaniya həyatının xüsusiyyətləri, təhsil sistemlərinin müqayisəli təhlili və digər dəyərli fikir və məlumatları tələbələrə təqdim edirlər. Eyni zamanda layihəyə Qəbələ və Gəncədəki iki orta məktəbdə yuxarı sinif şagirdləri ilə eyni mövzuda görüşlərin təşkili daxildir. Hər görüşdə ən azı iki məzunumuz iştirak edir. Artıq altıdan çox universitetdə görüşlərimiz uğurla baş tutmuşdur.

Layihənin ümumi məqsədi universitet tələbələri və orta məktəb şagirdlərinin təhsilə olan marağını artırmaq və xaricdə təhsil almağın müsbət tərəfləri barədə onları məlumatlandırmaqdır.
 
- Təşkilatınızın nə qədər üzvü var və təşkilata necə üzv olmaq olar?

- Azərbaycan vətəndaşı olan və Böyük Britaniyada təhsil almış məzunlar təşkilatımıza üzv ola bilərlər. Hazırda bizim 200-dən çox üzvümüz var və onların sayı hər il 20-30% artır. Üzvlərimizin əksəriyyəti peşəkar fəaliyyətlə məşğul olanlardır və onlar müxtəlif sahələrdə - dövlət və özəl qurumlarda, beynəlxalq və yerli şirkətlərdə çalışırlar.

Təşkilatımıza üzv olmaq istəyənlər bunun üçün ərizə formasını dolduraraq müvafiq təhsil olacağında təhsili təsdiq edən diplomun elektron versiyası ilə təşkilatımıza müraciət edə bilərlər. İnternet səhifəmiz artıq fəaliyyətdədir və yeni əlavələr və dəyişikliklər də olacaq: www.aukaa.az. Yaxın günlərdə ərizə forması saytda yerləşdiriləcək.
 
- Böyük Britaniyada təhsil alan gənclər üçün məzun olduqdan sonra təşkilatınıza qoşulmağın hansı faydaları olacaqdır?

- Bir çox hallarda insanlar daha yaxşı iş tapmaq məqsədi ilə keyfiyyətli təhsil almağa, xüsusən də, xaricdə təhsilə üz tuturlar. Lakin yükək səviyyəli təhsil heç də həmişə uğurlu karyera üçün yetərli olmur. Bəzən tələbələr keyfiyyətli təhsil alırlar, nüfuzlu universitetlərin məzunu olurlar, təhsili yüksək qiymətlərlə başa vururlar və işə müraciət edirlər, lakin onlar bir neçə mərhələni keçdikdən sonra əsas və həlledici müsahibə mərhələsində uğursuzluğa düçar olurlar. Buna isə bəzən onların tələb olunandan aşağı dünyagörüşü, iş təcrübəsi, şəxsi bacarıqları, davranışı və başqa bu kimi amillər səbəb olur.

AUKAA-da təmsil olunan məzunların böyük qismi bugün nəinki Azərbaycanda, hətta onun hüdud-larından kənarda çox tanınmış təş-kilatlarda, şirkətlərdə, holdinqlərdə, transmilli korporasiyalarda yüksək vəzifələrdə çalışırlar və bu insanlar təmsil olunduqları qurumlarda kifayət qədər söz gücünə sahibdirlər. Bizim cəmiyyətə qoşulmaqla məzunlar zəngin şəbəkə qurmaq, qeyd edilən insanlarla birbaşa əlaqə yaratmaq, onlarla münasibətdə olmaq, fikir, bilik və məlumat mübadiləsi aparmaq, iş mühitində daha da uğurlu olmağın sirlərini öyrənmək, yeni və daha münasib iş tapmaq və s. imkanları əldə edə bilərlər.
Bununla yanaşı, məzunlar müxtəlif layihələr təkilf edə və təklif etdikləri layihələrin icrasında yaxından iştirak edə bilərlər. Eyni zamanda cəmiy-yətimizə üzv olmaqla onlar AUKAA-nın təşkil etdiyi bir çox tədbirdə iştirak etmək hüququ qazanmış olarlar.

Cəmiyyətimizə üzv olmağın verdiyi bir çox başqa üstünlüklər, faydalar da vardır ki, onların hamısını burda əhatə etmək, hər birini sadalamaq qeyri-mümkündür. Bunları isə məzunlar məhz üzv olduqları zaman tam dolğun şəkildə öyrənə biləcəklər.
 
- Gələcək üçün planlarınız nədən ibarətdir? Hansı layihələr nəzərdə tutulub?

- Təşkilat tərəfindən geniş proqram hazırlanır və bu proqram çərçivəsində müxtəlif növ tədbirlərin təşkili nəzərdə tutulur. Məzunların şəbəkələşməsi və onların daha çox ünsiyyəti üçün ayda ən azı bir dəfə görüşlərin təşkili planlaşdırılır. Uşaq evləri ilə də bağlı bəzi ictimai layihələrimiz nəzərdə tutulub. Bunlarla yanaşı, başqa layihələr də olacaqdır.

Biz eyni zamanda daha çox layihə təklifləri, yeni ideyalar və yaradıcı yanaşmaları gözləyirik və bu növ təşəbbüsləri hər zaman böyük məmnuniyyətlə qarşılayırıq. Siz böyük bir işin hələ başlanğıcında olsanız da, işiniz artıq gələcək uğurlarınızdan xəbər verir. Sizin belə bir layihəyə başlamanız isə bizim üçün böyük fəxrdir. Bu istiqamətdə təşkilatımız qəzetinizə bütün lazımı köməyi göstərməyə həmişə hazır olacaqdır.
 
- Təşəkkür edirik və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!
 
 
Söhbətləşdi: Səməd Səfərov
(Mançester Universitetinin məzunu)
 
Böyük Britaniyada nəşr olunan "Birlik" ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk  

 





13.05.2013    çap et  çap et