525.Az

Brüsseldə azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş sərgi


 

Brüsseldə azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş sərgi <b style="color:red"></b> Brüsseldə “Gerçəkləşməyən xəyallar: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlanan fotosərgi keçirilib.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, diplomatik məhəllənin mərkəzində yerləşən “Brussels Europe” Mətbuat Klubunda keçirilən sərgi TEAS-ın Benilüks ofisi tərəfindən “VII Photo Agency” agentliyinin dəstəyi ilə təşkil edilib.
 
Tədbirdə çıxış edən amerikalı fotoqraf Ed Kaşi bildirib ki, ailəsi ötən əsrin 40-cı illərində İraqdan qaçqın düşüb: “Köçkünlük faciəsinin nə olduğunu yaxşı bilirik. Təəssüf ki, qaçqın və məcburi köçkün məsələsi saysız-hesabsız ölkələrə təsir göstərib. Lakin bu məsələlərin əsl səbəbləri çox vaxt kifayət qədər işıqlandırılmır. Buna məruz qalmış əhali çox vaxt özünü ümidsiz hiss edir. Onların hamısı evlərinə qayıtmaq istəyir. Bu fotoşəkilləri çəkməkdə niyyətim auditoriyaya real vəziyyətə statistikadan kənar baxmağa və bu məsələnin həll edilməli olduğunu anlamağa yardım etməkdir”.
 
Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin direktoru Mark Vervilghen isə deyib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının son statistikasına əsasən bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı ciddi şəkildə artmaqdadır və hazırda onların sayı 66 milyona çatır: “Bu gün TEAS-ın Benilüks ofisi bir milyona yaxın azərbaycanlının taleyini diqqətinizə çatdırır. Onlar Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının qətnaməsi və Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Ermənistanı qınayan qərarlar qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır heç nə dəyişməyib. Ermənistan Dağlıq Qarabağa qarşı etdiyi hərəkətlərə görə üzərinə məsuliyyət götürməkdən hələ də imtina edir. Sabiq ədliyyə naziri olaraq mən təsdiq edirəm ki, Azərbaycan beynəlxalq hüquq baxımından düzgün yoldadır. Azərbaycan Avropa İttifaqının birbaşa qonşusudur və bu, məsələnin həll olunmasında öz rolunu oynamalıdır”.
 
Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov isə bir millət olaraq azərbaycanlıların öz doğma torpaqlarına çox bağlı olduğunu bildirib: “Qaçqınlar bizim ətrafımızdadır, hətta Brüsselin küçələrində belə. Qaçqın məsələsi bizim hamımıza tanışdır. Bu müstəsna şəkillərdir və mən Ed Kaşinin düşərgələrdə çəkdiyi bu insanların bir çoxunu diplomatik xidmətə başlamazdan əvvəl şəxsən tanıyırdım. Yadda saxlamalıyıq ki, bu azərbaycanlı məcburi köçkünlər Avropa sivilizasiyasının nümayəndələridir və onları məcburi köçkünlərə çevirən münaqişə 25 ildən çoxdur davam edir. Onların əksəriyyəti çox gənc ikən məcburi köçkün olublar. Lakin onlar hələ də evlərinə qayıtmaq istəyirlər. Bir millət olaraq azərbaycanlılar öz doğma torpaqlarına çox bağlıdırlar. Ümid edirəm ki, bu cür tədbirlər bu məsələlər barədə, bu münaqişənin və bu insanların acınacaqlı vəziyyətinin tez bir şəkildə həllinin tapılmalı olduğuna dair anlayışı artıracaqdır”.
 
Avropa Siyasət Mərkəzinin (ASM) baş siyasi analitiki Amanda Paul isə mövzunun çox kədərli və həssas olduğunu deyərək bildirib ki, Azərbaycan qaçqın və məcburi köçkün sayına görə dünyada ikinci yerdədir: “Mənim Azərbaycandan olan ikinci ailəm əslən Kəlbəcərdəndir və onlar müharibə zamanı qaçmağa məcbur olublar. Hər gün ailənin ağbirçəyi də daxil olmaqla, onların fikri Kəlbəcərdədir. Qurbanlar sizin və mənim kimi adi insanlardır. Məcburi köçkünlük zəmanəmizın böyük problemidir. Mən sizə “Çıraqov və başqaları Ermənistana qarşı” işini xatırlatmaq istəyirəm. Burada Avropa İnsan Hüquqları üzrə Məhkəməsi Ermənistanı açıq şəkildə qınayır. Bundan əlavə, işğalçı ermənilər qəsdən evləri və infrastrukturu məhv ediblər. Bizə sülh prosesi üçün yeni format lazımdır və buna doğru ciddi addımlar atmalıyıq. Bu, işğal edilmiş ərazilərin bəzilərinin geri qaytarılması ilə başlamalıdır”.
 
Qeyd edək ki, BMT-nin qaçqınların statusuna dair 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibəti ilə təşkilat tərəfindən 2000-ci ildə Ümumdünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixində bütün dünyada münaqişə və müharibələr nəticəsində doğma ocağından didərgin düşmüş insanlar yad edilir. Hazırda gündəmdə Suriya və Ukraynadakı kimi münaqişələr nəticəsində yaranan qaçqınlar ordusu və Avropanı bürüyən miqrasiya böhranı diqqət mərkəzindədir. Lakin məsələ ondadır ki, vacib xəbərlərin iyerarxiyası qurulduqda, nəticədə uzunmüddətli münaqişələr diqqətsiz qalır, xüsusilə də onlar zamanında müvafiq şəkildə işıqlandırılmayıbsa.
 
Nümunə kimi 1988–1994-cü illərdə baş vermiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini misal göstərmək olar. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu, əhalinin 10 faizinə bərabərdir və adambaşına düşən köçkün sayına görə dünyada ən yüksək göstəricilərdən biridir.
 
Münaqişənin başlanğıcında həddindən artıq ağır bir şəraitdə yaşayan bu insanların həyati əhəmiyyət daşıyan əsas ehtiyaclarını ödəmək və onları yenidən məskunlaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti çox iş görüb. Hazırda, təmiz su, keyfiyyətli səhiyyə, qida və təhsil almaq imkanları ilə təmin edilmiş və heç vaxt kiçik vətənini görməyən ikinci nəsil uşaqların hamısının böyük bir arzusu var-doğma yurdlarına geri qayıtmaq.
 
Bu humanitar böhran amerikalı fotojurnalist və rejissor Ed Kaşini öz obyektivini məcburi köçkün düşərgələrinə tərəf çevirməyə vadar edib. Onun işləri “Newsweek”, “The New York Times Magazine”, “Time” və “National Geographic” kimi nəşrlər tərəfindən dərc edilib. Bu böhranın tam böyüklüyünü əhatə etməyin qeyri-mümkün olduğunu anlayaraq, o, Azərbaycanın qərbində yerləşən düşərgələrdə gündəlik həyatın sadəcə bir neçə epizoduna diqqət yetirməyi qərara alıb. Burada pərəstiş etdikləri İngiltərənin “Mançester Yunayted” komandasının futbolçularının adlarını əks etdirən köynəklərdə futbol oynayan uşaqlar, qoşunların təmas xəttində erməni snayperinin gülləsi ilə öldürülmüş övladının şəklini tutan ana var. Bütün bu şəkillər bizim hamımızın mədəniyyət və ya dinimizdən asılı olmayaraq paylaşdığımız insanlığı əks etdirir.
 





21.06.2017    çap et  çap et