525.Az

Həmsədrlərin regiona səfəri münaqişənin həllinə müsbət təsir etmir


 

"ERMƏNİSTAN KONSTRUKTİV DANIŞIQLARA QOŞULMADIQCA, İŞĞALÇI ÖLKƏ ORDUSUNUN İTKİLƏRİ DAHA DA ARTACAQ"

Həmsədrlərin regiona səfəri münaqişənin həllinə müsbət təsir etmir<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da Bakıya səfər ediblər.

Vasitəçilər Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşüblər. Həmsədrlər bir müddət əvvəl isə Ermənistanda və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olmuşdular.

Minsk Qrupu həmsədrləri bölgəyə səfər və keçirdikləri görüşlərlə bağlı ortaq bəyanat yayıblar. Bəyanatda həmişəki kimi ümumi cümlələr yer alıb. Həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimə də ünvanlayıblar.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, həmsədrlər hər tərəfi məsuliyyətili olmağa çağırırlar: "Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər".

Həmsədrlərin tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırmasına toxunan politoloqun sözlərinə görə, bu cümlə isə o deməkdir ki, həmsədrlər tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar: "Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar".

Mərkəz sədri hesab edir ki, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: "Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı "mərhələli həll" planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə, masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən genişmiqyaslı müharibənin müəyyən riskləri də var. Çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: İşğalçya qarşı yorucu müharibəni genişləndirmək".

"Nədir yorucu müharibə?", - bu sualı şərh edən E.Şahinoğlu qeyd edib ki, düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir: "Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifa etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı sılahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqlar işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Füzulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz. Çünki bütün dövlətlər, o cümlədən, Rusiya həmin ərazilərin Azərbaycana aid olduğunu qəbul edir".

Ermənistanın mürəkkəb vəziyyətdə olduğunu deyən politoloq bildirib ki, rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəriləyə bilməsin, digər tərəfdən həmin ərazilərdə itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir: "Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükəli bölgələrdə yerləşdirilir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq haqqından istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diqtə etməkdə əsas məqsədi də elə budur".

Milli Məclisin deputatı Sahib Alıyev isə qeyd edib ki, əgər həmsədrlər işğal faktının aradan qaldırılmasının deyil, cəbhədə nəzarət mexanizminin gücləndirilməsinin peşindədirlərsə, onda təmas xəttində baş verən son gərginliklərə təbii baxmaq lazımdır: "Ermənilər indi qəsdən vəziyyəti gərginləşdirir, cəbhədə təxribata əl atırlar ki, "nəzarət mexanizminin möhkəmləndirilməsi" məsələsi daha da aktuallaşsın, işğal faktı isə yenə arxa planda qalsın. Bəlkə, bu yöndə hətta onlara tapşırıq da verilib".

S.Alıyev bildirib ki, cəbhədə nəzarət mexanizmi doğurdan da lazımdır: "Ancaq bu mexanizm işğal faktının möhkəmlənməsinə yox, aradan qaldırılmasına xidmət etməlidir: Yəni, Ermənistandan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarımızla bağlı 4 qətnaməsinin yerinə yetirilməsi tələb edilməli, bunun necə reallaşdırıldığına nəzarət olunmalıdır. Təklif edilən nəzarət mexanizmi isə ancaq və ancaq status-kvonun qorunub saxlanaması üçündür ki, bunu işğalçı tərəf özü də gizlətmir, açıq şəkildə dilə gətirir. Ermənilər də etiraf edirlər ki, həmsədrlərin təklif etdikləri nəzarət mexanizminin gücləndirilməsi təklifi status-kvonun qorunub saxlanmasına xidmət edir. Prezidentləri ayrılıqda və birlikdə bir neçə dəfə "status-kvo dəyişməlidir",- deyən həmsədr dövlətlərin sözləriylə atmaq istədikləri addım eynən haradasa terror qruplaşmalarına yanaşmada sərgilədikləri mövqeyə bənzəmirmi? Burada haradasa sözünü ona görə işlədirəm ki, onlar terrorçulara gizli dəstək verməklə yanaşı, aradabir başlarına bomba da tökürlər. İşğalçı və terrorçu ermənilərə gəldikdə isə ancaq dəstək görürük. Açıq və gizli, birbaşa və dolayı dəstək".

Deputatın sözlərinə görə, son döyüşlərdə ermənilərin 6 hərbçisi zərərsizləşdirilib ki, hamısı Ermənistandan gətirilən çağırışçılar və müddətdən artıq hərbi xidmət keçənlərdir: "Onların üçünün çağırışçı olduğu dəqiqdir. İndi həmsədrlərdən soruşuruq: sizin təklif etdiyiniz bu nəzarət mexanizmi nə üçündür, əlinə silah verilərək Azərbaycan torpaqlarına göndərilən Ermənistan hərbçilərinə qarşı addım atılmaması üçünmü? Axı siz Ermənistanın yeritdiyi bu işğalçı siyasətin önünü kəsməlisiniz, ona qarşı görülən tədbirlərin deyil. Və bu ona görə sizdən tələb edilmir ki, ədalətli, haqqın tərəfində olduğunuz düşüncəsindəyik. Xeyr, beynəlxalq normalar, bir də üzərinizə götürdüyünüz öhdəlik var, zəhmət çəkin yerinə yetirin.

Ona görə də, fikrimcə, ümumiyyətlə format dəyişmirsə, Minsk qrupuna həmsədrlik edənlərin missiyasının adı dəyişdirilməli, yaxud da dəqiqləşdirilməlidir".

Cəbhə xəttinin Dağlıq Qarabağın sərhədlərindən çox kənara çıxdığını deyən deputat qeyd edib ki, söhbət indi sadəcə Dağlıq Qarabağ probleminin həllindən deyil, həm də Azərbaycanın işğal altındakı daha 7 rayonundan gedir: "Ona görə də həmsədrlər "uzun vaxt aparan mürəkkəb məsələ" dedikləri Dağlıq Qarabağ probleminin həlli yönündə "səylərini" davam etdirməli, işğal altındakı digər 7 rayona gəldikdə isə bunu BMT Nizamnaməsinə və digər beynəlxalq aktlara dayanaraq Azərbaycan özü çözməlidir ki, həmən sənədlərdə də işğalçıya qarşı güc tətbiqi yasaqlanmır, əksinə təşviq olunur".

S.Alıyev əlavə edib ki, həmsədrlərin regiona səfəriylə bağlı açıqlama verərkən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısı İlham Əliyevin dəfələrlə bildirdiyi "Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək" sözlərini elə-belə xatırlatmayıb: "Bu, təkcə xatırlatma yox, həm də bir xəbərdarlıqdır. Və bu təkcə ermənilərə deyil, həm də havadarlarına edilən xəbərdarlıqdır".

Ceyhun ABASOV

 





21.06.2017    çap et  çap et