525.Az

Ermənistanda miqrasiya prosesi geniş vüsət alıb


 

İŞĞALÇILIQ SİYASƏTİ NƏTİCƏSİNDƏ İQTİSADİYYATI İFLASA UĞRAYAN ERMƏNİSTAN MİQRASİYA PROSESİNİN QARŞISINI ALA BİLMİR

Ermənistanda miqrasiya prosesi geniş vüsət alıb<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda işğalçı ölkəni tərk edən ermənilərin sayı durmadan artır.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün rəsmi Bakının "qara siyahı"sına düşən italiyalı ermənipərəst jurnalist Simon Zapellaro özünün "Feysbuk" sosial şəbəkəsindəki hesabında Ermənistanda baş verən kütləvi miqrasiya barədə yazıb. O, "Gallup" təşkilatına istinadən qeyd edib ki, ermənilər bu göstəriciyə görə dünya birincilərindəndir: "Hər kəs Ermənistanı tərk edir. Hətta Ermənistan bu göstəriciyə görə, Suriyanı da qabaqlayıb. Ermənistan vətəndaşlarının 47 faizi etiraf edir ki, ölkəni tərk etmək barədə düşünürlər. Hər dəfə Ermənistana səfər etdikdə mən özüm şahidi oluram ki, hansısa erməni artıq ölkəni tərk edib. Bəziləri isə yaxın vaxtlarda Ermənistandan köçmək üçün hazırlıq görürlər".

Qeyd edək ki, "Gallup" təşkilatının 2013-2016-cı illərdə apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan öz ölkəsini tərk etmək istəyən vətəndaşlarının sayına görə dünyada 8-ci yerdədir. Ermənistan bu göstəriciyə görə, yalnız Sierra Leone, Albaniya, Haiti, Liberiya, Konqo, Dominikan və Hondurasdan geridədir. Suriya isə bu siyahıda 9-cu pilləni tutur.

Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün uydurduqları bəhanələrin bir qismi də məlum olub. "Modern.az"ın məlumatına görə, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan belçikalı həmkarlarının ona bu bəhanələrlə bağlı məlumatlar verdiyini deyib.

Siyasi təqiblərə məruz qaldığını iddia edən çoxsaylı vətəndaş qrupundan sonra ikinci ən geniş yayılmış bəhanə qarışıq nikahlarla bağlıdır. Guya ki, ər erməni, həyat yoldaşı azərbaycanlıdır və onlar bu ölkələrdən heç birinə gedə bilmirlər. Bundan başqa, seksual azlıq nümayəndəsi və "İehova Şahidləri" dini sektasına mənsub olduqlarını iddia edərək Avropada yaşayış icazəsi almaq istəyənlər də var.

Bundan başqa, əldə olunan məlumatlara görə, 2016-cı ildə "aprel müharibəsi" zamanı 2000 erməni Azərbaycanın işğal akltındakı Dağlıq Qarabağ bölgəsini tərk edib. "Publika.az"ın məlumatına görə, bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt deyib.

Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşib. Kristof Birvirt əlavə edib ki, "aprel müharibəsi"ndə Qarabağı tərk edən 573 erməni (172 ailə) artıq geri qayıdıb.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlətçiliyini gücləndirən, iqtisadi və hərbi imkanlarını artıran Azərbaycan dövlətinin yürütdüyü Ermənistanı təcridetmə siyasəti öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, mütəmadi olaraq Ermənistanın cəbhə xəttində yaratdığı təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində baş verən toqquşmalar, müharibə xofu erməniləri bu cür adımlar atmağa - canlarını götürüb qaçmağa vadar edir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistanda miqrasiya prosesi 1992-ci ildən başlayıb: "İşğalçı ölkə rəhbərliyi indiyədək bu prosesi dayandıra, qarşısına ala bilməyib. Dəqiq demək mümkündür ki, Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axının qarşısını almaq mümkün olmayacaq".

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin köç etməsinə də toxunan M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağda miqrasiya prosesi 3 il əvvəl başlayıb: "İşğal altındakı torpaqlarda yaşayan ermənilərin Ermənistana üz tutması, oradan isə Rusiyaya köçməsi çox müşkül məsələdir. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında belə nəzarət-buraxılış məntəqələri var. Bu məntəqələr Dağlıq Qarabağda yaşayan erməniləri nəzarətdə saxlamaq, onların miqrasiyasının qarşısını almaqdan ötrüdür. Bütün bunlara baxmayaraq, 3 il bundan əvvəl statistik məlumatlar yayılmışdı ki, artıq 200 nəfər Dağlıq Qarabağı tərk edib. İndi isə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt bildirib ki, keçən ilin aprel döyüşlərindən sonra 2 min erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gəlib. Ancaq hesab edirəm ki. burada bir az dəqiqləşdirmə aparmağa ehtiyac var. Çünki işğal altında olan Talış kəndinin əhalisinin köçü ayrıca qrafa ilə qeyd olunmalıdır. Onlar kəndi tamamilə boşaltmışdılar. Ona görə də, belə qənaətə gəlirəm ki, bu kəndə yaşayan ermənilərin miqrasiyasının statistik məlumatları bu hesabatda yoxdur. Bu baxımdan, açıqlanan rəqəmlərin üzərinə min nəfər də gəlmək lazımdır. Görünür ki, BMT nümayəndəsi 2 min nəfər ermənin Dağlıq Qarabağı tərk etdiyini deyəndə Ermənistana gəlib oradan Rusiyaya köç edənləri nəzərdə tutur".

Politoloqun sözlərinə görə, burada konseptual yanaşma ondan ibarətdir ki, nəinki Ermənistanı, hətta işğal altındakı, hərbi polis rejimin mövcud olduğu Dağlıq Qarabağı artıq ermənilər tərk edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, aprel döyüşlərindən sonra Ermənistanı 3 ay ərzində 60 mindən çox erməni birədəflik tərk edib: "Bu məlumat Ermənistanın rəsmi statistikasına əsaslanır. Daha sonra isə bu proses artan xətlə davam edib".

E.Mirzəbəyli hesab edir ki, bu proses Azərbaycanın Ermənistana qarşı yürütdüyü təcridetmə siyasətinin nəticəsidir: "Bu, eyni zamanda, Azərbaycanın region dövlətləri ilə əməkdaşlığının nəticəsi kimi meydana çıxan prosesdir. Ermənsitanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın atdığı addımlar, ölkəmizin müttəfiqləri tərəfindən Ermənistana qarşı həyata keçirilən sanksiyalar öz nəticələrini verir".

Politoloq qeyd edib ki, Ermənistanın iqtisadi cəhətdən rentabelli dövlət olmaması, faktiki olaraq işğalçılıq siyasəti nəticəsində iqtisadiyyatının iflasa uğraması səbəbilə Ermənistan vətəndaşları ölkəni tərk edirlər.

Ceyhun ABASOV

 





21.06.2017    çap et  çap et