525.Az

UNEC-də konfrans: "Ali təhsilin keyfiyyətinin yüksəldilməsi"


 

UNEC-də konfrans: "Ali təhsilin keyfiyyətinin yüksəldilməsi"<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi və Avropa İttifaqının Tvinninq layihəsi - "Ali təhsilin keyfiyyətinin yüksəldilməsi" mövzusunda konfrans keçirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi universitetləri Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi üzrə hazırladığı yeni planlarla tanış etməkdir. Avropa İttifaqının Tvinninq layihəsi Azərbaycanın üç pilot universitetində - UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib. Keyfiyyət qiymətləndirmələri vasitəsilə Avropa standartlarını və təlimatlarını sınaqdan keçirməklə, keyfiyyətin yüksəldilməsi istiqamətində iş aparılıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard layihənin önəmini vurğulayıb. O bildirib ki, "Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Təhsil Nazirliyinə dəstək göstərilməsi" (AZ-ad-EHEA) Tvinninq layihəsi Avropa İttifaqının ali təhsilə aid ilk layihəsidir. Layihənin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri daha da inkişaf etdirəcəyinə əminliyini ifadə edən səfir konfransın işinə uğurlar arzulayıb.

Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik layihənin uğurla tamamlandığını bildirib: "Bu layihə həm də finlandiyalı və estoniyalı ekspertlər üçün azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşmək üçün gözəl fürsət idi".

Layihə rəhbərləri diqqətli və müfəssəl qiymətləndirmə həyata keçirərək, yerli kontekstə uyğunlaşdırılan tövsiyələr verdiklərini bildiriblər. Azərbaycanda ali təhsilin səviyyəsindən danışaraq, "layihə çərçivəsində bizimlə əməkdaşlıq edən Azərbaycan universitetlərinin məzunlarının bacarıqları göstərdi ki, onlar beynəlxalq layihələrdə uğurla işləyə bilirlər", deyə əlavə ediblər.

Konfransda layihə çərçivəsində verilən tövsiyələrin və əldə olunan nəticələrin Azərbaycan ali təhsilinin daha da yaxşılaşdırılması üçün tətbiqi məsələləri müzakirə edilib. Keyfiyyət təminatı, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlərin müstəqilliyi və Azərbaycanın ali təhsil ocaqları arasında daha sıx əməkdaşlıq kimi vacib məsələlər müzakirə olunub.

Konfransda Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyi və Akkreditasiya və Nostrifikasiya İdarəsi hazırlanan qaydaları şərh edərək, ali təhsil icması ilə fikir mübadiləsi aparılıb.

"Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üzrə" Tvinninq layihəsinin yekun konfransı avqustun 29-da keçiriləcək.

S.QARAYEVA

 





21.06.2017    çap et  çap et