525.Az

Görkəmli mollanəsrəddinçi Əliqulu Qəmküsar və müasirləri


 

Görkəmli mollanəsrəddinçi Əliqulu Qəmküsar və müasirləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

1913-cü ildə Ordubadi ilə Qəmküsarın arasında kiçik bir narazılıq olur.

Belə ki, Qəmküsar "Molla Nəsrəddin"in 5 aprel 1913-cü il tarixli 11-ci nömrəsində  "Sarsaqqulu bəy" imzası ilə dərc etdirdiyi "Əliyüngüllük" adlı felyetonunda M.S.Ordubadini "Qafqazda ikincidərəcəli ədib" adlandırır və onun   "Qanlı sənələr" adlı əsərinə tənqidi münasibətini bildirir. Ordubadi isə "Sədayi-həqq" qəzetinin 1913-cü il 17 dekabr 289-cu nömrəsində "Bizdə tənqid" adlı məqaləsində istehza və bir qədər də qeyri-təvazökarlıqla Qəmküsara cavab verərək yazır: "Yeni müdirimiz, bəndənin "Qanlı sənələr" namında əsərimi tənqid etmişdiniz. Haqqımda böyük mərhəmət olduğu üçün şadlığımdan təşəkkürə belə qadir ola bilmədim. Tənqidiniz haqlı idi. Zira o qədər savadınız vardır ki, türki bir şey oxuyub baş çıxarırsınız...Bizim kimi yarımçıqlara tənqid gözəl bir dərs olduğu üçün biz əbədən bu təhsildən qaçası deyiliz..."

Həmin yazının əvvəlində isə Ordubadi Qəmküsarı başqa bir məsələdə ittiham edir: "Molla Nəsrəddin" jurnalının təzə müdiri o möhtərəm ədibi-fazilimiz Nəcəfov cənablarından qabaqca bir sual etməliyiz: Cənab, sizin həmişə insaniyyətə xidmət etməyinizi yazırlar, yainki yazırsınız. Sizin o insaniyyətə qəsəm verirəm, qərəzsiz bir kəlmə cavab veriniz! Nə qədər Mirməhəmmədkərim "Üzrayi-Qüreyş"i tərcümə etməmişdi, siz cənab o kitabın adını belə eşidmişdinizmi? Yainki sizdə bir elə mahiyyət, bir elə iqtidar vardır ki, ərəbi ibarə bir kitabı Mirməhəmmədkərimimiz kimi deyil, ondan da alçaq tərcümə etməyə qadir olaydınız?"

M.S.Ordubadi ərəb yazıçısı Cürci Zeydaninin "Üzrayi-Qüreyş" əsərinin tərcüməçisi Mirməhəmmədkərimin Qəmküsar tərəfindən tənqid edilməsindən danışarkən yenə də "Əliyüngüllük" felyetonunu (bu felyetonda Qəmküsar adı çəkilən əsərin tərcüməçisini də lağa qoymuşdu) və çox ehtimal ki,  "Molla Nəsrəddin" jurnalının 1913-cü il 27 fevral tarixli 7-ci nömrəsinin üzqabığında verilən karikaturanı nəzərdə tutmuşdur. Karikaturanın aşağısında rişxəndlə yazılmışdır: "Mütərcim Fazili-yeganə, əllameyi-fəhhamə Axund Mir Mehdi Kərimulhac Mircəfərzadə Ələvi Hüseyni Əl Musəviyyul Bakuyi, sədri-qubernski məclis və qaziyi-vilayəti-Baku və nəvahi".

M.S.Ordubadinin "Bizdə tənqid" məqaləsinin dərcindən 14 gün sonra Ə.Qəmküsar "Molla Nəsrəddin"in 30 dekabr 1913-cü il tarixli nömrəsində ona iki bəndlik şeirlə belə cavab verir:           

Bir mühərrir ki, eybü nöqsanı
Yazdığı cümlədə pədid olsun.
Qanmasın bir sösün həqiqətini,
Anlamaq şəninə bədid olsun.

Saxlasın Mirmuxammedin tərəfin,
Canü dildən ona mürid olsun.
Əcəba, böylə bir şəqavət ilə
Yaraşarmı adı Səid olsun?

Bizcə, "Sədayi-həqq"in 1913-cü il 5 may tarixli 101-ci nömrəsində "M" imzası ilə dərc edilən aşağıdakı şeirin müəllifi isə M.S.Ordubadidir:

Hər nə isə "Molla Nəsrəddin" yazan sahib qələm,
Özgə eybin milçək olsa, yazmağa fil axtarır.
Bəs nədəndir, naxçıvanlı şairi-ziiqtidar,
Öz gözündə tiri görmür, özgədə qıl axtarır. 

Şeirdə "naxçıvanlı şairi-ziiqtidar" sözləri tədqiqatçı Qulam Məmmədlinin də təsdiq etdiyi kimi Ə.Qəmküsara edilən işarədir.   

Qəmküsarla Ordubadi arasında yaranan bu anlaşılmazlıq və narazılıq daha xoşagəlməz bir nöqtəyə gəlib çatır. Belə ki, Qəmküsar "Molla Nəsrəddin" jurnalının 1914-cü il 12 fevral tarixli 5-ci nömrəsində M.S.Ordubadiyə işarə ilə bir karikatura verir və "Sarsaqqulu bəy" imzası ilə "Asari-tərəqqi" adlı bir felyeton çap etdirir. Felyetonun bir yerində müəllif yazır: "Culfada 2 fevral gecəsi "Anqliya" mehmanxanasında bir ədib və iki nəfər tacir keflənib sazandalar ilə bir naməhrəmi oynadırmışlar. Nagah ədibin saxlaması Marusya qəflətən qapıdan girib şərab butulkasını çırpıb ədibin başına". Qəmküsarın yazdıqlarını əks etdirən İ.Rotterin çəkdiyi həmin karikaturanın altında bu sözlər yazılmışdır: "Ax! Nainsaf Kablayı Məhəmməd Şəfi! Sən ki könlünü özgəyə bağlayacaq idin, niyə məni neçə aylarla bənd edib saxlamısan? İndi çək əməlinin cəzasını". Başına butulka vurulan şəxsin sifəti M.S.Ordubadinin sifətinin eynidir. Tədqiqatçı Q.Məmmədli də bu karikaturanın M.S.Ordubadiyə işarə ilə çəkildiyini təsdiq etmişdir. 

Bizcə, Ordubadi ilə Qəmküsar arasında yaranan narazılığın iki səbəbi vardır. Bunlardan birincisi yuxarıda qeyd edildiyi kimi, "Qanlı sənələr" əsəri haqqında Qəmküsarın tənqidi qeydlərinin Ordubadini narazı salması, digəri isə Ordubadinin "Molla Nəsrəddin" məcmuəsinin mövqeyinə bəzən düzgün qiymət verə bilməməsidir. Məsələn, o, "Tazə həyat" qəzetinin 1907-ci il tarixli 48-ci nömrəsində "Səid" imzası ilə çap etdirdiyi "Ordubad" başlıqlı məqaləsində ruhaniləri tənqid edən "Molla Nəsrəddin" jurnalının ifrata vardığını əbəs yerə tənqid edirdi. Yaxud, yenə həmin qəzetin 1908-ci il tarixli 10-cu nömrəsində o, "Molla Nəsrəddin" babaya açıq məktub" adlı yazısında əsassız olaraq jurnalı məsuliyyətsizlikdə günahlandırırdı.

Ordubadi ilə Qəmküsar arasında olan bu narazılıq ideya ixtilafı deyildi. Məhz buna görə də həmin narazılıq sonralar inkişaf edib dərinləşmədi. Başqa cür də ola bilməzdi. Çünki hər iki sənətkar "qələmin müqəddəs vəzifəsini xalqa xidmət etməkdə" görürdülər. Ə.Qəmküsarın vəfatının  beş illiyi münasibətilə M.S.Ordubadinin "Kommunist" qəzetində (14 mart 1924) dərc etdirdiyi xoş sözləri isə böyük ədibin vaxtilə aralarında olan narazılığı unutduğunu göstərir.

Onu da qeyd edək ki, yuxarıda M.S.Ordubadiyə məxsus olduğunu iddia etdiyimiz şeir parçasının "Öz gözündə tiri görmür, özgədə qıl axtarır" misrasında müəyyən həqiqət də vardır. Faktlara müraciət edək.

1912-ci ildə Qəmküsarın doğma qardaşı jurnalist Rzaqulu Nəcəfovun belə bir etirafı var: "Dadaşım  (Əliqulu Qəmküsar - F.X.) Naxçıvanda qalır, işi yox, gücü yox... Başlayıb piyaniskalığa. Əgər başı bir işə məşğul olsa, əl çəkər".

1913-cü ildə "Molla Nəsrəddin"in İrəvan müxbiri Cabbar Əsgərzadə isə Məmmədəli Sidqiyə yazdığı məktubunun bir yerində qeyd edirdi ki, "...cənab Sidqi, təəssüf ki, Mirzə Əliqulu işləyir (Ə.Qəmküsarın "Molla Nəsrəddin"də  redaktor işləməsi nəzərdə tutulur - F.X.), "Molla Nəsrəddin" gözəl jurnaldır və Mirzə Əliqulu demirəm başarmaz və müqtədirdir də. Amma onun hərəkətləri İrəvan əhlini rəncidə etmişdir. Ta hal bir nəfər abunə yazdıra bilmirəm. Biri deyir... piyaniskadır, xalqı ələ salır..."

Bu barədə professor Əziz Şərifin "Gündəliy"inin 1913-cü il 17 mart tarixində yazdığı belə bir qeydi də vardır: "Sonra Əliqulu gəldi. Bərk sərxoş idi".

Göründüyü kimi, Qəmküsarın qardaşı və qələm dostları onun içkiyə aludə olduğunu  narahatlıqla qeyd etmişlər. Şübhəsiz ki, Ordubadi də "Öz gözündə tiri görmür, özgədə qıl axtarır" deyərkən məhz Qəmküsarın belə hərəkətlərini nəzərdə tutmuşdur.

Qəmküsarın içkiyə aludə olması səbəbsiz deyildi. Məlumdur ki, 1912-ci ilin əvvəllərində şairin həyat yoldaşı Xəndan xanım vəfat edir. Həyat yoldaşını itirmək şairə ağır mənəvi zərbə vurmuşdur. Bu hadisələr ona ömrü boyu gərgin ruhi əzablar vermiş və o, 1912-1913-cü illərdə içkiyə meyil etmişdir.

Şairin qızı Qəmər xanımın xatırladıqları da bu fikri təsdiq edir: "Atam Əliqulunun ömrünün ən çətin və fəlakətli vaxtlarında içkiyə meyil göstərdiyinin şahidi olmuşam. Anamın vəfatından sonra bir müddət evə gələndə məni qucağına alıb öpmək istədikdə hiss edirdim ki, o içib".

Ə.Qəmküsarın içkiyə aludə olmasının digər bir səbəbi isə bizcə, yaşadığı cəmiyyətdə rastlaşdığı bir çox ictimai eybəcərliklərin onun yükək ideallarına uyğun gəlməməsi idi. Məlumdur ki, məhz bu səbəb üzündən Qəmküsarın bəzi müasirləri də məyus və naümid olaraq içkiyə qurşanmışdılar. Belələrindən Cümşüd bəy Sultanov, Mirzə Cəlil Şürbi, Şahbaz ağa Kəngərli və başqalarının adlarını çəkmək olar. Müasirlərinin dediyinə görə, bu adamlar C.Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin baş qəhrəmanı kefli İsgəndərin prototipləridir. Qəmküsara gəldikdə isə o, yaxın dostları və müasirlərinin qayğısı və köməkliyi ilə, düşdüyü ümidsizlik torundan xilas ola bilmişdir. 

Nəhayət, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, "Qəmküsar və müasirləri" mövzusunda araşdırmaların aparılması oxucularda şairin qısa və mənalı həyatı, şəxsiyyəti, istedadı, ədəbiyyat tariximizdəki rolu və mövqeyi haqqında daha canlı, aydın və geniş təsəvvür yaratmaq üçün çox əhəmiyyətlidir. Bu mövzuda daha xüsusi elmi araşdırmaların aparılmasına ehtiyac vardır.

 





22.06.2017    çap et  çap et