525.Az

Meksika səfiri Milli Məclisin sədr müavini ilə görüşdü


 

Meksika səfiri Milli Məclisin sədr müavini ilə görüşdü<b style="color:red"></b>

İyunun 20-də Milli Məclisin binasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisin sədr müavini Valeh Ələsgərovla görüş keçirib.

Səfirlikdən verilən məlumata görə, görüşün əvvəlində tərəflər ikitərəfli münasibətlərə, xüsusən də, hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrə ümumi baxış keçiriblər.

Müzakirələr zamanı parlamentlərarası dostluq qruplarının rolu, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olunub. Bu xüsusda, bir çox ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən Parlamentlərarası İttifaqın vacibliyi vurğulanıb.

Qeyd olunub ki, bu gün hər iki ölkə müvafiq regionlarda əhəmiyyətli rola malikdir və bir çox sahələr üzrə onların oxşar cəhətləri mövcuddur: energetika, mədəniyyət, turizm və s. Zəngin neft-qaz yataqlarının mövcudluğu və bu sektorun inkişafı ikitərəfli əməkdaşlıq üçün maraq doğurur. Bundan əlavə, Meksika və Azərbaycan minilliklər mədəniyyəti olan ölkələrdir. Bu amil hər iki xalqa məxsus bəzi mədəni nümunələrinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs kimi elan olunmasına imkan yaradıb, eləcə də turistik sektorun inkişafına töhfə verib. Hazırda Meksikanın və Azərbaycanın ziyarətçiləri bu ölkələrdə olduqları zaman gözəl və unudulmaz mənzərələr, vacib tarixi abidələr, özünəməxsus adət-ənənələr, milli mətbəx və digərlərindən həzz ala bilərlər. Bu cür oxşarlıqların tapılması və təcrübə mübadiləsi xalqlar arasında tanıtım və yaxınlaşmaya gətirib çıxarır.

Xatırladaq ki, Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər 10 fevral 1992-ci il tarixində qurulub. Azərbaycan və Meksika səfirlikləri, müvafiq olaraq, 2007-ci və 2014-cü illərdə fəaliyyətə başlayıb.

Ceyhun ABASOV

 





22.06.2017    çap et  çap et