525.Az

Ermənistan cəbhə xəttində mülki ermənilərdən canlı divar kimi istifadə edir


 

İŞĞALÇI REJİM ACINACAQLI DEMOQRAFİK VƏZİYYƏT, ORDUDAN YAYINMA HALLARININ GENİŞ VÜSƏT ALMASI KİMİ SƏBƏBLƏRƏ GÖRƏ, CƏBHƏ XƏTTİNDƏ MÜQAVİLƏ İLƏ MÜLKİ ŞƏXSLƏRDƏN İSTİFADƏ ETMƏYƏ MƏCBUR OLUR

Ermənistan cəbhə xəttində mülki ermənilərdən canlı divar kimi istifadə edir<b style="color:red"></b>

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatlar törətməsi, nəticədə 6 hərbçisini itirməsi onlara dərs olmayıb və təxribatlarını davam etdirirlər.

Bu dəfə, iyunun 20-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstəriblər. Lakin Azərbaycan Ordusunun bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində kəşfiyyat qrupu aşkar edilib, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hərbçilərimizin çevikliyi nəticəsində, hətta təxribat qrupunun bir üzvü də ələ keçirilib.

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü Zaver Hovanis Karapetyan mülki şəxs olduğunu bildirib, yalnız pul müqabilində döyüş növbətçiliyinə cəlb olunduğunu deyib. Diversant qeyd edib ki, onların məqsədi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. Lakin Silahlı Qüvvələrimizin ayıq-sayıqlığı nəticəsində növbəti dəfə erməni təxribatının qarşısı qətiyyətlə alınıb, düşmən itki verərək geri çəkilməyə məcbur olub. Zaver Hovanis Karapetyan isə Azərbaycan Ordusunun hərbçiləri tərəfindən ələ keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərininin regiona səfəri fonunda baş verən bu təxribatçı fəaliyyət bir daha sübut edir ki, Ermənistan problemin həllində maraqlı deyil, işğal etdiyi torpaqları xoşluqla geri qaytarmaq istəmir. Əksinə, işğalçı ölkə cəbhə xəttində mütəmadi olaraq təxribatlar həyata keçirir və baş verən insidentlərdə Azərbaycanı günahkar kimi göstərməyə çalışır.

Təxribatçının etiraflarından bir daha məlum olur ki, Ermənistanda demoqrafik vəziyyət olduqca acınacaqlı vəziyyətdədir və ordudan yayınma halları geniş vüsət alıb. Ermənilər öz xoşu ilə cəbhə xəttində hərbi xidmət keçmək istəmirlər. Başqasının - Azərbaycanın işğal edilmiş torpaqlarında xidmət keçməkdən yayınma hallarının pik həddə çatması Ermənistan rəhbərliyini başqa variantlara əl atmağa, xüsusilə pul müqabilində mülki şəxslərdən orduda istifadə etməyə, cəbhə xəttində xidmətkeçməyə yollamağa vadar edir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, növbəti dəfə təsdiq olundu ki, Ermənistan cəbhə xəttində vəziyyətin gərginləşdirilməsində, Azərbaycanı təxribatlara çəkməkdə maraqlıdır: "Əslində, Ermənistanın rəsmi hakimiyyəti öz siyasətini məhz Dağlıq Qarabağ problemi üzərinə qurub. İşğalçı rejim bütün dünyada Azərbaycanı aqresiv ölkə kimi təqdim etməyə çalışır. Ancaq Müdafiə Nazirliyi tərəfindən yayılan video-görüntüdə Silahlı Qüvvələrimizin hərbçiləri tərəfindən tutulan erməni diversantının dediyi sözlərdən bir daha sübut olunur ki, Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsində, regionda mehriban qonşuluğunun olmasında, beynəlxalq hüququnun norma və prinsiplərinin işləməsində maraqlı deyil. Bununla belə işğalçı ölkə bilməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünə yönələn istənilən təhlükənin qarşısını qətiyyətlə alacaq və Ermənistan törətdiyi əməllərə görə cavab verəcək. Rəsmi Bakı həmişə Ermənistanın təxribatlarına qarşı adekvat reaksiya göstərib və bundan sonra da göstərəcək".

A.Mirzəzadənin sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq birlik Dağlıq Qarabağ məsələsində ikili standartlar siyasətini davam etdirir: "Bu gün Ermənistan işğalçı dövlət adlandırılmır, rəsmi İrəvandan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, güc yolu ilə zəbt olunmuş torpaqların geri qaytarılması tələb olunmur. Eyni zamanda, hazırda beynəlxalq hüququn norma və prinsipləri Dağlıq Qarabağ münaqişəsinin həllində əsas götürülmür. Sadəcə olaraq, tərəflərin bir-biri ilə razılığa gəlməsi prinsipi məsələyə ötəri yanaşmanın nümunəsidir. Bəzi xarici dövlətlərin problemə bu cür yanaşması heç bir halda Azərbaycanı öz ərazi bütövlüyü uğrunda mübarizəsindən çəkindirə bilməz".

Ermənistan rəhbərliyinin müqavilə ilə mülki şəxsləri orduya cəlb etməsinə də münasibət bildirən deputat qeyd edib ki, 3 milyona yaxın əhalisi olan Ermənistanın əsgər resursları 10 milyon əhalisi olan Azərbaycanın əsgər resursları ilə bərabər tutula bilməz: "Ermənistanın cəbhə boyu normal müdafiə olunması üçün Azərbaycandan 4-5 dəfə çox əhalisi olmalıdır. Bu imkanlar isə Ermənistanda yoxdur. Ermənilərin həm müharibə, həm də sosial-iqtisadi problemlərə görə Ermənistandan sürətlə köçüb getməsi, işğalçı ölkədə ordudan yayınma hallarının geniş vüsət alması hərbi xuntanı cəbhə xəttində müqavilə ilə mülki şəxslərdən istifadə etməyə məcbur edir. Bütün bunlar Ermənistanda demoqrafik vəziyyətin, hərbi siyasətin acınacaqlı durumda olduğunu göstərir".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Ermənistan həmişə cəbhə xəttində təxribatlar törədir: "Ermənilər guya xaricdən aldıqları müşahidə sistemi vasitəsilə cəbhədə baş verənləri qeydə aldıqlarını iddia edirlər. Əsl həqiqət isə bundan ibarətdir ki, Ermənistan qoşunları təmas xəttində Azərbaycan bölmələrini atəşə tutanda, kəşfiyyat-təxribat qrupları göndərəndə həmin monitorinq sistemlərini söndürür, yalnız Azərbaycan atəş açanda işlək vəziyyətə gətirirlər. Sonda bu görüntüləri beynəlxalq dövriyyəyə buraxaraq təmas xəttinə guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu sübut etməyə çalışırlar. Bir sözlə, ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün min cür hiylədən istifadə edirlər. Ancaq ermənilərdən soruşan yoxdur ki, onların özgəsinin torpaqlarında nə işləri var. Əlbəttə ki, Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi yoldan istifadə etmək hüquqi var. Hazırda isə rəsmi Bakı atəşkəs rejiminə riayət edir, məsələnin sülh yolu ilə həll olunmasına çalışır. Atəşkəsi isə həmişə Ermənistan qoşunları pozur. Azərbaycan Silahlı Qüvvələri isə işğalçı ölkənin atdığı addımlara qarşı cavab tədbirləri görür, erməni diversiya qruplarının təxribat cəhdlərinin qarşısını qətiyyətlə alır. Sonuncu belə hal zamanı isə Ermənistanın diversiya qrupunun bir üzvü hərbçilərimiz tərəfindən tutulub".

Q.Hüseynli qeyd edib ki, Ermənistan diversiya qrupları hazırlayaraq mütəmadi şəkildə cəbhə xəttində təxribatlar törətməkdə maraqlıdır: "Həmsədrlərin dişsiz siyasəti fonunda erməni saxtakarlığı dünya ictimai rəyini aldatmaqda davam edir".

Politoloq hesab edir ki, Ermənistanda əhali durmadan xarici ölkələrə köçür və buna görə də, işğalçı ölkədə demoqrafik böhran yaşanır: "Ermənistanda vəziyyət həm iqtisadi, həm də insan resursları baxımından sürətlə geriyə doğru gedir. Bu da Ermənistanın onsuz da bərbad vəziyyətdə olan hərbi durumuna mənfi təsir edir, yaşlı nəsildən olan mülki şəxslərin pul qarşılığında orduya cəlb olunması, diversiya qrupları daxilində təxribat missiyalarına göndərilməsi ilə nəticələnir. Ermənistan öz vətəndaşlarından canlı divar kimi istifadə edir və güllə qabağına çıxarır".

Ceyhun ABASOV

 





22.06.2017    çap et  çap et