525.Az

Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn


 

Özünüməşğulluq - <b style="color:red">öz məşğulluğunu qur və ailə biznesinə yiyələn</b>

Prezident İlham Əliyev 7 aprel 2016-cı il tarixdə "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Həmin sərəncamla əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb. Sərəncamının icrası ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya iclasında "İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri" təsdiq edilib. Bu tələblərdən irəli gələrək, Azərbaycanın əksər bölgələrində məşğulluq mərkəzləri tərəfindən özünəməşğulluq proqramının icra olunmasına başlanılıb. Dövlət başçısının müvafiq sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində 2016-cı ilin 1 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb. Özünüməşğulluq proqramı çərçivəsində ümumilikdə 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün mal və materiallar verilməsi, beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub. 

76 rayon və şəhər üzrə işaxtaran vətəndaşlar 

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bu barədə bildirib ki, özünəməşğulluq proqramının həyata keçirilməsində əsas məqsəd kiçik biznesin inkişaf etdirilməsi və gənclərin məşğulluğunun artırılmasıdır. O, ötən ildən etibarən bu proqramının icrasına başlanmasını sosial sahədə önəmli tədbirlərdən biri kimi dəyərləndirib. Qeyd edib ki, ölkənin 76 rayon və şəhəri üzrə bu proqramda iştirak etmək istəyən işsiz və işaxtaran vətəndaşlar biznes bilik və bacarıqlarına yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb ediliblər. Nazirin sözlərinə görə, ötən ilin noyabr ayının əvvəlindən kursları başa çatdıranlar üçün qiymətləndirmə prosesinə başlanılıb və qiymətləndirmədən keçən vətəndaşların biznes-planları uğurlu hesab olunub, onlara sertifikatlar verilib. Bunun ardınca isə həmin şəxslərin biznes-planlarının reallaşdırılması üçün mal və materiallar formasında dəstəklənməsi təmin edilib. İndiyə qədər Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Qəbələ, İsmayıllı, Göyçay, Ağsu, Salyan, Bərdə, Sabunçu, Suraxanı, Xəzər və digər rayonlarda belə tədbirlər görülüb.  

Vətəndaşlara biznes qurmaq üçün maddi dəstək veriləcək 

Nazirliyin Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov özünüməşğulluq proqramını daha geniş şəkildə şərh edərək bildirib ki, ümumilikdə 1500 nəfər işsizin 376 nəfərin Bakıdan, digər 1124 nəfərin rayonda seçilməsi planlaşdırılıb. Onun sözlərinə görə, Abşeron İqtisad rayonunda 88, Gəncə-Qazaxda 191, Şəki-Zaqatalada 96, Lənkəranda 120, Quba-Xaçmazda 82, Aran İqtisadi rayonunda 282, Yuxarı Qarabağda 103, Kəlbəcər-Laçında 40, Dağlıq Şirvan 43, Naxçıvan Muxtar Respublikasında isə 82 nəfər işsizin işinə dəstək veriləcək. Şöbə müdiri deyib ki, Bakının rayonlarında da seçim əhalini sayına uyğun olacaq. İ.Həsənov qeyd edib ki, biznes layihələri seçilən şəxslərə nağd pul yox, ancaq biznesini qurmaq üçün ilkin mərhələdə tələb olunan avadanlıqlar, materiallar, eləcə də heyvanlar alınıb verilir: "Məsələn, heyvandarlıq və quşçuluqla məşğul olmaq istəyən şəxslərə heyvanlar və quşlar verilir. Tikiş sexi qurmaq istəyənlər tələb etdikləri məbləğ həcmində maşınlar, parçalar, kəsici alətlər, digər aksesuarlar alırlar. İstixana qurmaq istəyənlərə orada istifadə olunacaq xüsusi yeşiklər, toxumlar, gübrələr verilir. Yun və dəri emalı ilə məşğul olmaq istəyənlərə təmizləyici və dəri aşılayan qurğuların, yunu darayan və əyirib ipə çevirən maşınlar verilir. Gözəllik salonu işlədənlərə güzgü və stollar, stullar, şkaflar, xüsusi alətlər verilir. Ayrılan avadanlığın və əşyaların təyinatı üzrə istifadəsinə ciddi nəzarət edilir. Vaxtaşırı monitorinqlər aparılır və bundan sonra da aparılacaq. Əgər proqram çərçivəsində biznes qurmaq üçün maddi dəstək alan şəxslər vəsaitləri təyinatı üzrə istifadə etməsələr, yəni, görsək ki, alınan avadanlıqları vətəndaşlar öz bildikləri kimi istifadə edib heç bir iş görməyiblər, onda həmin avadanlıqlar geri alınacaq". 

Növbəti illərdə bu layihə daha da genişləndiriləcək 

Nazirliyin şöbə müdiri layihələrin qiymətləndirilmə meyarlarından da söhbət açıb. Bildirib ki, təlimlər 3 aydır və təlimə qatılan hər kəs sonradan öz biznes layihəsini qiymətləndirmə komissiyasına təqdim edir. Bütövlükdə 6 qiymətləndirmə mərhələsini keçən layihələrə vəsait ayrılır. İ.Həsənovun sözlərinə görə, indiyə qədər seçilən layihələrin böyük əksəriyyəti heyvandarlıq sahələrinə aiddir: "Müraciətlər arasında istixanaların yaradılması, müxtəlif xidmət sahələrinə - tikiş, kişi və qadın salonları, bəzək kursları və digər obyektlərin açılmasına aid olan layihələr də var.  Bununla yanaşı, biznes layihələrdə damazlıq südlük və ətlik inəklərin saxlanması, süd məhsullarının istehsalı, damazlıq qoyunların saxlanması və dəri, yun emalı müəssisəsi, yun sap və dəri məmulatlarının, at yəhəri və digər aksesuarların istehsalı da nəzərdə tutulur. Quşçuluq sektorunda biznes qurmaq istəyən şəxslər də var. Gələn illərdə bu layihənin daha da genişləndirilməsi nəzərdə tutulur. Proqrama qoşulmaq formsı da dəyişəcək. Belə ki, iş qurmaq istəyən işsiz vətəndaşlar nazirliyin saytına müraciət edərək qeydiyyatdan keçəcəklər. Xüsusi komputer proqramı onların məlumatları əsasında ilkin seçim aparacaq. Sonra isə seçim adi qaydada davam etdiriləcək və uyğun vətəndaşlar dəstəklənəcək". 

Özünəməşğulluq pilot layihə kimi ölkəmizdə tətbiq olunub 

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı "525-ci qəzet"ə açıqlamasında deyib ki, beynəlxalq təcrübədə sosial yardımların, eyni zamanda əhalinin sosial dəstəyinin daha müasir metodlarla həyata keçirilməsi istiqamətində trendlər zamanla daha da təkmilləşdirilir. Ekspertin fikrincə, burada əsas məqsəd gəlirlərin davamlılığını təmin etmək, bununla yanaşı, gəlirlərin dinamikasının artan istiqamətə yönəltməkdir. O, qeyd edib ki, bu məqsədlə Azərbaycanda da bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir: "Düzdür, əvvəlki illərdə buna diqqət nisbətən az idi. Çünki dövlətin gəlirləri kifayət qədər yüksək idi. Bu gəlirlər fonunda daha təkmil təcrübənin istifadəsinə o qədər də əhəmiyyət verilmirdi. Əsasən aztəminatlı insanlara ünvanlı sosial yardım şəklində dövlət köməklik göstərirdi. Lakin indi reallıqlar tamam fərqlidir. Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb, neft ixrac edən ölkə kimi Azərbaycanın da gəlirləri bu səbəbdən azalıb. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də digər sahələrdə daha effektiv təcrübələrin tətbiq edilməsi dövlət üçün prioritetə çevrilib. Özünəməşğulluq proqramının icrası da bu kontekstdə həyata keçirilən tədbirlərdən biridir. Bundan əvvəl də özünüməşğulluq pilot layihə kimi ölkəmizdə tətbiq olunmuşdu. Amma sonradan bunun davam etdirilməsinə əhəmiyyət verilmədi. Ancaq ölkə başçısının ötən ilin aprel ayında imzaladığı sərəncamla özünüməşğulluq sahəsi yenidən gündəmə gətirildi. Burada dövlətin əsas hədəfi bundan ibarətdir ki, sosial yardıma, qayğıya ehtiyacı olan vətəndaşa iş yeri yaratmaqla, onun dövlət büdcəsindən asılılığını azaltmaq, vətəndaşın gələcək rifahının yaxşılaşdırılması prosesində onun öz iştirakçılıq səviyyəsini yüksəltməkdir. Misal üçün, ünvanlı sosial yardım dövlət tərəfindən müəyyən müddətə verilir, onun həcminin gələcəkdə artırılması müəyyən prosedurlar tələb edirdi. Ancaq özünüməşğulluq proqramı çərçivəsində vətəndaş öz layihəsini icra edərkən daha da təkmilləşərək gəlirlərini dəfələrlə artıra bilər. Bu gün kiçik bir ailə təsərrüfatını yaradan vətəndaş pul qazandıqca öz biznesini daha da genişləndirməyə, daha çox pul qazanmağa maraqlı olacaq. Beləliklə də kiçik bir biznes plan uğurla icra edildikdə gələcəkdə böyük bir müəssisəyə çevrilə bilər. Həm dünyada, həm də Azərbaycanda belə təcrübələr çoxdur. Özünüməşğulluq proqramının uğurlu icrası dövlət büdcəsinin yükünün azaldılması baxımından da önəmlidir. Beləki, öz məşğulluğunu təmin edən vətəndaş ən birincisi dövlət büdcəsindən ünvanlı sosial yardım almır. Digər tərəfdən həmin vətəndaş öz məşğulluğunu təmin etməklə, biznes layihəsini uğurla icra etməklə gəlirlərini artırır və buna görə dövlət büdcəsinə vergi ödəyir. Təbii olaraq belə halda vətəndaş nə qədər çox gəlir əldə edirsə, bir o qədər də ona uyğun olaraq vergi ödəyir". 

Dövlət məşğulluq siyasətinin, sosial müdafiə sisteminin tərkib hissəsi 

Sabiq millət vəkili, iqtisadçı Əli Əlirzayev də qəzetimizə açıqlamasında deyib ki, özünüməşğulluq hər bir vətəndaşın öz ailə təsərrüfatını, işçi qüvvəsini, bacarığını nəzərə alaraq qurmaq istədiyi kiçik biznesdir. Onun sözlərinə görə, bu biznesi ideyadan, layihədən reallığa çevirmək üçün əsas tələb olunan kapitaldır ki, bunu da özünüməşğulluq proqramı çərçivəsində dövlət öz üzərinə götürməyə başlayıb: "Belə layihəni reallığa çevirmək istəyən qohum-əqrəbadan, dost-tanışdan borc almalı, yaxud bankdan kredit götürərək borclanmalı idi. Amma indi Azərbaycanda dövlət öz resurslarından istifadə edərək vətəndaşın bu istəyini reallığa çevirmək istəyir. Bu imkandan yararlanan vətəndaş öz təsərrüfatını, biznesini yarada, daha da genişləndirə bilər. Təbii ki, bütün hallarda bu addım dəstəklənir. Ümumi yanaşsaq, bu istiqamətdə görülən işlər dövlətin məşğulluq siyasətinin, sosial müdafiə sisteminin tərkib hissəsidir".

Hər bir insan öz zəhmətinin nəticəsi ilə dolanmalıdır

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da qeyd edib ki, özünüməşğulluq proqramı vətəndaşlarımıza dövlətin dəstəyi ilə normal təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmək imkanları yaradacaqdır. Ekspertin sözlərinə görə, dövlət öz vətndaşlarına bu yolla iş yerləri açmaqla, onları hökumətdən birdəfəlik yardımlar almaqdan, bu istiqamətdə arxayınlaşmaqdan uzaqlaşdırır: "Bu, çox doğru və düşünülmüş bir siyasətdir. Hər bir insan öz zəhmətinin nəticəsi ilə dolanmalıdır. Ələbaxımlılıq əhval ruhiyyəsi insanları tənbəlləşdirir və o, uzun zaman davam etdikdə insanın qayıdıb yenidən normal əmək fəaliyyətinə başlaması çətin olur. Bu səbəbdən, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat vəsait ayrılması tədqirə layiqdir. Əgər kiminsə əkib becərmək və ya hər hansı bir formada məhsul istehsal etmək və ya xidmət göstərməklə qazanc əldə etmək imkanı varsa və bu imkanın reallaşmasına dövlət dəstəyi mövcuddursa, onda həmin vətəndaş hansı məntiqlə dövlətdən birdəfəlik maddi yardım almalıdır? Bax, elə bu səbəbdən də dövlətin özünüməşğulluqla bağlı atdığı addımların alternativi ola bilməz".

Müşfiq ŞÜKÜRLÜ
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir 

 





23.06.2017    çap et  çap et