525.Az

Enerji təhlükəsizliyinin hüquqi problemləri


 

Enerji təhlükəsizliyinin hüquqi problemləri<b style="color:red"></b>

Qloballaşma dövründə həm ümumdünya miqyasında, həmçinin dünyanın müxtəlif regionlarında beynəlxalq sülhə və təhlükəsizliyə yeni təhdidlər və çağırışlar yaranmaqda davam edir.

Son zamanlar Suriyada, İraqda, ümumiyyətlə, Yaxın Şərqdə cərəyan edən hadisələr buna əyani sübutdur. Heç də sirr deyil ki, belə növ təhdidlərin və çağırışların əhəmiyyətli dərəcədə böyük bir hissəsi məhz enerji təhlükəsizliyi problemləri ilə birbaşa əlaqəlidir. Bu səbəbdən enerji təhlükəsizliyi problemlərinin araşdırılması böyük nəzəri və praktiki olmaqla bərabər, həm də mühüm ictimai-siyasi əhəmiyyətə malikdir. Bu müddəa şübhəsiz ki, enerji resursları ilə zəngin olan Xəzər hövzəsinin tədqiqinə də aiddir.

Oxuculara yeni təqdim olunmuş Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun "Enerji təhlükəsizliyinin regional problemləri"  monoqrafiyası (2017) müasir  dövrdə bu mühüm istiqamət üzrə Azərbaycan Respublikasında dövlət səviyyəsində aparılan məqsədyönlü siyasətin reallıqlarını, ölkəmizin həmin sahə üzrə təcrübəsini və gələcək inkişaf perspektivlərini elmi şəkildə əks etdirən qiymətli elmi mənbədir. Müəllif haqlı olaraq qeyd edir ki, Xəzər hövzəsi regionunda təhlükəsizlik məsələlərinin elmi cəhətdən araşdırılması bu böyük coğrafi əraziyə məxsus olan hər bir region dövlətinin fərqli xarici siyasətinin formalaşdırılması baxımından olduqca əhəmiyyətli bir problemdir. Dünyada baş vermiş və çevik şəkildə davam edən dəyişikliklər bizim ölkədə Azərbaycan Respublikasının geosiyasi maraqlarına cavab verə biləcək müstəqil siyasi xəttin hazırlanması və həyata keçirilməsini təmin etmişdir. Seymur Talıbov bu qənaətində haqlıdır ki, Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş xarici siyasəti formalaşdırmadan ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin etmək çox çətin olardı. Monoqrafiyada göstərildiyi kimi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

Monoqrafiyada "Xəzər regionu dövlətlərinin milli maraqları və beynəlxalq hüquqi əməkdaşlığın xüsusiyyətləri" məsələsinin ayrıca fəsildə tədqiq olunması problemin aktuallığından və xüsusi əhəmiyyətə malik olmasından doğur. Müəllifin də haqlı olaraq qeyd etdiyi kimi, Xəzər hövzəsi regionunun geosiyasi və etnosiyasi qanunauyğunluqları regional sabitliyin və təhlükəsizliyin mühüm şərtinə çevrildiyindən bu faktorların öyrənilməsi Azərbaycan Respublikasının müstəqilliyi istiqamətində həyata keçirilən uğurlu siyasət baxımından xüsusi bir məsələyə çevrilmişdir. Qloballaşma və regional inteqrasiya prosesləri də Xəzər hövzəsi regionunda, buradakı dövlətlərarası, siyasi, iqtisadi, rabitə, etnik, mədəni və s. sferalardakı münasibətlərə həlledici təsir göstərməkdədir. Bütün bu sferalardakı münasibətlərin tənzimlənməsi başa çatmadan daha bir problem - Xəzərin enerji resurslarının hasilatı, nəqli meydana gəlmişdir.

Seymur Talıbov elmi cəhətdən əsaslandırılmış şəkildə göstərir ki, Orta Asiyanın və Xəzər hövzəsinin zəngin neft-qaz ehtiyatları XXI əsrdə dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edəcəyindən həmin resurslara, həmçinin Çindən başlayaraq Avropaya kimi Avrasiyadan keçən nəqliyyat yollarına nəzarət dünya siyasətinin mərkəzi problemlərinə çevrilmişdir.

Müəllif problemin elmi-nəzəri həlli ilə yanaşı, konkret praktik məsələlərinə də diqqət yetirmişdir. Qeyd olunmuşdur ki, Avrasiyada Xəzər regionunun geosiyasi əhəmiyyətinin getdikcə artması məhz onun yerləşdiyi coğrafi ərazi ilə, zəngin təbii resursları ilə əlaqədardır. Əlverişli coğrafi vəziyyət və zəngin resurslar regional ziddiyyət və qarşıdurmaları da meydana gətirir. Bu baxımdan regional əməkdaşlıq modeli işlənib hazırlanmadan nə region dövlətlərinin ayrı-ayrılıqda, nə də ümumilikdə bölgəni əhatə edən kollektiv təhlükəsizliyin təminatından söhbət gedə bilməz.

Tədqiqatçı nəzərə çarpdırır ki, Sovet dövlətinin süqutundan sonra, Xəzər regionunun enerji resursları dünya iqtisadiyyatının resurs bazasını formalaşdırmağa başlamışdır. Azərbaycan Respublikası, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan Xəzər hövzəsini SSRİ-İran məkanından çıxaraq özünəməxsus siyasət yeridən dövlətlərin ərazisinə çevrilmişdir. Bu özünəməxsusluq Xəzərin resurslarının sənaye, sosial, iqtisadi və digər sahələrdə istifadə edilməsi siyasətində təzahür etməkdədir.

 Əsərdə göstərilir ki, Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməməsi digər problemlərin, o cümlədən, enerji resurslarının hasilatı, nəqli ilə bağlı məsələlərin həllini də zəruri etmişdir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli qanununda ölkəmizin milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. Monoqrafiyada Seymur Talıbovun "Regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığın beynəlxalq hüquqi prinsipləri"nin tədqiq edilib araşdırılmasına geniş planda nəzər yetirməsi problemin xüsusi aktuallığa malik olması ilə əlaqədardır. Diqqət mərkəzinə çatdırılır ki, ölkəmizə qarşı enerji təhlükəsizliyi sferasında mümkün olan müxtəlif təhdidlərin qarşısını almaq, ən azından müəyyən dərəcədə onların təsirini aradan qaldırmaq və ya azaltmaq məqsədilə 23 may 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası təsdiq edilmişdir. Bildirilir ki, bu sənəd kompleks xarakterlidir və təhlükəsizliyin müxtəlif sahələrini (sosial, hərbi, iqtisadi, ekoloji, informasiya, ərzaq və s.) əhatə edir. Konsepsiyada hətta enerji təhlükəsizliyi siyasətinə ayrıca bir bölmə həsr edilib. Həmçinin, sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası digər əməkdaşlıq edən dövlətlərlə birgə beynəlxalq və regional problemlərin həlli istiqamətində fəaliyyəti həyata keçirir. Belə prioritet istiqamətlərdən biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Tədqiqatçı göstərir ki, Azərbaycan Respublikası enerji təhlükəsizliyi sferasında regional əməkdaşlıqda balanslaşdırılmış, alternativliyi nəzərdə tutan və qarşılıqlı etimada əsaslanan mexanizmlərə üstünlük verməkdədir. Çünki bu zaman həm ikitərəfli, həm də çoxtərəfli tənzimetmə mexanizmləri işləyir və proseslərin inkişafına xidmət edir. Müəllifin həmin istiqamətdə təhlildən keçirib ümumiləşdirdiyi nəticələr region dövlətləri üçün çıxış modellərinin hazırlanmasına da ciddi elmi töhfə ola bilər.

Hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov belə bir elmi qənaətə gəlir ki, Azərbaycan Respublikası Xəzər regionunda enerji təhlükəsizliyi sferasında əməkdaşlıqda üstünlük verdiyi məsələlərin yalnız bərabərhüquqlu, beynəlxalq hüquqi vasitələrlə həllinə çalışır. Regional enerji təhlükəsizliyinin təminatında iştirak edərkən Azərbaycan Respublikası öz siyasətində bir sıra problemlərin həllinə xüsusi diqqət yetirməkdədir. Müəllif həmin problemlərə aşağıdakıları adir: Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədi ilə əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Nüvə Elektrik Stansiyasının region üçün potensial təhlükə mənbəyi olması, nüvə silahının yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun regional münasibətlərin tənzimlənməsi zərurəti, neft və qaz yataqlarının təhlükəsizliyi problemi. Bundan başqa, Seymur Talıbov haqlı olaraq Xəzərin ümuməhatəli beynəlxalq hüquqi statusunun müəyyən edilməməsini, Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların işlənməsini, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılmasını, əsas ixrac neft və qaz kəmərlərinə olan təhdidləri də həlli zəruri olan problemlərin sırasında görür.  Müəllif bu məsələlərdən hər biri haqqında ciddi elmi araşdırmalar aparmış, problemin kompleks həlli üçün faydalı təkliflər irəli sürmüşdür. Monoqrafiyada ifadə edilən əsas problemlər regiondakı iştirakçıların dairəsi ilə onların maraqları kontekstindən araşdırılmış, ümumi maraqlar üçün mümkün mexanizmlərin müəyyən edilməsinə çalışılmışdır.

Problemin beynəlxalq hüquqi əsaslarının tədqiqi Azərbaycan beynəlxalq hüquq elmi üçün yenilik xarakteri kəsb edir. Müstəqillik dövründə regional əməkdaşlıq məsələləri, onun müxtəlif istiqamətləri ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılsa da, bilavasitə regional enerji təhlükəsizliyi, o cümlədən, Xəzər regionunun enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri ayrıca tədqiqat obyekti olmamışdır. Azərbaycanda problemə yaxın istiqamətdə bir sıra tədqiqatlar aparılsa da, konkret enerji təhlükəsizliyi ilə əlaqədar məsələlər burada diqqət mərkəzinə gətirilməmişdir. Seymur Talıbov Xəzər hövzəsində beynəlxalq hüquqi əməkdaşlıq problemini ilk dəfə olaraq sistemli elmi tədqiqata cəlb etmişdir. Ona görə də hazırkı monoqrafiyanın həm də dəyəri ondan ibarətdir ki, o bu sahədə olan müəyyən boşluğu əhəmiyyətli dərəcədə doldurmuş və bir çox elmi məsələlərə aydınlıq gətirmişdir.

Müəllif əsərdə region dövlətlərin enerji təhlükəsizliyi siyasəti və onun bir- biri ilə uzlaşdırılması üzrə əməkdaşlığın beynəlxalq hüquqi formalarının araşdırılmasına da xüsusi diqqət yetirir. Bu da tam əsaslıdır, çünki regionda enerji təhlükəsizliyinin artırılmasına yönəlmiş beynəlxalq münasibətlərin beynəlxalq hüquqi tənzimlənməsinin səmərəliyinin artırılmasına yaxından kömək edə bilər. Bu mənada Seymur Talıbovun monoqrafiyasındakı "Regional energetika əməkdaşlığının həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi" məsələsi ayrıca bir fəslin elmi obyektinə çevrilmişdir. Bu zaman ilk növbədə enerji təhlükəsizliyi sahəsində beynəlxalq hüquqi problemlərinin həlli dövlətlər arasında regional əməkdaşlığın bir sıra kompleks xarakterli anlayış və kateqoriyaların açıqlanması zərurəti qeyd edilmiş, "enerji diplomatiyası", "enerji təhlükəsizliyi", "enerji təhlükəsizliyi sferasında regional əməkdaşlıq", "regional enerji münasibətləri", "enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" və s. həm doktrinal, həm də normativ anlamda müəyyən məzmun kəsb edən anlayışların məzmunu aydınlaşdırılmış və hədəfləri açıqlanmışdır. Bütövlükdə müəllif beynəlxalq enerji təhlükəsizliyini mühüm bir hüquqi faktor kimi müəyyən edə bilmişdir. Seymur Talıbov inandırıcı şəkildə göstərir ki, uzun müddət sahilyanı dövlətlərdən İranın, Türkmənistanın, Rusiyanın Xəzərin resurslarından istifadəsi üçün yalnız Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsindən sonra mümkünlüyü üzrə mövqeləri ölkəmizin apardığı uğurlu milli siyasət nəticəsində neytrallaşdırılmışdır.

Monoqrafiyada diqqəti cəlb edən məsələlərdən biri də Xəzər regionu dövlətlərinin milli maraqları və beynəlxalq hüquqi əməkdaşlığın xüsusiyyətlərinin və həmçinin, Xəzərin beynəlxalq hüquqi statusunun  energetika sferasında regional əməkdaşlığa təsiri məsələlərin tədqiq edilməsidir. Müəllif  belə bir nəticəyə gəlir ki, Xəzərin enerji resurslarının istifadəsində ikitərəfli əməkdaşlıq müasir dövr üçün müəyyən problemlərin həllini təmin etsə də ümumi statusun müəyyən edilməsi üçün bu yetərli deyildir. Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsindəki problem əslində regional əməkdaşlıqdakı fərqli maraqların mövcud olmasının təzahürüdür. Bununla yanaşı, regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığın beynəlxalq hüquqi prinsiplərini araşdıraraq, müəllif  belə bir yekun nəticə çıxarır ki, bu prinsiplərə həm beynəlxalq hüquq praktikasında, həm də dövlətdaxili qanunvericilik təcrübəsində nə qədər ciddi əməl olunarsa, regional enerji təhlükəsizliyinin təminatı da bir o qədər səmərəli ola bilər. Bu isə öz növbəsində enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq münasibətlərin tənzimlənməsinin daha da effektiv mexanizminin qurulması üçün əsas şərtlərdən biridir.

Diqqəti cəlb edən məqamlardan biri də monoqrafiyada enerji təhlükəsizliyi sferasında region dövlətlərinin milli konsepsiyaları və onun qanunvericilik əsası təhlil edilərkən müəllifin müqayisəli-hüquqi metoddan istifadə etməsidir. Bunun nəticəsində Xəzər hövzəsində olan dövlətlərin enerji təhlükəsizliyi sferasında milli konsepsiyaları və onların qanunvericilik əsasları arasında ümumi yanaşmaların və fərqlərin müəyyən edilməsi imkanı yaranır. Müəllif belə bir nəticə çıxarır ki, bu ölkələrin energetika strategiyasının qanunvericilik əsasını daxili qanunvericilik aktları ilə yanaşı, onların tərəfdar çıxdığı beynəlxalq müqavilələr formalaşdırır. Və beləliklə, beynəlxalq müqavilələr milli strategiyanın istiqamətləri üzrə əməkdəşlığın beynəlxalq hüquqi mənbəyini təşkil edirlər. 

Əsərin dəyərini artıran məqamlardan biri də burada Azərbaycan Respublikasının energetika sferasında regional əməkdaşlığının beynəlxalq hüquqi formalarının tədqiq olunmasından ibarətdir. Seymur Talıbovun monoqrafiyanın "Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri" fəslində əhatə etdiyi problemlər əslində, müstəqil bir dissertasiyanın və ya ayrıca bir kitabın mövzusu ola bilər. Müəllif bu fəsildə qarşıya qoyulan problemin bütün aspektlərini hərtərəfli şəkildə təhlildən keçirmişdir. Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətinin energetika sisteminə təsiri, regionun enerji təhlükəsizliyinin hüquqi əsasları kimi nəzəri məsələlərdən çıxış edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan  bu regionda enerji təhlükəsizliyi proqramlarının uğurla həyata keçirilməsinin mahiyyəti aydınlaşdırmışdır. Əsərdə görkəmli dövlət xadimi Heydər Əliyevin XX əsrin doxsanıncı illərinin başlanğıcında, çox çətin şəraitdə Naxçıvanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirdiyi tədbirlərin yüksək hüquqi-siyasi qiyməti verilmişdir. Monoqrafiyanın yeniliyi həmçinin demək olar ölkə hüquq ədəbiyyatında ilk dəfə olaraq Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının rolu və yerinin tədqiq edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütövlükdə ölkə üzrə, xüsusən də Naxçıvan Muxtar Respublikasında yeni enerji mənbələrinin yaradılması və regionda enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirdiyi uğurlu siyasətin bəhrələri tədqiqatda obyektivlik mövqeyindən dəyərləndirilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycanın bu ayrılmaz üzvi tərkib hissəsində əldə etdiyi mühüm reallıqlar və açılan yeni imkanlar da tədqiqat prosesində aydın surətdə işıqlandırılır. Bu məqamda müəllifin irəli sürdüyü təkliflər regionda həmin istiqamətdə gedən məqsədyönlü proseslərin daha uğurlu nəticələrə gətirib çıxarmasına elmi dəstəyin ifadəsidir.

Monoqrafiyada oxşar və ya ona yaxın problematika üzrə müxtəlif ən yeni xarici tədqiqatlardan və elmi əsərlərdən istifadə edilməsi əsərin dəyərini daha da artırır.

Hesab edirəm ki, Seymur Talıbovun "Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri" monoqrafiyası vacib elmi dəyərə malikdir və beynəlxalq enerji təhlükəsizliyinin beynəlxalq hüquqi aspektlərinə, xüsusən də Xəzər hövzəsinə dair, həsr olunmuş gələcək elmi işlərdə və tədqiqatlarda elmi cəhətdən əsas vasitə kimi çıxış edə bilər. Bundan başqa, təqdim olunan kitab enerji təhlükəsizliyinin regional problemlərini tədqiq olunması və proqnozlaşdırılması baxımından da yeni baxışları ifadə edən əsər kimi də  mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun "Enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" monoqrafiyası ölkəmizin uğurlu enerji siyasətinin elmi əsaslarını və praktik uğurlarını və böyük perspektivlərini əks etdirən əhəmiyyətli əsərdir. Kitab siyasətçilər, diplomatlar, beynəlxalq əlaqələr üzrə mütəxəssislər, iqtisadçılar, ali məktəb müəllimləri, gənc tədqiqatçılar və mütəxəssislər üçün faydalıdır.

Əli NURİYEV
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

 





23.06.2017    çap et  çap et