525.Az

Müslümov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşdü


 

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ İLƏ UNİCEF ARASINDA BİRGƏ ƏMƏKDAŞLIQ VƏ GƏLƏCƏK FƏALİYYƏT İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ OLUNUB

Müslümov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşdü<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Səlim Müslümov qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, bunun üçün onların və ailələrinin sosial xidmətlərə əlçatanlığının təmin olunması ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindəndir.

S.Müslümov Azərbaycan prezidenti İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq ölkədə etibarlı sosial təminat sisteminin formalaşdığını və bu sistemin əhatəliliyinin təmin olunduğunu vurğulayıb: "Bu gün Azərbaycanın sosial təminat sisteminin əhatə dairəsində olanların bir hissəsi də uşaqlardır. Belə ki, hazırda sağlamlıq imkanları məhdud uşaqlardan, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarından, habelə aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlardan ibarət olmaqla, ümumilikdə 102,2 min nəfər uşağa görə aylıq sosial müavinət ödənilir. Həmçinin, ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə aylıq əmək pensiyası verilir və onların da ailə üzvlərinin böyük əksəriyyəti, eləcə də ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərinin demək olar ki, yarısı uşaqlardır".

Nazir bildirib ki, bununla bərabər, nazirliyin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, ümumilikdə 331 nəfər sağlamlıq imkanları məhdud uşaq daimi dövlət təminatında yaşayır və stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər: "Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrin də ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Eyni zamanda, fondun dəstəyi nəticəsində Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyətə başlayıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulması yönündə də mühüm işlər aparılıb. Ötən ilin dekabr ayında prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Burada ən müasir tələblər səviyyəsində reabilitasiya şəraiti yaradılıb".

S.Müslümov nazirliyin sosial sifarişləri əsasında icra olunan sosial xidmət layihələrinin böyük əksəriyyətinin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmasına, müvafiq təbəqələrdən olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yönəldiyini qeyd edib. Nazir bildirib ki, müvafiq təbəqələrdən olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, onların sosial xidmətlərlə təminatı sahəsində fəaliyyətin səmərəli təşkilində UNİCEF-lə əməkdaşlıq xüsusi önəm kəsb edir: "Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNICEF arasında 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq "Uşaq qayğı sistemində islahatlar" üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və s. kimi mühüm istiqamətlərdə əməkdaşlıq həyata keçirilib. 2016-cı ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan "2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı" əməkdaşlığımızın inkişafında mühüm rol oynayıb".

E.Karvardin isə Azərbaycanda uşaqların sağlam və firavan böyümələri, fiziki-mənəvi inkişafı üçün aparılan siyasəti yüksək dəyərləndirib. O, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib və birgə fəaliyyətin qarşıdakı dövrdə uğurla davam etdirilməsi üçün yaxşı zəmin formalaşdığını vurğulayıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Ceyhun ABASOV

 





23.06.2017    çap et  çap et