525.Az

Yaponiya məktəblilərinə Azərbaycan multikulturalizmi barədə məlumat verildi


 

Yaponiya məktəblilərinə Azərbaycan multikulturalizmi barədə məlumat verildi<b style="color:red"></b>

İyunun 21-də Yaponiyanın paytaxtı Tokionun Maçida qəsəbəsində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti seminar keçirilib.

Artıq 6 ildir Yaponiyanın Hokkaydo Universitetinin təhsil alan doktorant, bu ölkənin hökumət təqaüdçüsü, konfliktoloq Əlibəy Məmmədov Maçida məktəblilərinə Azərbaycan, onun tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı, siyasi sistemi və multikulturalizmin Azərbaycan modeli haqqında geniş məlumat verib və şagirdlərin suallarını cavablandırıb.

Bu dəfə Azərbaycanla bağlı, ümumilikdə 2 seminar təşkil edilib ki, bu seminarların hər birində 40 şagird və 5 müəllim olmaqla, ümumilikdə 90 nəfər iştirak edib.

Ə.Məmmədov əsas diqqəti Azərbaycanda multikulturalizm mövzusuna yönəldib. O qeyd edib ki, Azərbaycan ərazisinə görə o qədər də böyük dövlət olmasa da, burada müxtəlif mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri bir böyük ailənin üzvləri kimi yaşayırlar. Azərbaycanın zəngin tarixindən söhbət açan həmyerlimiz bildirib ki, dünya ölkələri arasında aktiv şəkildə müzakirə edilən mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın özünəməxsus yeri var: "Bu baxımdan Azərbaycan dünyada nümunəvi səciyyə daşıyır. Ölkəmizdə tarix boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayıblar. Sevindirici hal ondan ibaraətdir ki, müasir Azərbaycanda da bu ənənə davam etməkdədir. Bu, Azərbaycanın dünyaya fəxrlə göstərə biləcəyi və göstərə bildiyi ali xüsusiyyətlərindən, dəyərlərdən biridir. Bu ali dəyər Azərbaycan üçün yüzilliklər boyu gündəlik həyatın bir hissəsinə çevrilib".

Ə. Məmmədov vurğulayıb ki, Azərbaycan dünyada sadəcə zəngin neft və qaz yataqlarına malik olan dövlət kimi deyil, həm də Avropa və dünya səviyyəli idman yarışlarının, o cümlədən, tarixdə ilk dəfə Avropa Oyunlarının, eyni zamanda Formula 1 yarışlarının, mədəniyyətlərarası dialoqların, beynəlxalq görüşlərin keçirildiyi, dini etiqad azadlığının tam təmin olunduğu, tolerant və multikultural ənənələrlə zəngin bir dövlət kimi tanınmaqdadır.

Seminarla bağlı söhbət açarkən Ə. Məmmədov bildirib ki, məktəbə daxil olanda müəllimlərlə birgə şagirdlərin Azərbaycanla bağlı məlumatı demək olar ki, yox idi: "Lakin seminar bitdikdən sonra başlayan müzakirələrdə məktəblilərin əksəriyyəti Azərbaycana getmək istədiklərini, onlardan bəziləri isə hətta burada iş qurmaq fikrində olduğunu ifadə ediblər".

Qeyd edək ki, bu dəfə ki, seminarlarda Azərbaycanla bərabər, İran, Nepal, Özbəkistan, Kambociya, Sinqapurdan olan müəllimlər də öz ölkələri ilə bağlı çıxışlar ediblər.

Ə.Məmmədov bundan sonra da müntəzəm olaraq Yaponiya məktəblilərinə Azərbaycanla bağlı müxtəlif bilikləri aşılayacağına əminliyini ifadə edib. O qeyd edib ki, gələcəkdə hər iki ölkənin məktəbləri arasında bilik körpülərinin yaradılmasında böyük fayda ola bilər.

Ceyhun ABASOV

 





23.06.2017    çap et  çap et