525.Az

Həmsədrlər insitutunda da ciddi dəyişikliklər olmalıdır


 

YALNIZ BU HALDA QARABAĞ PROSESİ BEYNƏLXALQ HÜQUQ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNA BİLƏR

Həmsədrlər insitutunda da ciddi dəyişikliklər olmalıdır<b style="color:red"></b>

"Çox təəssüf ki, həmsədrlər regiona sadəcə olaraq vaxtaşırı özlərinin fəaliyyətlərinin görüntüsünü yaratmaq üçün səfər edirlər. Həmsədrlərin regiona budəfəki səfəri də növbəti protokol səfəri idi və göründüyü kimi, ortada heç bir nəticə olmadı".

Bu barədə vasitəçilərin regiona səfərini şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

ATƏT-in Minsk qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarına söykənən mövqenin ortaya qoyulmadığına təəssüfləndiyini deyən deputat bildirib ki, həmsədrlərin budəfəki bəyanatları da əvvəlkindən çox cüzi fərqləndi:  "Çox təəssüf ki, yenə də Ermənistan tərəfinin son günlər cəbhə xəttində törətdiyi təxribatlara, itkilərə münasibət bildirilmir. İlk növbədə Azərbaycana hərbi əməliyyatları dayandırmaq çağırışı edilir, daha sonra eyni müraciət İrəvana və Dağlıq Qarabağdakı separatçılara verilir. Nə səbəbdən Azərbaycan belə qabardılır? Niyə Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizə apardığı nəzərə alınmır?"

A. Mirzəzadə hesab edir ki, həmsədrlər Dağlıq Qarabağ məsələsinə diqqət etməlidirlər: "Çünki Ermənistanın tutduğu mövqe, təxribatı gələcəkdə cəbhə xəttində daha böyük gərginlik yarada bilər. Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır. Ölkəmiz ərazilərinin bütövlüyünü tələb edir. Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş torplaqlardan çıxarılmasını tələb edir. Nə qədər ki, Ermənistan beynəlxalq hüquq normalarına riayət etmək istəmir, Azərbaycan beynəlxalq hüquqlara əsaslanaraq, ərazi bütövlüyünü təmin etmək üçün bütün hüquqlardan istifadə etmək əzmindədir".

Siyasi şərhçi Elçin Mirzəbəyli isə  hesab edir ki, Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Ermənistanın cəbhə xəttində hər dəfə təxribat törətməsi məqsədyönlü bir addımdır. Bu, bütövlükdə danışıqlar prosesinin pozulmasına xidmət edir.

Onun sözlərinə görə, Ermənistanın səfər zamanı təxribat törətməsi, eyni zamanda həmsədrlərin nümayiş etdirdiyi mövqe idi ki, bu da prinsip etibarı ilə onların daşıdığı missiyaya qətiyyən uyğun gəlmir. Siyasi şərhçi qeyd edib ki, həmsədrlərin ötən gün Bakıya səfərindən sonra verdikləri bəyanat ümumi söz yığınından başqa bir şey deyil:  "Mütəmadi olaraq oxşar bəyanatlar verilir, bu bəyanatlarda konkret faktlar, Ermənistanın həyata keçirdiyi təxribatın sülh prosesinə vurduğu zərbə, müharibənin, hərbi əməliyyatların daha da genişlənməsi ehtimalının qarşısının alınması istiqamətində həmsədrlərin atacağı addımlarla bağlı fikirlər səsləndirilmir. Eyni zamanda, işğalçıya qarşı da konkret mövqe ortaya qoyulmur. Bu, faktiki olaraq həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin özünə olan münasibətindən irəli gəlir. İndiki şəraitdə belə anlaşılır ki, məqsəd, əslində mövcud status-kvonu qoruyub saxlamaqdan ibarətdir və ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər problemin həlli istiqamətində ciddi addım atmaq niyyətində deyillər".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə vurğulayıb ki, artıq 25 ildir ki, vasitəçilər Dağlıq Qarabağ münaqişəsinə düzgün yanaşma sərgiləmirlər.

Deputatın sözlərinə görə, vasitəçilər səfərləri zamanı Azərbaycanın işğal olunmuş əraziləri, Ermənistanın təcavüzünü müzakirə etmir, onlar təcavüzkara fərqli, beynəlxalq hüquq normalarından kənar baxış sərgiləyirlər: "Nəticədə də təcavüzkar danışıqlar prosesini pozur, uzun illərdir ki, beynəlxalq ictimaiyyəti və təşkilatları aldadır. Bu da təbii ki, beynəlxalq hüququn aliliyinə olan hörmətsizlikdir".

A. Mollazadə söyləyib ki, həmsədrlərin münaqişəyə yanaşması o halda dəyişə bilər ki, onların ilk növbədə müzakirə məsələsi məhz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi olsun:  "Çox təəssüf ki, biz bu yanaşmanı hələ də görmürük. Bu baxımdan da həmsədrlərin Azərbaycana səfərindən heç bir nəticə olmur. Bu dəfəki səfər də mənə diplomatik turizmi xatırladır".

Həmsədrlərin regiona səfəri zamanı separataçılarla görüşünə toxunan deputat söyləyib ki, bunun özü vasitəçilərin fəaliyyətinin beynəlxalq hüquqa əsaslanmadığının bariz nümunəsidir.

İki həmsədr ölkə olan - ABŞ və Fransada hakimiyyət dəyişikliyinin vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına hər hansı bir təsirinə gəlincə A. Mollazadə qeyd edib ki, ABŞ-da seçkilərin nəticəsində Administrasiyaya seçilən yeni şəxslərin erməni lobbisi ilə bilavasitə heç bir əlaqəsi yoxdur: "Bilirsiniz ki, bundan öncə ABŞ-ın sabiq dövlət katibi Con Kerri 907-ci düzəlişin müəllifi idi və onun Amerika Erməni Milli Komitəsi ilə sıx əlaqəsi var idi. Yeni Admistrasiyanın isə ermənilərdən heç bir asılılığı yoxdur. Fransaya gəlincə, orada da seçkilərdən öncə Emmanuel Makro dəfələrlə soyqırımdan danışır, onun seçki zamanı Fransada zəngin və fəal olan erməni diasporaları ilə əlaqəsi var idi. Üçüncü həmsədr Rusiyadır ki, o da real olaraq Ermənistanın sahibidir. Hər kəs bilir ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın hərbi ərazisidir. Ermənistan silahlı qüvvələri artıq Rusiyanın tərkib hissəsidir, onların bütün iqtisadiyyatı da Rusiya tərəfindən özəlləşdirilib. Bu baxımdan düşünürəm ki, həmsədrlər insitutunda da ciddi dəyişikliklər olmalıdır. Yalnız bu halda, Dağlıq Qarabağ prosesi beynəlxalq hüquq çərçivəsində həll oluna bilər".

PƏRVANƏ

 





23.06.2017    çap et  çap et