525.Az

"Məqsəd imtahanların tam obyektiv keçirilməsinin təmin edilməsidir"


 

"Məqsəd imtahanların tam obyektiv keçirilməsinin təmin edilməsidir"<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub.

Mediaturda iştirak edən "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, təhsil eksperti Nadir İsrafilov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev və KİV nümayəndələri Azərbaycan Dövlət Pedaqoji Kollecində təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara, cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər.

Tədris prosesi haqqında məlumat verən kollecin direktoru Qulu Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmin tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir.

Q.Novruzov bildirib ki, ADPK-da qiymətləndirmənin dəqiq, obyektiv aparılması və cavabların hərtərəfli dəyərləndirilməsi üçün yeni qiymətləndirmə meyarları hazırlanıb. Tələbənin bilik və bacarıqlarını dəqiq ölçmək məqsədilə qiymətləndirmə üzrə yeni meyar cədvəli hazırlanıb və hər bal üçün onlarla meyar tərtib olunub. Meyarları hazırlamaq və tətbiq etmək səriştəsini mənimsətmək məqsədilə cavabların yoxlanması prosesini aparan müəllimlərə noyabr-dekabr aylarında xüsusi təlimlər keçirilib.

Yaz semestri imtahan sessiyasının təşkili ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək üçün kollec üzrə əmr imzalanıb. Həmin əmrə əsasən kollecin imtahan qərargahı yaradılıb. Sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması üçün apellyasiya komissiyası təşkil olunub. Obyektivliyi təmin etmək məqsədilə kodlaşma, yoxlama və emal otaqları hazırlanıb. İmtahanlar yazılı keçirilir.

Kollec rəhbəri qeyd edib ki, Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. Bu qərarın orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirən Q.Novruzov artıq kifayət qədər tələbə və müəllim kontingentinə malik belə bir orta ixtisas təhsili müəssisəsinə rəhbərlik etməyin məsuliyyətli bir iş olduğunu söyləyib.

Ölkədə hər zaman təhsilin inkişafına, təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını vurğulayan direktor prezident İlham Əliyev tərəfindən son illər Azərbaycan elminin və təhsilinin inkişafı istiqamətində məqsədyönlü işlərin aparıldığını məmnunluq hissi ilə qeyd edib.

Kollec rəhbəri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qarşıya qoyulan əsas hədəflərə də toxunub, sənəddə təhsil müəssisələrində tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı müddəaların öz əksini tapdığını deyib.

Onun dediyinə görə, bu gün kollecdə təhsil alan tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi ən əhəmiyyətli məsələ hesab edilir. Q.Novruzov bu kollecə direktor təyin olunduğu zaman ilk olaraq təhsil alan gənclərlə görüşdüyünü, onların təklif və arzuları ilə yaxından tanış olduğunu, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə bir sıra mühüm addımların atıldığını və yeniliklərin tətbiq edildiyini söyləyib. Builki yaz imtahan sessiyasının yeni qaydada-yazılı şəkildə aparıldığını, tələbələrin yazdıqları cavablar əsasında bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirməklə yanaşı, digər bir məsələni - onlarda yazı vərdişlərinin necə formalaşdığını öyrəndiklərini də deyib: "Təhsilin məqsədi şəxsiyyət yetişdirməkdir və bu şəxsiyyətin yetişməsində önəmli faktorlardan biri də innovativ, peşəkar pedaqoji səriştələrə malik müəllimlərin formalaşdırılmasıdır".

Sonra QHT və KİV nümayəndələri, təhsil üzrə ekspertlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildiriblər.

S.QARAYEVA

 





23.06.2017    çap et  çap et