525.Az

Ağcabədinin meşə fonduna külli miqdarda zərər - qanunsuzluq davam edir


 

MEŞƏ İDARƏSİNİN KOLLEKTİVİ BU CİNAYƏT ƏMƏLLƏRİNİN QARŞISININ ALINMASINI TƏLƏB EDİR

Ağcabədinin meşə fonduna külli miqdarda zərər - <b style="color:red">qanunsuzluq davam edir</b>

Bugünlərdə redaksiyamıza şikayət məktubu daxil olub.

Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri və rayon sakinləri Rabil Cəfərov, Əlağa Səfiyev, Oktay İbrahimov, İnşallah Xəlilov və digərləri, ümumilikdə 103 nəfər meşə ərazisinin qanunsuz yolla zəbt olunaraq sahibkarlıq subyektinə çevrilməsindən şikayətçidirlər. Bildirilir ki, 2000-ci ildə qanunsuz sənəd əsasında Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən 20 hektor 80 sot torpaq zəbt edən Akif İbrahimov 2004 - 2015-ci illər ərzində həmin müəssisədə işləyən Vidadi Muradovla birgə meşə ərazisində 283 yaş ağacı kəsərək mal-qara saxlamaq üçün inşa etdikləri tikililərdə istifadə ediblər: "Onlar Ağcabədi Meşə Fonduna ziyan vurmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin 2,4 maddəsi ilə cinayət törədiblər".

Bildirilib ki, Akif İbrahimov zəbt etdiyi meşə torpağında 1000 metr uzunluğu, 1 metr eni və 1,3 metr dərinliyi olan xəndək qazıb və həmin ərazidəki cavan meşə ağaclarını məhv edib. Şikayətçilər qeyd ediblər ki, Vidadi Muradov isə 2012-ci ildə Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus olan SNP-500/10 su nasosunun 1 ədəd radiatorunu, 1 ədəd pompasını, 1 ədəd puskaçını, 1 ədəd kalbiratorunu, 1 ədəd pompanın remenini və 1 ədəd puskaçın sveçasını icazəsiz olaraq götürüb, mənimsəyib: "Meşə idarəsinin işçiləri həmin hissələri axtardıqda isə Vidadi Muradov Oktay İbrahimovla İnşallah Xəlilova deyib ki, həmin hissələri o, icazəsiz götürüb. Bir həftədən artıq söz-söhbətdən sonra Vidadi Muradov yalnız götürdüyü pompanı geri qaytarıb, qalan hissələri isə verməkdən imtina edib. İdarənin kollektivi Vidadi Muradov barəsində bir dəfə Respublika Prokurorluğuna, bir dəfə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Lakin zəruri tədbirlər görülmədiyi üçün Vidadi Muradovdan digər hissələri almaq mümkün olmayıb".

Bu xüsusda məhkəmə instansiyalarına müraciət etdiklərini deyən şikayətçilər Ağcabədi rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin qərarlarına baxmayaraq, Korrupsiya İdarəsinin müstəntiqi Müslüm Şahmarovun hər iki məhkəmənin baxdığı mülki işi cinayət işinə çevirdiyini bildiriblər.

Daha sonra şikayətdə deyilir: "Vidadi Muradov və Akif İbrahimov Korrupsiya İdarəsinin müstəntiqinə pul, saxta məlumatlar veriblər ki, Ağcabədi Meşə İdarəsinin işçilərinə qarşı cinayət işi qaldırsın. Halbuki, məhkəmənin qərarından sonra müstəntiqin mülki işi araşdırmağa qətiyyən ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qanunlarına görə, mülki işə yalnız məhkəmə orqanlarında baxılır, araşdırılır və qətnamə qəbul edilir".

Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Müzəffər Cəfərov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubuna və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Akif İbrahimovun zəbt etdiyi meşə torpaqlarında inşa etdiyi qanunsuz tikililər sökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komissiyası müəyyən edib ki, Akif İbrahimov Ağcabədi Meşə İdarəsinin 20 hektar 80 sot ərazisini saxta sərəncam əsasında zəbt edib, ağacları kəsərək orada ferma inşa edib.

M.Cəfərov qeyd edib ki, bu məsələdə Akif İbrahimov ondan narazı qaldığı üçün köhnə iş yoldaşı olan Korrupsiya İdarəsinin müstəntiqi Müslüm Şahmarovu köməyə çağırıb: "Müstəntiq bizə hədə-qorxu gəlir, dövlət əmlakına ziyan vuranları isə müdafiə edir. İdarənin işçiləri Vidadi Muradovla Akif İbrahimov barəsində 50-dək ərizə yazsalar da, müstəntiq Müslüm Şahmarov Vidadi ilə Akifə cinayət işi qaldırmır".

Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri ölkə rəhbərliyindən Korrupsiya İdarəsinin müstəntiqi Müslüm Şahmarovun aparıdığı qanunsuz və saxta işlərə son qoyulmasını və meşə ərazisini qanunsuz yolla zəbt edərək sahibkarlıq subyektinə çevirən Vidadi Muradovla Akif İbrahimov barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş edirlər.

CEYHUN

 





23.06.2017    çap et  çap et