525.Az

Ermənistan danışıqlar prosesinə növbəti dəfə zərbə vurdu


 

"BU GÜN BƏRBAD VƏZİYYƏTDƏ OLAN ERMƏNİSTAN SABAH DÜNƏNKİ GÜNÜNƏ ŞÜKÜR EDƏCƏK"

Ermənistan danışıqlar prosesinə növbəti dəfə zərbə vurdu<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona baş tutan növbəti səfəri fonunda Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun cəbhə xəttində təxribat törətməyə çalışması bir daha sübut edir ki, işğalçı ölkə sülh danışıqlarından boyun qaçırır, problemin dinc yolla həll olunmasında maraqlı deyil.

İyunun 20-də, axşam saatlarında Azərbaycan Ordusunun bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində aşkar edilən erməni diversiya qrupunun qarşısının alınması, düşmənin itki verərək geri çəkilməyə məcbur edilməsi, hərbçilərimizin çevikliyi nəticəsində təxribat qrupunun Zaver Karapetyan adlı üzvünün ələ keçirilməsi erməni yalanlarını növbəti dəfə ifşa edir.

Pul müqabilində cəbhə xəttində növbə çəkən, diversiya qrupları tərkibində tapşırıqlarda iştirak edən təxribatçının etiraflarından bir daha məlum olur ki, Ermənistanda demoqrafik vəziyyət olduqca bərbad vəziyyətdədir və ordudan yayınma halları geniş vüsət alıb. Ermənilər öz xoşu ilə cəbhə xəttində hərbi xidmət keçmək istəmirlər. Xüsusilə də, özgə torpaqlarda (oxu: Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində) hərbi xidmət keçməkdən yayınma hallarının kütləviliyi Ermənistan rəhbərliyini tükənməkdə olan insani resurslarından canlı divar kimi istifadə etməyə, cəbhə xəttində xidmətkeçməyə yollamağa vadar edir. Bu, onu deməyə əsas verir ki, miqrasiya prosesi yayğın olduğundan Ermənistanda zaman keçdikcə hərbi xidmət üçün adam tapmaq daha da çətinləşəcək.

O cümlədən, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərinə yerləşdirilmiş ermənilərin də onlara məxsus olmayan bu torpaqları sürətlə tərk etdiklərini nəzərə alsaq, işğalçı Ermənistan üçün vəziyyətin daha da bərbad olduğu qənaətinə gəlmək olar.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, həmsədrlər hər dəfə regiona səfər edərkən, danışıqlar prosesində müəyyən intensivlik müşahidə olunarkən işğalçı Ermənistan təxribatlara əl ataraq çalışır ki, bu danışıqlar baş tutmasın, nəticəsiz qalsın: "Həmsədrlərin Bakıya səfəri zamanı onları qəbul edən prezident İlham Əliyev bu faktı bir daha diqqətə çatdırıb. Təəssüf ki, biz yenə də Ermənistan tərəfindən həmin ssenarinin işə salındığının şahidi olduq. Yenə də həmsədrlərin regiona səfəri zamanı oxşar proseslər baş verir. Əvvəlcə Azərbaycan bir əsgərini şəhid verdi. Daha sonra Ordumuzun qətiyyətli cavab zərbəsi nəticəsində 6 erməni hərbçisi məhv edildi. Təbii ki, bu cür şəraitdə danışıqların reallaşması qeyri-mümkün görünür. Ermənistanın əsl niyyəti də məhz bundan ibarətdir".

E.Nəsirovun sözlərinə görə, düşmən ölkə həmsədrlərin ciddi cəhdlə danışıqları bərpa etmək niyyətində olduğunu, ilk olaraq xarici işlər nazirlərinin görüşünü təşkil etmək, daha sonra isə bunun məntiqi davamı olaraq prezidentlər səviyyəsində görüş keçirməyə nail olmaq istədiklərini görəndə dərhal təxribatlara əl atıblar: "Keçən ilin iyun ayındakı Sankt-Peterburq danışıqlarından artıq bir il vaxt ötdüyünü və bu müddət ərzində prezidentlərin növbəti görüşünün keçirilmədiyini nərəzə alsaq, rəsmi İrəvan hesablayır ki, belə bir görüşün keçirilməsi reallaşa bilər. Ona görə də, erməni tərəfi silsilə təxribatlar törədərək prosesin qarşısını almağa çalışır. Bu dəfə də belə oldu. Ermənistan növbəti diversiya qrupunu təmas xəttindən keçirib Azərbaycana qarşı təxribata göndərdi. Ordumuzun qətiyyətli davranışı sayəsində düşmənin təxribat qrupunun qarşısı alındı və ermənilər itki verərək geri çəkilməyə məcbur edildilər. Hətta həmin diversiya qrupunun bir üzvünün hərbçilərimiz tərəfindən ələ keçirildiyi də məlumdur".

Deputat hesab edir ki, bu, erməni təxribati dalana dirənən danışıqlar prosesinə növbəti zərbədir: "Bu halda hansı sülh danışıqlardan söhbət gedə bilər? Tərəflərdən biri - Ermənistan mütəmadi olaraq atəşkəsi pozur, iriçaplı silahlardan istifadə edir, artileriya qurğularını işə salır və təkcə Azərbaycanın hərbi nöqtələrini deyil, eyni zamanda, dinc əhalinin yaşadığı əraziləri də atəşə tutursa, təbii şəkildə danışıqlar prosesi arxa plana keçir".

E.Nəsirovun sözlərinə görə, prezident İlham Əliyev həmsədrlərə izah etdi ki, Ermənistanın bu təxribatlarının arxasında danışıqlar prosesini pozmaq məqsədi dayanır: "Bu reallıq fonunda həmsədrlər ünvansız bəyanatlara son qoymalı, Dağlıq Qarabağdakı separatçı rejimi "de-fakto" hakimiyyət adlandırmaqdan əl çəkməlidirlər. Yəni, bu cür yanaşma tərzi ilə münaqişəni həll etmək mümkün olmayacaq".

Deputatın fikrincə, bu vəziyyətdən yeganə çıxış yolu, ölkə başçısı İlham Əliyevin dəfələrlə bildirdiyi kimi daha da güclənməkdir: "Biz gücləndikcə, düşmən daha da vahimə içərisinə düşür".

Ermənistanda pul müqabilində orduya cəlb olunma hallarından danışan E.Nəsirov qeyd edib ki, sırf pul müqabilində döyüşən əsgər və zabitdə vətənpərvərlik hissi ola bilməz: "Əgər muzdlu döyüşçüyə müqavilədə nəzərdə tutulan məbləğ ödənilməsə, onun xidmətə heç bir marağı olmaz. Çünki həmin döyüşçülər üçün milli maraqlar deyil, yalnız şəxsi maraqlar var və bu maraqlar uğrunda da səngərdə "xidmət" edirlər".

Deputatın sözlərinə görə, bu gün Ermənistan elə bir demoqrafik problemlə üz-üzə qalıb ki, ön cəbhəyə göndərməyə əsgər tapa bilmir: "Hətta yayılan xəbərlərə görə, ermənilər qızları da orduya cəlb etməyə başlayıblar. Artıq Ermənistanda həm təbii demoqrafik problem, həm də kütləvi miqrasiya hərbi sahədə çatışmazlıqlara səbəb olur, orduda kişi çatışmazlığı məsələsi ortaya çıxır. Erməni gənclər özləri deyirlər ki, gələcəklərini lənətə gəlmiş Ermənistanda deyil, başqa ölkələrdə görür və qurmaq istəyirlər. Eyni zamanda, ermənilər aprel döyüşlərindən sonra bu qənaətə gəliblər ki, Ermənistan dövləti ordu quruculuğuna, hərbi nizam-intizama, maddi-texniki bazaya heç diqqət yetirməyib və ona görə də, ordu bərbad vəziyyətə düşüb. Belə olan halda erməni əsgəri ölmək istəmir və öz nicatını başqa ölkəyə köçməkdə görür. Bu reallıq fonunda Ermənistan dövləti məcburdur ki, pul mübaqilində ayrı-ayrı insanları cəbhə xəttinə göndərsin. Ona görə də, Azərbaycan Ordusu keçən ilin aprel ayında əks həmlə ilə düşmənin cavabını verəndə bizim əsgərlərimizin qabağına çıxmağa normal erməni hərbçisi tapılmırdı. Bu, həqiqətdir və bunu hər kəs bilir. Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistan dövləti işğalçılıq siyasəti nəticəsində yalnız iflasa uğramış iqtisadiyyat, təcrid-blokada vəziyyəti, kəskin miqrasiya və yoxsulluq qazanıblar. Əgər Ermənistan torpaqları geri qaytarsa, qonşuluq münasibətlərinə keçsə, normal gələcəyə sahib ola, ermənilər gələcəyə ümidlə baxa bilərlər. Əks halda bu gün bərbad vəziyyətdə olan Ermənistan sabah dünənki gününə şükür edəcək".

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə qeyd edib ki, Ermənistan heç vaxt sülh danışıqlarına əməl etməyib: "Əgər rəsmi İrəvan sülh danışıqlarına sadiq olsaydı, o zaman BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşlatmasına dair qəbul etdiyi 4 qətnaməni yerinə yetirərdi. Bunun əksinə olaraq, Ermənistan rəhbərliyi öz ordusu ilə bağlı mif yaratmışdı ki, guya bunlarda keçilməz Ohanyan xətti var. Hərçənd, aprel döyüşləri zamanı Azərbaycan Ordusu çox qısa vaxt ərzində bu xətti darmadağın edərək, növbəti erməni mifini ifşa etdi".

E.Həsənli hesab edir ki, Ermənistan təmas xətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətə diversiya qrupları göndərməklə aprel məğlubiyyətinin əvəzini çıxmağa çalışır: "Lakin onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Sonuncu belə təxribat cəhdinin də qarşısının alınması onu deməyə əsas verir ki, düşmən hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olacaq, təxribatçı dəstənin üzvləri ələ keçiriləcək. Çünki Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir".

Təxribat cəhdinin qarşısı alınarkən hərbçilərimiz tərəfindən ələ keçirilən erməni diversantın muzdlu döyüşçü olmasına diqqət çəkən hərbi ekspert qeyd edib ki, bu hal Ermənistan ordusunun insan resusrları baxımından böyük problemlərlə üz-üzə olduğunu göstərir: "Ermənistanda ordudan yayınma halları durmadan artır. Erməni anaları etiraz edirlər ki, onların övladları özgə torpaqlarda həlak olurlar. Çünki bütün ermənilərə məlumdur ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır".

E.Həsənlinin sözlərinə görə, Azərbaycanın yürütdüyü uğurlu siyasət nəticəsində Ermənistan Dağlıq Qarabağı nə özünə birləşdirə bilir, nə tanıya bilir, nə də xarici ölkələrə tanıtdırmağa müvəffəq olur: "Ermənistan sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur. Lakin düşmən bilməlidir ki, onu keçən ilin aprel hadisələrindən daha böyük məğlubiyyət gözləyir. Çünki bu dəfə problemin birdəfəlik həll olunması məsələsi gündəmə gələ bilər. Bu diversiya hücumlarının cavabı çox ciddi olacaq. Azərbaycan Ordusunun gücü buna tam imkan verir".

ATƏT-in Minsk qrupunun həmsədrlərinin yarıtmaz fəaliyyətindən danışan ekspert bildirib ki, əgər vasitəçi dövlətlər bu problemin həlli ilə ciddi məşğul olmasalar, Azərbaycan məsələni özü həll edəcək: "Təəssüf doğurur ki, həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfli münasibət göstərir, Ermənistana maddi-mənəvi dəstəklərini əsirgəmirlər".

E.Həsənli hesab edir ki, əgər həmsədr dövlətlər kənarda dursalar, Azərbaycan 10 gün ərzində düşməni yerində oturdar, işğal olunmuş torpaqları tam azad edər: "Bununla da məsələ birdəfəlik öz ədalətli həllini tapar. Lakin həmsədrlər bu münaqişə ilə ciddi məşğul olmur, vaxt-aşırı regiona səfər edir, tərəflərlə görüşür və quru bəyanatlar səsləndirməkdən başqa bir iş görmürlər. Ona görə də, status-kvo dəyişmir, həll prosesində irəliləyiş müşahidə olunmur. Ancaq bir reallıq da var ki, zaman Azərbaycanın xeyrinə işləyir. Günü-gündən zəifləyən düşmən öz xoşu ilə zəbt ediyi torpaqları geri qaytarmasa, Azərbaycan əsgəri erməniyə öz gücünü göstərəcək".

Ceyhun ABASOV

 





23.06.2017    çap et  çap et