525.Az

Ermənilər Cənubi Qafqazda gəlmə millətdir - faktlarla


 

ELÇİN ƏHMƏDOV: “ERMƏNİLƏR “MARAĞA-150” ABİDƏSİ İLƏ AZƏRBAYCAN TORPAQLARINA 150 İL ƏVVƏL KÖÇÜRÜLDÜKLƏRİNİ ETİRAF EDİBLƏR”

Ermənilər Cənubi Qafqazda gəlmə millətdir - <b style="color:red">faktlarla</b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) növbəti dəfə regiona səfər ediblər.

Məqsəd təbii ki, danışıqlar prosesi ilə bağlı durğunluğu aradan qaldırmaq, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olmaqdır. Nəzərə alsaq ki, ölkə başçıları səviyyəsində sonuncu görüş keçən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilib, o zaman həmsədlərin nəyə görə hərəkətə keçdiyini anlamaq olar. Son bir il ərzində danışıqlarda hökm sürən durğunluq ilk növbədə Minsk qrupunun öz missiyasının öhdəsindən gələ bilmədiyini göstərir. Ona görə də, həmsədrlərə belə bir görüşün təşkili lazımdır ki, “sülh prosesi”nin bərpa olunduğunu bəyan edə bilsinlər. Lakin Azərbaycan belə bir görüş, formal danışıqlar lazımdırmı? Əlbəttə ki, yox. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan danışıqlar xatirinə danışıq aparmır. Ölkə başçısının prezidentlər səviyyəsində görüşə razılıq verməsi üçün ortada konkret təkliflər olmalıdır. Bu yoxdursa, Azərbaycan tərəfinin razılığı da yoxdur.

Diqqət yetirsək, həmsədrlər ilk növbədə Ermənistana səfər edib, oradan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağa gəlib, daha sonra isə Bakı görüşlərini həyata keçiriblər. Səfərin yekunu olaraq həmsədrlər birgə bəyanat imzalayıblar. Bu sənəd də digərlərindən bir o qədər fərqlənməyib. Danışıqların davam etdiyi 20 ildən çox müddət ərzində işğalçı ilə işğala məruz qalanı ayırd edə bilməyən, separatçılar arasında fərq qoyan, bir az da irəli gedərək Dağlıq Qarabağdakı qondarma rejimi “de-fakto hakimiyyət” adlandıran Minsk üçlüsü prosesə nə kimi dinamizm gətirə bilər? Halbuki, bu, həmsədrlərin maraqlarını qoruduğu həmin Ermənistandır ki, onların regiona səfəri fonunda cəbhə xəttində növbəti təxribatlarını həyata keçirdilər. Minsk qrupunun az qala gözü qarşısında baş verən bu hadisə onların diqqətindən kənarda qaldı.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri fonunda Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun cəbhə xəttində təxribat törətməsi bir daha sübut edir ki, işğalçı ölkə sülh danışıqlarından boyun qaçırır, problemin dinc yolla həll olunmasına maraq göstərmir. İyunun 20-də Azərbaycan Ordusunun bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində aşkar edilən erməni diversiya qrupunun qarşısının alınması, düşmənin itki verərək geri çəkilməyə məcbur edilməsi, hərbçilərimizin çevikliyi nəticəsində təxribat qrupunun Zaver Karapetyan adlı üzvünün ələ keçirilməsi erməni yalanlarının növbəti dəfə ifşasıdır.

Pul müqabilində cəbhə xəttində növbə çəkən, diversiya qrupları tərkibində tapşırıqlarda iştirak edən təxribatçının etiraflarından bir daha məlum olur ki, Ermənistanda demoqrafik vəziyyət olduqca bərbaddır və ordudan yayınma halları geniş vüsət alıb. Ermənilər öz xoşu ilə cəbhə xəttində hərbi xidmət keçmək istəmirlər. Xüsusilə də, özgə torpaqlarda (oxu: Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində) hərbi xidmət keçməkdən yayınma hallarının kütləviliyi Ermənistan rəhbərliyini tükənməkdə olan insani resurslarından, o cümlədən, mülki əhalidən canlı divar kimi istifadə etməyə, cəbhə xəttində xidmətkeçməyə yollamağa vadar edir. Bu, onu deməyə əsas verir ki, miqrasiya prosesinin yayğın olduğunu Ermənistanda zaman keçdikcə hərbi xidmət üçün adam tapmaq daha da çətinləşəcək.

Bu yaxınlarda italiyalı ermənipərəst jurnalist Simon Zapellaro özünün “Feysbuk” sosial şəbəkəsindəki hesabında Ermənistanda baş verən kütləvi miqrasiya barədə yazısında “Gallup” təşkilatının açıqladığı son rəqəmlərə, eyni zamanda, öz müşahidələrinə əsaslanaraq o qənaətə gəlib ki, Ermənistanda əhalinin ölkəni birdəfəlik tərk etməsi dəb halını alıb: “Hər kəs Ermənistanı tərk edir. Hətta Ermənistan bu göstəriciyə görə, Suriyanı da qabaqlayır. Ermənistan vətəndaşlarının 47 faizi etiraf edir ki, ölkəni tərk etmək barədə düşünürlər. Hər dəfə Ermənistana səfər etdikdə mən özüm şahidi oluram ki, hansısa erməni artıq ölkəni tərk edib. Bəziləri isə yaxın vaxtlarda Ermənistandan köçmək üçün hazırlıq görürlər”.

Bundan başqa, əldə olunan məlumatlara görə, 2016-cı ildə aprel müharibəsi zamanı 2000 erməni Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini tərk edib. Bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt deyib. Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşiblər.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlətçiliyini gücləndirən, iqtisadi və hərbi imkanlarını artıran Azərbaycan dövlətinin yürütdüyü Ermənistanı təcridetmə siyasəti öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, mütəmadi olaraq Ermənistanın cəbhə xəttinə yaratdığı təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində baş verən toqquşmalar, müharibə xofu erməniləri bu cür adımlar atmağa - canlarını götürüb qaçmağa vadar edir. O cümlədən, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərinə yerləşdirilmiş ermənilərin də onlara məxsus olmayan bu torpaqları sürətlə tərk etdiklərini nəzərə alsaq, işğalçı Ermənistan üçün vəziyyətin daha da bərbad olduğu qənaətinə gəlmək olar.

Məsələ ilə bağlı fikirlərini bildirən “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, həmsədrlərin regiona səfəri, imzaladıqları bəyanat əvvəlkilərdən heç nə ilə fərqlənmir və bir qədər narahatlıq doğurur: “Mücərrəd ifadələr, işğalçı ilə işğala məruz qalanın bərabər tutulması bu münaqişənin həllinə imkan vermir. Bəyanatda Dağlıq Qarabağdakı separatçı rejim “de-fakto hakimiyyət” kimi təqdim edilib. Bu, qəbuledilməz fikirdir. Separatçı rejimi “de-fakto hakimiyyət” kimi qiymətləndirmək həmsədrlərin tərəfsizliyini şübhə altında qoyur”.

E.Əhmədovun sözlərinə görə, həmsədrlər Bakıya gəlməmişdən əvvəl Laçında, Kəlbəcərdə, Qubadlıda və Zəngilanda olublar: “Lakin bəyanatda  həmin rayonların adını çəkərkən “Azərbaycanın rayonları” ifadəsi yoxdur. Söhbət Azərbaycan rayonlarından gedirsə, onların Azərbaycana məxsus olması vurğulanmalı, sözügedən rayonlara səfərin hansı məqsəd daşıdığı bildirilməliydi”.

E.Əhmədovun sözlərinə görə, həmsədrlərlə görüşdə prezident İlham Əliyev  bildirib ki, hər dəfə Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində Ermənistan tərəfi cəbhə bölgəsində təxribatlar törədir: “Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə bu halın səfərin yekununa dair bəyanatda əks etdiriləcəyini qeyd etsə də, nəticədə sənəddə onlar birinci növbədə Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Daha sonra isə həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və separatçı rejimə ünvanlayıblar”.

Professor qeyd edib ki, həmsədrlərin müxtəlif vaxtlarda “tərəflərin sülhdən çəkinməsi”, “sülhə hazır olmamaları”, “xarici işlər nazirlərinin görüşlərinin planlaşdırılması”  tipli ifadələri kimi, bunlar da növbətçi ifadələrdir: “Onlar hər dəfə regiona səfərlərinin sonunda bəyanat verirlər. Bu bəyanatların yekunu kimi, ilin sonunda hesabat hazırlayırlar. Bunlar da növbətçi bəyanatlardır və hesabat xarakteri daşıyır. Əgər onlar münaqişənin həllinə çalışsaydılar, 25 il ərzində heç olmasa bir dəfə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini qeyd edərdilər. Bu ifadə olmayana qədər münaqişənin həllindən danışmaq mümkün deyil. İndiyə kimi bəyanatlarda Dağlıq Qarabağla yanaşı, 7 rayonun işğalı faktına da yer verilmir. Odur ki, onların bu bəyanatı, işlətdikləri ifadələr ancaq Ermənistanın status-kvonu saxlamaq siyasəti ilə üst-üstə düşür. Əgər həmsədrlər danışıqların intensivləşməsini istəyirlərsə, bu, Azərbaycana lazım deyil. Minsk üçlüsü münaqişəni həll etmək niyyətindədirsə, onlar öz bəyanatlarında Ermənistan silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan çıxarılmasını tələb etməlidirlər. Əks halda, danışıqlar heç bir nəticə verməyəcək”.

Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana danışıqların imitasiyası ilə məşğul olmağa imkan verməyəcəyi ilə bağlı fikirlərini xatırladan professor  Ermənistanın danışıqlardan işğal prosesinin ömrünü uzatmaq məqsədilə yararlandığını bildirib.

Ermənistanda pul müqabilində orduya cəlb olunma hallarından danışan E.Əhmədov qeyd edib ki, bu gün Ermənistan elə bir demoqrafik problemlə üz-üzə qalıb ki, ön cəbhəyə göndərməyə əsgər tapa bilmir: “Ermənistanda həm təbii demoqrafik problem, həm də kütləvi miqrasiya hərbi sahədə çatışmazlıqlara səbəb olur. Ona görə də, işğalçı ölkə mülki əhalidən canlı divar kimi istifadə edir və onları Azərbaycana qarşı təxribatlara cəlb edir”.

Professorun sözlərinə görə, ermənilərin Qarabağ, İrəvan və digər Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsi faktdır: “Ölkə başçısı İlham Əliyev xarici ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi beynəlxalq forumlarda dəfələrlə vurğulayıb ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər. Onların bu torpaqlara köçürülməsi 1828-ci ildə Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsi ilə rəsmən başlayıb. İranın Marağa şəhərindən Dağlıq Qarabağın inzibati ərazi bölgüsünə daxil olan Ağdərə rayonuna köçən ermənilər 150 il sonra orada abidə ucaltmışdılar. 1978-ci ildə “Marağa-150” abidəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Ermənilər bu torpaqlara gəlişlərini bayram kimi qeyd edirdilər. Bununla ermənilər həm də Azərbaycan torpaqlarına 150 il əvvəl köçürüldüklərini etiraf etmiş olublar. Bununla bağlı rus müəllifləri Şavrov və Qriboyedovun əsərlərində də göstərilir ki, Rusiya Cənubi Qafqazda müstəmləkəçilik siyasətini həyata keçirmək üçün bu torpaqlara xaricdən qeyri-millətlərin köçürülməsinə başlayıb. Bunlar da İran və Şərqi Anadoludan köçürülən ermənilər olub. 1828-ci ildə rəsmi olaraq 124 min, qeyri-rəsmi isə 200 min erməni Qarabağ və İrəvan xanlığı ərazisinə köçürülüb. Həmin ermənilər köçürüldükləri yerlərin adı ilə Qarabağda kəndlər salmışdılar. Ermənilərin Qarabağda Marağa, Yuxarı Çaylı, Aşağı Çaylı kəndləri var idi. Sonradan isə həmin toponimlərin bir qisminin adlarını dəyişdirdilər”.

Siyasi elmlər doktoru qeyd edib ki, münaqişə başlayanda, 1988-ci ildə ermənilər “Marağa-150” abidəsinin üzərindəki sözləri pozmağa çalışıblar: “Lakin bu alınmadığı üçün onlar abidənin məhv ediblər. İzi itirmək taktikası ermənilərin miskin xislətlərindən irəli gəlir. Ancaq bizim əlimizdə faktlar var. Ermənilər nəinki Zəngəzurda və Qarabağda, heç İrəvanda etnik çoxluq olmayıblar”.

E.Əhmədov erməni yalanlarını üzə çıxaran bir faktı da qeyd edib: “Çar Rusiyası 1809-cu il,1899-cu il və 1903-cü ildə Cənubi Qafqazın xəritəsini tərtib edib. Həmin xəritələrdə nə İrəvan, nə Zəngəzur, nə də Qarabağ ərazisində bir dənə də olsun erməni toponimi yoxdur”.

E.Əhmədov əlavə edib ki, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan həmsədr dövlətlər bu faktlara istinad edib münaqişəyə ədalətli prizmadan yanaşmalıdır.

Ceyhun ABASOV

 





23.06.2017    çap et  çap et