525.Az

Əzim Əzimzadənin “Mənim səfərim” kitabının təqdimatı oldu


 

Əzim Əzimzadənin “Mənim səfərim” kitabının təqdimatı oldu<b style="color:red"></b>

Dünən “AzərKitab” kitab təbliğatı mərkəzində mərhum Xalq rəssamı Əzim Əzimzadənin “Mənim səfərim” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyi (AYB) və Rəssamlar İttifaqının rəhbərləri, tanınmış yazarlar, rəssamlar və media nümayəndələri iştirak ediblər.

AYB-nin mətbuat katibi, şair-publisist Xəyal Rza kitabın Birliyin sədri Anarın təşəbbüsü və ön sözü ilə “AybKitab” layihəsi çərçivəsində çap olunduğunu deyib.

Xalq yazıçısı Anar Ə.Əzimzadənin yol qeydlərindən ibarət bu kitabının mətni ilə çox illər öncədən tanış olduğunu deyib, müəllifi rəssamlıqdan əlavə istedadlı yazıçı da adlandırıb: “Mən hələ “Qobustan” jurnalında çalışanda Əzim Əzimzadənin yol qeydlərindən ibarət əlyazmaları ilə tanış olmuşdum. Biz o vaxt bu əlyazmanı ərəb əlifbasından çevirərək jurnalda çap etdik. Üstündən illər keçəndən sonra düşündük ki, “AybKitab” layihəsində də kitab kimi çap edək. Müəllif burada getdiyi, gəzdiyi yerləri rəssam gözü ilə görüb, yazıçı qələmi ilə yazıya alıb. Bu, ilk növbədə rəssamın, ikinci isə yazıçının kitabıdır. Düşünürəm ki, “Mənim səfərim” kitabı sayəsində Əzim Əzimzadə adı rəssamlıqdan əlavə, bir yazıçı kimi də ədəbiyyatımızda qalacaq”.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Azərbaycanda hər bir rəssamın özünə mənən ustad hesab etdiyi Əzim Əzimzadənin bu kitab sayəsində həyata keçən fərqli təqdimatından məmnun olduğunu deyib: “Kitabı hələ oxumaq imkanım olmayıb. Ancaq Anar müəllimin kitab haqqında yazısı və fikirləri ilə tanışam. Əzim Əzimzadəni ictimaiyyətimizə fərqli yöndən təqdim etdiyi, yazılarını təbliğ üçün bütün rəssamlar adından ona təşəkkür edirəm. Əzim Əzimzadə bizim hamımızın ustadıdır. Biz bu gün də ondan çox şeylər öyrənirik. Onun əsərləri Azərbaycan xalqının məişətini, tarixini, xarakterini, psixologiyasını özündə əks etdirir. O, satirik rəssamlığımızın ən böyük nümayəndəsidir”.

Sənətşünas alim Ziyadxan Əliyev çıxışında diqqəti Əzim Əzimzadə haqqında elmi-monoqrafik kitabın çap olunması məsələsinə çəkib: “Bu kitabın təqdimatı məni 1980-ci illərə qaytardı. 1984-cü ildə Əzim Əzimzadənin xatirə gecəsində çox insan onun haqqında kitabın olmamasından gileylənmişdi. Hələ onda da Anar müəllim çox gözəl təkliflə çıxış etmişdi. “Mənim səfərim” kitabının bu gün belə nəfis tərtibatda çap olunması Anar müəllimin hər zaman milli irsə ehtiramla yanaşdığının göstəricisidir. Əzimzadə haqqında biz hələ hər şeyi etməmişik. “Rəssamlığın Sabiri” adlandırılan bu böyük sənətkara elə Sabir qədər diqqət göstərilməlidir. Fikrimcə, onun haqqında fundamental kitab, monoqrafiya yazılmalıdır. Rəssamlıq təhsili olmayan bir insanın özünü rəssam kimi yetişdirməsi və təsviri sənətdə özünəməxsus məktəb yaratması təqdirəlayiq bir haldır”.

Daha sonra görüş diskussiya şəklində davam edib. Müzakirədə bir sıra təkliflər səslənib. Yazıçı Anar Əzim Əzimzadənin gündəliklərinin də tapılıb çap olunmasının vacibliyini vurğulayıb.

Sonda “AzərKitab” Mərkəzinin rəhbəri Sabir Həsənov belə bir mötəbər tədbirin onun rəhbərlik etdiyi məkanda keçirilməsindən qürur duyduğunu deyib, Əzim Əzimzadə və onun “Mənim səfərim” kitabı ilə bağlı fikirlərini bölüşüb.

Şahanə MÜŞFİQ

 





24.06.2017    çap et  çap et