525.Az

Qəbələdə yanğınsöndürən və xilasedicilərin yarışları keçirilir


 

Qəbələdə yanğınsöndürən və xilasedicilərin yarışları keçirilir<b style="color:red"></b> İyunun 26-da Qəbələ rayonunda “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika yarışının və “Gənc xilasedici” V Beynəlxalq yarışının final mərhələsinə start verilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Azərbaycan nümayəndəliyinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın iştirakçıları, 9 ölkənin və 10 şəhər və rayonun gənc yanğınsöndürənləri və xilasediciləri, komandaların rəhbərləri əvvəlcə Bakıda Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər.
 
FHN-in Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışların açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə FHN-in Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov çıxış edərək bildirib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin ənənəvi olaraq hər il təşkil olunmasında əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır.
 
Qeyd edilib ki, yarış ümumilikdə 3 mərhələdə (rayon-şəhər, zona və respublika) təşkil edilib. Zona yarışlarında qalib gələn komandalar final mərhələsinə vəsiqə qazanıblar. Bir həftə davam edəcək respublika birinciliyinin final yarışlarında 10 şəhər və rayonun komandası beş mərhələdə-“Manelər zolağı”, “Kombinəedilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə mübarizə aparacaq. “Gənc xilasedici” V beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Rumıniya, Belarus, Pakistan, Qazaxıstan, Bolqarıstan və Gürcüstan komandaları iştirak edirlər.
 
Mərasimdə general-mayor Niyazi Zamanov yarış iştirakçıları ilə görüşərək onlara uğurlar arzulayıb.
 
Sonra komandalar hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.    
 
Yarış iyulun 2-də başa çatacaq və qaliblərin mükafatlandırılması mərasimi olacaq.
 





26.06.2017    çap et  çap et