525.Az

"Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri" işıq üzü görüb


 

BU DƏYƏRLİ NƏŞRDƏ NAXÇIVANA DAİR ƏLYAZMA MƏTNLƏRİNDƏN BƏHS EDƏN İLK MONOQRAFİYA ÖZ ƏKSİNİ TAPIB

"Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri" işıq üzü görüb<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun "Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri" adlı yeni monoqrafiyası işıq üzü görüb.

Əlyazmalar xalqın milli-mənəvi sərvəti kimi tarixin həqiqi yaddaş reallığını özündə əks etdirir. Əlyazma mətnləri hər bir xalq üçün əvəzedilməzdir, çünki onlar mənsub olduğu xalqın tarixi keçmişini, mədəni həyatını, mənəviyyatını özündə əks etdirir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına uyğun olaraq yaradılan AMEA Naxçıvan Bölməsi və onun tərkib hissəsi olan Əlyazmalar Fondunun fəaliyyətə başlamasından sonra Naxçıvanda əlyazma mətnlərinin toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri, təbliği, mədəniyyətimizin və tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması, ümumiyyətlə Azərbaycan elminin, onun ayrı-ayrı sahələrinin inkişaf tarixinin öyrənilməsi həyata keçirildi. Haqqında bəhs edəcəyimiz "Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri" adlı monoqrafiya bu istiqamətdə görülən işlərin, aparılan elmi tədqiqatların yekunu olaraq ortaya qoyulmuş əsərlərdən biridir.

Naxçıvan əlyazma mətnlərinin araşdırılması milli-mənəvi, dini-əxlaqi, tarixi,  ədəbi, fəlsəfi və regional baxımdan geniş bir sahəni əhatə etdiyi üçün çox böyük əhəmiyyət kəsb edir. Müəllif AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və bir sıra xarici ölkələrin kitabxanalarında mühafizə olunan türkdilli, ərəbdilli və farsdilli əlyazmalara müraciət edir. Tədqiqata cəlb etdiyi Naxçıvana dair əlyazmalarda, nadir sənət nümunələrində, qədim kitab və məktublarda beş min illik şəhər mədəniyyəti tarixi olan qədim Nuh torpağının tarixi həqiqətlərini ortaya çıxarır.

Akademik Teymur Kərimlinin məsləhətçiliyi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu, filologiya üzrə elmlər doktoru, professor Sənan İbrahimov və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun rəyi ilə "Elm və təhsil" nəşriyyatında çap olunan bu kitab Naxçıvana dair əlyazma mətnlərinin qaynaqları, təsvir prinsipləri, filoloji-tekstoloji təhlilinə həsr olunan ilk monoqrafiyadır. Doğrudur, bu günə kimi ayrı-ayrı elmi məqalələrdə, tədqiqat əsərlərində bu mövzuya toxunulub, lakin tədqiqat obyektinin ayrıca bir məqsəd kimi araşdırılması qarşıya qoyulmayıb. Bu mənada müəllif 30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair əldə olunan elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələri sistemli tədqiqata cəlb etməklə mətnşünaslıq elmində bu sahədə olan boşluğu müəyyən mənada doldurmaq üçün cəhd göstərib. Naxçıvanın mədəniyyət və ədəbiyyat tarixinin öyrənməsi baxımından əhəmiyyəti olduqca böyük olan monoqrafiya Naxçıvanşünaslıq, Azərbaycanşünaslıq və Azərbaycan mətnşünaslığı üçün mühüm elmi əhəmiyyət kəsb edən dəyərli nəşrlərdən biridir.

Nəşrdə ƏbuBəkr ibn Xosrov əl-Ustadın "Munisnamə", Hacı Molla Məhəmməd Naxçıvaninin "Səhabəd-Dümu" kitabları, Əsədi Tusinin "Gərşaspnamə" epopeyası, Məhəmməd Tağı Sidqinin "Dilimiz və məktəbimiz" məktubu, Məmməd Səid Ordubadinin "Qanlı sənələr", Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz", Əliqulu Mirzayi Naxçıvaninin "Əqaidi-fəlsəfə" əsərləri, Heyran xanımın "Divanı", Cəlil Məmmədquluzadənin müxtəlif məktubları və "Molla Nəsrəddin" jurnalının gizli müəllifləri, Türkiyə Cümhuriyyətindəki "Osmanlı arxivi"ndə saxlanılan "Naxçıvan sancağı" adlı əlyazmalar və digər əsərlər filoloji-tekstoloji təhlil olunur.

Monoqrafiyada Herodotun "Tarix" kitabından "Astiyaq" və "Tomris" əfsanələrinin, "Oğuznamə" və "Kitabi-Dədə Qorqud" dastanının Azərbaycanla və Naxçıvanla əlaqəsindən danışılır. XI əsr Azərbaycan şairi Qətran Təbrizinin "Divan"ının, ƏbuBəkrin Naxçıvandakı Əshabi-kəhf (Mağara sahibləri) piri ilə bağlı rəvayətin və "Munisnamə" kitabındakı 29-cu hissə - "ƏbülÜla Kirmani və onun oğlunun Naxçıvana yürüşü haqqında" adlanan rəvayətin, dünyaşöhrətli alim Nəsrəddin Tusinin yaradıcılığının, Arif Ərdəbilinin "Fərhadnamə" poemasında Gülüstan türbəsinin və digər Naxçıvan haqqındakı məlumatların araşdırılmasına da əsərdə geniş yer verilib.

Əsədi Tusinin 1054-1056-cı illərdə yazdığı 9 min beytlik "Gərşaspnamə" epopeyası, Fəxri Gürganinin "Vis və Ramin", Fəzlullah Rəşidədinin "Came-ət təvarix" kitabı, Övliya Çələbinin "Səyahətnamə" əsərinin Naxçıvanla bağlı hissələri diqqətə çatdırılır. Orta əsr əcnəbi müəlliflərin Naxçıvanla bağlı qeydlərində əhalinin etnik tərkibi barədə məlumatlardan bəhs olunur və göstərilir ki, həmin əlyazmaların hamısında bura qədim türk torpağı, əhalisi türklər (azərbaycanlılar) olduğu qeyd edilir.

XIX əsrin axırı XX əsrin əvvəlləri bütöv Azərbaycanın tarixində həm son dərəcə gərgin, ziddiyyətli bir dövr kimi, həm də mədəniyyət, maarifçilik hərəkatı, elmin müxtəlif sahələrinin inkişafı dövrü kimi xarakterizə olunur. Azərbaycanın digər bölgələri ilə müqayisədə bu dövr Naxçıvan elmi, ədəbiyyatı, mədəniyyəti üçün bir çiçəklənmə, intibah dövrüdür. Məsələn, ədəbiyyat sahəsinə nəzər yetirsək, böyük ədib, dramaturq, satirik "Molla Nəsrəddin" jurnalının baş redaktoru Cəlil Məmmədquluzadə, Azərbaycan romantizminin istedadlı nümayəndəsi, bəşəri ideyalar tərənnümçüsü Hüseyn Cavid, məşhur mollanəsrəddinçi şairlərdən Əliqulu Qəmküsar, tarixi romanlar ustadı Məmməd Səid Ordubadi və digər tanınmış şəxsiyyətlər məhz bu dövrdə Naxçıvan ədəbi mühitində formalaşıb.

Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq bu tədqiqat əsərində XIX əsrin sonu, XX əsrin əvvəlləri Naxçıvana dair əlyazma qaynaqları, onların təsvir prinsipləri, filoloji-tekstoloji təhlili və digər səciyyəvi xüsusiyyətləri araşdırılır.

Əsərdə Heyran xanımın, Salik Ordubadinin, Cəlil Məmmədquluzadənin, Əliqulu Qəmküsarın, Məmməd Səid Ordubadinin, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Hüseyn Nadim Naxçıvaninin nadir əlyazmaları mətnşünaslıq və filologiya baxımından tədqiq olunur.

Tədqiqat əsərində müxtəlif dövr əlyazmaları arasında XX əsrin 20-ci illərinin qanlı hadisələrinin bilavasitə canlı şahidləri olan ziyalıların əsərləri əsas yer tutur. Bu baxımdan Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" adlı gündəliyin araşdırılması diqqəti daha çox cəlb edir. Bu əsər Naxçıvanda 1918-1920-ci illərdə baş verən hadisələri, xüsusilə erməni vəhşiliklərini konkret faktlarla və xronoloji ardıcıllıqla əks etdirən dəyərli bir əlyazma kimi qiymətləndirilir.

Monoqrafiyada müəllif bu nəticəyə gəlib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərinə dair Naxçıvan əlyazmaları ərəb əlifbasının müxtəlif xətt növləri ilə yazılmışdır və həmin əlyazmalar Naxçıvanın ərazisi, əhalisi, toponimləri, etnik tərkibi, elmi, ədəbiyyatı, mədəniyyəti haqqında zəngin məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Naxçıvanla bağlı bu əlyazmaları həm naxçıvanlı, həm də əcnəbi müəlliflər qələmə alıblar. Məhz bu baxımdan yanaşıldıqda Naxçıvan əlyazmalarının filoloji-tekstoloji tədqiqi Azərbaycan mətnşünaslığı elminə əvəzsiz bir töhfədir.

"Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri" adlı əsər Naxçıvana dair əlyazma mətnlərinin tədqiqinə həsr olunan ilk sanballı monoqrafiyadır. Yeni nəşr nəinki Azərbaycan mətnşünaslıq elminin mənzərəsi ilə, eləcə də Naxçıvan mədəniyyət və ədəbiyyat tarixinin bəzi məsələləri ilə bağlı mühüm elmi nəticələrlə tanış olmağa imkan yaradır.

Aygün ORUCOVA
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşları

 





30.06.2017    çap et  çap et