525.Az

İstanbul Şopinq Festivalının açılışı oldu - Fotolar


 

İstanbul Şopinq Festivalının açılışı oldu - <b style="color:red">Fotolar</b>

Bu gün İstanbul Şopinq Festivalın açılış mərasimi keçirilib.

Şəhərin qədim bazarlarından birində - Qapalı Çarşıda baş tutan mərasim böyük coşqu ilə qarşılanıb. Türk sənətçiləri və davulçuları Qapalı Çarşının əsas qapıları önündə qədim musiqi və cəngavər havalarından nümunələr ifa edərək qonaqları salamlayıblar. Aktyorlar türk nağıl qəhrəmanlarının qiyafəsində müxtəlif obrazları canlandıraraq tədbirə xüsusi rəng, ovqat qatıblar.

16 ölkədən 40 nəfərdən çox media mənsubunun, eləcə də İstanbul bələdiyyə rəsmilərinin, Ticarət palatası üzvlərinin, Rusiya Ticarət Nazirliyi təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan İstanbul Ticarət Odasının rəhbəri, Şopinq festivalın təşkilat komitəsinin başçısı İbrahim Çağlar İstanbulda artıq yeddinci dəfə düzənlənən bu hadisənin önəmindən söz açıb: "İstanbul ən müxtəlif insanların və turistlərin sevə-sevə ziyarət edə biləcəyi bir şəhərdir. Bu qədim tarix, zəngin ənənələr, qeyri-adi təbiət, son dərəcə dadlı mətbəx bunu deməyə əsas verir. Şopinq festival da artıq bir ənənəyə çevrilib. Artıq yeddinci dəfə baş tutan festival sadəcə, alış-veriş yox, həm də bir mədəniyyət hadisəsidir. Bu il bütün festival günlərində müxtəlif perfomanslar da qonaqlara təqdim olunacaq".

Daha sonra Fatih bələdiyyə başqanı Mustafa Demir çıxış edərək şəhərin mədəni və ictimai həyatındakı bu əlamətdar hadisənin məhz Qapalı Çarşıda keçirilməsinin önəmindən danışıb: "Dünyanın ən qədim alış-veriş mərkəzinin önündəyik, bu kimi tədbirlər məhz belə yerlərdə keçirilməlidir. Qapalı Çarşı son illərin statistik göstəricilərinə görə dünyada ən çox ziyarət edilən məkandır. Düşünün ki, bu məkan ziyarətçi sayına görə muzeyləri, ən qədim tarixi abidələri geridə qoyub. Şopinq festivalının hər cəhətdən yaddaşınızda qalmasını arzu edirəm. Həm 75 faizə qədər endirimlərdən faydalanmanızı, həm də ümumiyyətlə, şəhərimizdən zövq almanızı diləyirəm".

İstanbul Böyükşəhər Bələdiyyəsinın baş katibi Hayri Baraclı çıxış edərək bu festivalın əsas niyyətinin ölkəyə turist marağını artırmaq olduğunu dilə gətirib: "Üzümü Moskva Ticarət Palatasının rəhbəri cənab Vladimir Platonova tutub deyirəm ki, rus turistlərinin ölkəmizə axını davam edir və bu axının daha da çox olması üçün qayğılarını əsirgəməsinlər. Festival boyu hər bir turistin təhlükəsizliyini təmin etmək bizim əsas amalımız, vəzifəmizdir".

Açılış nitqlərindən sonra qonaqlara türk milli şirniyyatları təqdim edilib.

Moskva Ticarət Palatasının rəhbəri Vladimir Platonov rus turistlərin Türkiyəyə əvvəlki marağının bərpa edilməsi haqda sualımıza belə cavab verib: "Bu qarşılıqlı maraq, münasibətlər tarixi hadisədir. Rusların Türkiyəni sevməsi,

bura maraq göstərməsi üçün səbəblər çoxdur. Türkiyə çox gözəldir, mətbəxi, insanların qonaqpərvərliyi, yüksək səviyyəli xidmət və s. Bir müddət öncə bizdən asılı olmayan səbəblərdən münasibətlərdə fasilə yaranmışdı. Amma indi bu münasibətlər yenidən bərpa olunur və bunun üçün zamana ehtiyac var".

Sonda mərasim iştirakçıları xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə Azərbaycandan da bir qrup jurnalist mərasimdə iştirak edib. Açılış mərasimindən sonra media mənsubları İstanbulun tarixi yerlərini ziyarət ediblər.

MƏLAHƏT

 





30.06.2017    çap et  çap et