525.Az

İstanbul Şopinq festivalı davam edir - Fotolar


 

İstanbul Şopinq festivalı davam edir - <b style="color:red">Fotolar</b>

Xəbər verdiyimiz kimi, İstanbul Şopinq festivalı artıq öz işinə başlayıb. Festival çərçivəsində müxtəlif mədəni tədbirlər həyata keçirilib.

Bu gün tədbirə qatılan media mənsubları İstanbulun tarixi yerlərini ziyarət ediblər. Sultan Əhməd məscidini ziyarət edən jurnalistlər buranın tarixi və memarlığı ilə yaxından tanış olublar. Qrup rəhbəri Sabih Cangil gələn qonaqlara müsəlmanların adət-ənənələrindən, dini inanclarından söz açıb, hər il milyonlarla turistin məscidə gəlib dualar etdiyini diqqətə çatdırıb.

Aya Sofya məscidini ziyarət edən jurnalistlərə bu qədim abidənin tarixi ilə bağlı məlumat verilib. Qrup bələdçisi “Aya Sofya”nın ilk əvvəl kilsə kimi inşa edildiyini bildirib: "Osmanlıların Konstantinopolu fəthindən sonra “Aya Sofya” məscid olub. İslam qaydalarına görə, insan rəsmləri qadağan olunduğu üçün divarlardakı rəsmlər örtülüb. 1934-cü ildə Mustafa Kamal Atatütkün qərarı ilə Aya Sofyaya muzey statusu verilib".

Sonra qonaqlar İstanbulun bir neçə alış-veriş mərkəzini ziyarət ediblər. Onlara şəhərin ilk alış-veriş mərkəzlərindən biri olan Kanyonda müxtəlif brendlərin yaranma tarixçəsi haqqında məlumatlar verilib. Kanyon Mallın meneceri Burcu Günəş Türk brendlərindən olan “Vakko” haqqında geniş söz açıb: "İllər öncə türk insanı xarici markalara üstünlük verirdilər. Amma indi ən qabaqcıl Avropa markaları ilə rəqabətə girə biləcək türk brendlərimiz var və üstünlüyü də onlara veririk. “Vakko” həm qadın, həm kişi geyimləri, həm də şokolad çeşidləri ilə məşhurdur".

Bundan sonra qonaqlar Zorlu Ticarət Mərkəzinə baş çəkiblər, buranın ən məşhur brendlərindən biri olan orqanik qida məhsulları istehsalçısı “Eataly”inin təamlarını dadıblar. Qrup bələdçisi Esra Yeşilkaya bu italyan brendinin dünyada məşhur olduğunu bildirib. Festival çərçivəsində alış-veriş mərkəzlərində müxtəlif caz qrupları ziyarətçilərə musiqi nömrələri təqdim ediblər.

Festivalın növbəti günü Topqapı sarayı ziyarət olunub. Bələdçi Sabih Cangil Osmanlı imperiyasının tarixindən, sarayın memarlığından, quruluşundan söz açıb.

Daha sonra media mənsubları Bosfor turuna çıxıb, İstanbulun Asiya hissəsini ziyarət eidblər.

MƏLAHƏT

 





01.07.2017    çap et  çap et