525.Az

33 qəzetə maliyyə yardımı ayrıldı


 

33 qəzetə maliyyə yardımı ayrıldı <b style="color:red"></b>

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2017-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

 





01.07.2017    çap et  çap et