525.Az

"Discovery Azerbaijan" jurnalının yeni nömrəsi


 

"Discovery Azerbaijan" jurnalının yeni nömrəsi <b style="color:red"></b>

Jurnalın yeni sayı şimal-qərbdə yerləşən bir rayonumuza səyahətlə başlanır.

Dağlar qoynunda yerləşən, havası, dağ çayları, şəlalələri, müalicəvi əhəmiyyətli kükürdlü bulaqları, sərt qayaları və əlbəttə ki, bənzərsiz cökə meşələri ilə dillər əzbəri olan  Oğuz bölgəsinə... Bu bölgədən millət vəkili seçilmiş, soy-kökü məşhur Naxçıvanskilərdən gələn, amma həyatını, taleyini Oğuza bağlayan, burada doğulub boya-başa çatan Aqiyə xanım Naxçıvanlı ilə söhbətdə də tarix içində tarix yaşadan, igidlər oylağı, qədim türk yurdu Oğuz diyarından söz açılır. 

Bütün dünyada vətəni təmsil etməyin ən gözəl və estetik yolu olan milli rəqslərimizin tarixindən, bu günündən, keçdiyi inkişaf yolundan da bu sayda  xəbər tutacaqsınız. Asılqandan başlayan teatrlarımızın, aktyorlar evinin, bir sözlə, arxitektura incilərimizin tarixi Sizdə maraq doğurursa, o zaman "Arxitek" rubrikasını da diqqətdən qaçırmayın.

Jurnalın səhifələrində milli kinomuzun incilərindən olan "Qaraca qız"ın Ağcası – Leyli xanım Axundova ilə filmin kadrarxasına səyahət edəcək, bir çoxlarımızın rəqslə qarışıq saldığı, əslində isə döyüş növü hesab olunan kapoeyranın incəliklərini öyrənəcəksiniz.

Azərbaycanda aqroturizmi inkişaf etdirmək üçün sahibkarlardan və turizm mütəxəssislərindən ibarət bir qrupun İtaliyada, Toskanada gəzib gördükləri və xüsusən də öyrəndikləri bilgilər də jurnalın yay buraxılışında öz əksini tapıb.

Cəngəlliklər, əl dəyməmiş meşələr, uca dağlar, bəyaz qumlu çimərliklər, məşhur göydələnlər məkanı – Cənub-Şərqi Asiya ölkəsi – uzaq Malayziyanı da daha yaxından kəşf edəcəksiniz. Bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rahmanla Malayziyaya virtual səyahət edəcəksiniz. Bu tanınmış Asiya ölkəsinin bir-birindən məşhur şəhərləri ilə, ləziz malay mətbəxi və filmlər üçün canlı dekorasiya olan Malayziya təbiəti ilə bu ölkənin səfiri ilə müsahibədə yaxından tanış ola biləcəksiniz.

"Discovery Azerbaijan" jurnalının yeni sayında Türkün qədim mətbəx mədəniyyətini Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovla öyrənəcək, "İpək Yolunun ürəyi" adlandırılan Cənubi Qazaxıstanın Çimkənd, Otrar, Türküstan şəhərlərini qarış-qarış gəzəcəksiniz.

Jurnalın yeni Yay buraxılışını şəhərin köşklərindən əldə edə bilərsiniz.

 





04.07.2017    çap et  çap et