525.Az

Ömür və həyat missiyası: məsulluq!


 

Ömür və həyat missiyası: məsulluq!<b style="color:red"></b>

Həyatda və həm də jurnalistikada özünəməxsus insanların varlığı təkcə həyata və jurnalistikaya rəng qatıb müxtəliflik yaratmayıb, həm də ənənəni yaşadıb! Bəli, ənənəni! - Alp Ağamirov və Şakir Yaqubov kimi nəhəng QƏZETÇİLƏRİ tanıyan, onlarla işləyən bir kollektivdə rekord qırmaq - 1995-ci ilin dekabrından bu günə qədər məsul katib işləmək artıq onun jurnalistikada təyinidir!

İndiki dönəmdə - bir-iki kompüter proqramı ilə işləməyi bacaran səhifələyicinin dizaynerliyinin "məsul katib" adlandırıldığı zəmanədə qəzet tərtibi və buraxılışı teknikasından yüz kilometr uzaq, elementar "şrift siyasəti"ndən xəbərsiz öfkəsi dar "oxucu" və adamların - "söz xiridarı və sərrafları" üçün səhərə yaxın qəzeti çapa imzalamağı anlatmaq bir az çətindir. Və üstəlik də... vaxtında "Azərbaycan gəncləri" kimi sevimli və populyar qəzetdə şöbə müdirliyini qoyub "Kommunist"in, yəni indiki "Xalq qəzeti"nin ədəbi işçiliyini üstün seçən "əjdahalar"ın yazılarını araya-ərsəyə gətirib həm xalqa, həm qəzet rəhbərliyinə, həm də elə hökümətin özünə təqdim etmək elə də asan sayılmasın gərək. Üstəlik də, oturuşmuş mexanizmə, konkret siyasi təmayülə, bəlli prinsiplərə malik, kollektivi və rəhbərliyi, eləcə də sıravi heyəti çox nadir hallarda yeniləşən, amma və lakin hər zaman yeniliklər üstündə fəaliyyət göstərən mürəkkəb bir strukturda,  yəni "Xalq qəzeti"ndə məsuliyyətin öhdəsindən bu qədər və bu dərəcədə qənirsiz gəlmək artıq statistikadan çox xarakterdir, əvvəldə dediyimiz kimi ənənədir.

"Xalq qəzeti" başdan-ayağa tələb deməkdir - rəhbərliyin, yazısı çapa  imzalanan müəllif-müxbirlərin, orqanı olduğu təşkilatın, ən başlıcası, ölkənin dünyaya təqdim olunan üzüdür həm də.

İstənilən adam səhv edə bilər "Xalq qəzeti"ndə - amma və lakin İlqar Rüstəmovun məsuliyyəti hərf səhvindən tutmuş naqolay bir ifadənin və sözün qanadlı quşa çevrilməsinə imkan verməməsindən ibarətdir!

O, bunu 22 ildir bacarır.

Mən təbii ki, həm tələbəlikdən, həm də jurnalistikada yaxından tanıdığım bu sabit insan haqqında bildiklərimi və onun əldə etdiklərini qələmə alanda statistika ilə ömür missiyası arasında qaldım.

İlqar Rüstəmov həm statistikadır, həm də ömür və həyat missiyası MƏSULLUQDAN ibarət sabitqədəm insan. Mən onun belə olduğuna şahid oldum - amma ümumi axına qoşulmadan.

İlqar Rüstəmov hələ 1989-cu ildə radionun "Gənclik" verilişləri redaksiyasında çalışarkən müəllifi olduğu, çətin tərbiyə olunan yeniyetmə və gənclər haqqında "Narahat səslər" verilişi ilə xalqının, Vətəninin gələcəyi üçün hamının məsuliyyət daşıdığını açıb deyən, lakin və amma.. ilk öncə özünün  jurnalist məsuliyyətini ortaya qoymuş bir jurnalistdir. Və elə o zaman Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Şamil Məcidov istedadını və məsuliyyətini Azərbaycan efiri üçün qorumaq naminə,  onun "Kommunist" -indiki "Xalq qəzeti"nə getmək məramı ilə yazdığı birinci ərizəsini cırmışdı. Amma İlqar istəyindən dönməyib jurnalistika fakültəsində dərs aldığı Tofiq Rüstəmovun baş redaktorluğu altında da kamilliyini artırmağa üstünlük verdi.

1991-ci ildən "Kommunist", sonra isə "Xalq qəzeti"ndə çalışan İlqar Rüstəmov son illərin oxucusunun imzasına o qədər də tez-tez rast gəlmədiyi jurnalistdir. Amma və lakin İlqar Rüstəmov son 35 ilin oxucusu üçün Qarabağ döyüşləri zamanı dəfələrlə cəbhə bölgəsində olmuş, "Barıt qoxulu şəhər", "Daşaltının sirri daş altındadır", "Şuşa xəyanətin qurbanı oldu", "Dünya siyasəti demokratik olmur" kimi zamanında sensasiya doğuran yüzlərlə siyasi-publisistik məqalələr yazmış "səqqə" jurnalistlərdəndir. 1992-ci ilin Novruz bayramında çalışdığı qəzetin baş redaktoruna heç nə demədən, peşəsinin vətəndaşı olduğu ölkə qarşısında məsuliyyətinin hökmü ilə könüllülər batalyonuna qoşulub düşmən mühasirəsində olan Şuşaya yollanan, 10 gündən artıq əsgərlərlə bir yerdə gecələyib cəbhə xəbərlərini hər gün "Xalq qəzeti"nə telefonla ötürən jurnalistlərdəndir. Bu məsuliyyətin diktəsi ilə baş verənləri qələmə alan İlqar Rüstəmov dövlət qəzetinin unudulmaz siyasi icmalçısı, ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışından sonra Onu 1993-94-cü illərdə xarici ölkələrə dövlət səfərlərində müşayiət etmiş azsaylı jurnalistlərindəndir! İlqar Rüstəmov bu səfərlərdən sonra "Azərbaycan Fransanı fəth edə bildimi?", "Türkiyə həmişə Azərbaycanın yanındadır" siyasi publisistik yazılarına görə şəxsən Heydər Əliyevin təşəkkürünü qazanmış, bəli, məhz qazanmış jurnalistdir. Bu şəxsiyyətin təşəkkürünü qazanmaq isə hər jurnalistə nəsib olan mükafat deyil.

1995-ci il dekabrın 1-dən bir daha və yenidən "Xalq qəzeti"ndə siyasi icmalçı vəzifəsinə qayıdıb. Elə həmin il dekabrın 22-dən hal-hazıra qədər qəzetin məsul katibi vəzifəsində çalışır. Amma müstəqilliyimizin təhdid və qəsdlərə məruz qaldığı həmin illərdə yenə ciddi siyasi publisistikası ilə diqqətdə qalıb. Az bir müddətdə "AXC - yüksəlişdən iflasa", "Qəti dönüş mərhələsi", "Oktyabr çevrilişinin Gəncə qərargahı", "Çevriliş cəhdi 355 dərəcə bucaq altında qaldı", "Maştağa cəbbəxanası", "Baş tutmayan çevrilişin xronikası", "Gizli azadlığın "qanlı" izləri" kimi sərt yazılarla imzasını bir daha təsdiqləyib. 

2005-ci il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan milli mətbuatındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif olunub.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ona qarşı sui-qəsdlər haqqında yazdığı "Çevrilişdən çevrilişə" kitabına görə "Ali media mükafatı"na layiq görülüb. "Həsənbəy Zərdabi mükafatı" laureatıdır. Müxtəlif illərdə əksər jurnalist müsabiqələrinin qalibi olub.

Statistikadan qaçaraq İlqar Rüstəmovun nütfəcə jurnalistliyinə faktoloji baxımdan nəzər yetirirəm. Jurnalistikaya onun ilkin tələbinə əməl etməklə - iki il əmək stajı ilə, üstəlik də ömrün iki ilini hərbi xidmətdə keçirməklə gələn İlqar Rüstəmov  1983-cü ilin sentyabrından 1988-ci ilin iyul ayına qədər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Eyni vaxtda Universitetin İctimai Peşələr fakültəsində hüquqi biliklərin təbliğatçısı şöbəsini bitirib. Bu da HƏYAT STATİSTİKAsının davamı: 1988-89-cu illərdə "İdman" -"Sport" qəzetində müəyyən müddətdə jurnalist-tərcüməçi işləyib. Və heç zaman da tərcümə işindən kənar qalmayıb. Diqqətli oxucu yəqin bilər ki, yazıçı Hüseynbala Mirələmovun müəllifi olduğu "Heydər Əliyev" kitabının Azərbaycan dilində tərcümə üzrə  redaktoru da İlqar Rüstəmovdur.

1989-cu ilin mart ayından Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komtəsində radionun "Gənclik" redaksiyasında ştatdankənar müxbir, 1989-cu ilin dekabrından yerli verilişlər redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 1991-ci ilin avqust ayından "Kommunist" -indiki "Xalq qəzeti"ndə əvvəlcə katibliyin müxbiri, sonra informasiya şöbəsində baş müxbir, daha sonra bu şöbənin müdiri vəzifəsində işləyib. 1994-cü ilin sentyabr ayından "Vətən ocağı" müstəqil ictimai-siyasi qəzetinin redaktoru kimi jurnalist fəaliyyətini davam etdirib. Yəni, bu faktları təqdim etməkdə bir məqsədim var: İlqar Rüstəmov hər zaman jurnalistikanı əhatə və ehtiva edən hər profil üzrə gərəkli olub, ona tapşırılan işi də bacarıb, özünün çalışmaq istədiyi işi də həmçinin.

İlqar BDU-nun jurnalistika fakültəsinə məndən iki il əvvəl qəbul olunsa da, mən hər zaman ona "ağsaqqal" demişəm. Bu xitab İlqar Rüstəmovun yazılarının və işinin ona qazandırdığı tituldur digər mükafatları ilə bərabər. Və məni sevindirən odur ki, o doğdurdan da "qızıl beşlik"lərə - 55 yaşına həqiqətən də ağsaqqal kimi çatır.

İlqar iki qız, bir oğul atasıdır. Atası ali təhsilli mütəxəssis kimi rayonun təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb. Rayonda təhsilin inkişafındakı xidmətlərinə görə "Qabaqcıl maarif işçisi", "Maarif əlaçısı" mükafatlarına layiq görülüb.

Və sevindirici məqamın daha biri də odur ki, hamının məsuliyyyətini çəkən İlqar Rüstəmov ailə məsuliyyətinin də öhdəsinə layiqincə gəlib. Qızları da ali təhsil alıb. Oğlu Rüstəmzadə Məhəmməd 2010-cu ildə Azərbaycan Neft Akademiyasına qəbul olunub, 2012-ci ildən Almaniyada Dortmund Texniki Universitetinin informatika fakültəsində təhsil alır...

Adam dünyaya onun üçün gəlib ki, hər məsul işi ona etibar edəsən və ... nəticəsindən arxayın olasan.

Çünki o məsul katibdir - bu hər şey deməkdir!

YAZIYA XARAKTERİK SÖZARDI:

1992-ci ildə qəzetdə informasiya şöbəsinin müdiri olanda görür ki, təsərrüfat işləri üzrə müavin Mehdi Əzizov redaksiyanın akt zalından Siyasi Büronun üzvlərinin şəkillərini yığıb yandırmağa aparır. Soruşub ki, Heydər Əliyevin də şəkli var? "Var", - cavabından sonra şəkli onun əlindən alıb oturduğu stolun baş tərəfindən asıb. İndi boğazdan yuxarı ulu öndər deyənlərin bəziləri, o zaman Heydər Əliyevə Ali Sovetin sessiyalarında danışmağa belə imkan vermirdilər.

... Hesab edirəm ki, İlqar Rüstəmovun 55 yaşı ilk növbədə onun 35 illik yaradıcılıq fəaliyyəti sanbalında qiymətləndiriləcək. Ki... bu da jurnalistikamızın əsas rıçaqlarının diqqət mərkəzində olduğunu bir daha və yenidən təsdiqləyəcək. 

 





06.07.2017    çap et  çap et