525.Az

Şövkət Zərin Horovlunun şeirləri


 

Şövkət Zərin Horovlunun <b style="color:red">şeirləri</b>

Qəmin dəryasın görmüşəm

 

Ağıl çaşıb, huş seyrəlib,

Ürək yandıqca kövrəlib.

Dünya mənimlə kəc gəlib,

Onun vəfasın görmüşəm.

 

Dartılıb sevda düyünüm,

Kim açacaq bu düyünü?

Mən neynirəm ta sevgini,

Onun cəfasın görmüşəm.

 

Asan tova yatan olduq,

Nə axdıq, nə də durulduq.

Daim arxadan vurulduq,

Namərd qisasın görmüşəm.

 

Yedəyimdi qəm əlimdə,

Gözüm bulud, nəm əlində.

Bir də üzmərəm dərində

Qəmin dəryasın görmüşəm.

Könül nəğməsi

 

Sən mənim nəğməmi oxuma, bahar!

Ürəyim doludur oxuyum bir az.

Könlümün sökülən ilmələrini,

Günəş şəfəqilə toxuyum bir az.

 

O nəğmə mənimdir  oxuma, bulaq,

Dinsəm sellənərsən bəbəklərimdə.

Əzəl oylaqlara yenə qalxaraq

Səslərəm otları, çiçəkləri də.

 

O qəmli nəğmənin şirin anları,

Salxım söyüdlərin kölgəsindədir.

Mənim qəm nəğməmin son yadigarı,

O Dədə çinarın gövdəsindədir.

 

O mənim nəğməmdir, sən sus, ey külək!

O torpaq həsrətli qəm havasıdır.

Dağıtma sən onu qeyzə gələrək,

Sökülən şairin öz dünyasıdır.

 

Sən gəl bu nəğməyə toxunma, Araz!

Çoxdan gözlərimə axıb, dolmusan

İndi də bu yükü mən çəkim bir az

Ağlaya – ağlaya Xəzər olmusan.

 

Bir ömür çatmır

 

Hərdənbir kövrəlib yaşdan yazıram,

Dərələr çağırır daşdan yazıram

Nə yazsan pozuram, başdan yazıram

Ürəyimcə olub, könlümə yatmır.

 

Torpaq ah çəkirsə o ah mənimdir,

Anam ağlayırsa günah mənimdir.

Ümid, inam dolu sabah mənimdir,

İnamsız bir sabah ağlıma batmır.

 

Ata-babalardan belə məsəl var.

“Əzəldə gülənlər, sonradan ağlar”.

Təbimə yad gələn sönük duyğular

Könlümü ovudub, başımı qatmır.

Torpağın üstündə həyat duyğusu,

Altında əbədi ölüm yuxusu.

Hələ doğulmayıb sözün çoxusu,

Nə qədər deyirsən bir ömür çatmır.

 

Dağların

 

Zirvəsi qar sinəsində duman – çən

Heç açılmır qaş – qabağı dağların.

Külək əscək doymaq olmur ətirdən

Bir cənnətdir gül qucağı dağların.

 

Səsə düşdüm, kəklik, turac oxudu,

Sarı çiçək kəklikotu qoxudu.

Bu təbiət elə bildim yuxudu,

Göy meşədi əl – ayağı dağların.

 

Göyə baxdım qartalları qıy vurur.

Dağ keçisi şeşələnib şux durur.

Qırov seli bənd – bərəni uçurur

Dağılmasın bu novrağı dağların.

 

Ölümdən o yana

 

Nazik bir tordan sallanan hörümçək tək,

Yapışmışam dünya köçündən bərk-bərk.

Yüz ildir, min ildir izinə düşmüşəm,

Qopa bilmirəm, yoldayam.

Qaçhaqaçda, köçhaköçdə,

qovhaqovdayam,

Gah sondayam, gah əzəldə,

bir az göydə, bir az yerdə.

Sonumu görürəm dünyaya gəldiyim gündən

Məşhər ayağına çəkilirəm indidən.

Ruhuma girov qaldığım

Günahlarımdan asıldığım

Dünyadan nə deyəcəyəm, özüm də bilmirəm?

Bu yolun sonu yox.

Dünyanın “Olum”, “ Ölüm” oyunu kimi,

Torpağın ölümü ovudan qoynu kimi.

Ta ömrün sahilinə çatıram

Ölümü qarşılamağa,

Özümə baxmağa gedirəm.

Həyata gəldiyim kimi tənhayam, təkəm

Tənhalıq içində

Yenə özümü görürəm dönsəm hayana,

Bilmirəm nə var ölümdən o yana.

 

Mən özüm-özümə bir sirr olmuşam

 

Mən özüm-özümə bir sirr olmuşam,

Sirrimin səddini çapa bilmirəm.

Dağlara dirənən qırıq yolmuşam,

Döngə, dönümünü tapa bilmirəm.

 

Ömrümü gəzişmək həvəsim gəlir,

Öz içimə düşüb azıram hərdən.

Səhvlərim getdikcə gömgöy göyərir,

Elə giley-güzar yazıram hərdən.

 

Sən demə bu dünya “azmaq yeriymiş,”

Dumanına salir, çəndə itirir.

Elə iynə ilə gor qazmaq yeriymiş

Gələn ehtiyacdan ölür-dirilir.

 

Əjdaha ağzında haqqımı görüb,

Çəkilib içimə qısılımmı mən?

Sözüm söz olaraq qalacaqdısa,

Kəsərsiz sözümdən asılımmı mən?

 

Bir payız yuxusu

 

Ölümü sevirəm,

Ondan qorxmuram – deyə

Özünü öyən yox,

Ölümdən qaça bilərəm deyən yox.

Ölümdə bir həyatdır.

Əgər yaşayıb, yanmısansa,

 bir ovuc külün də

Torpağa qatdır.

Yetkin yaşın astanasında

Ölüm yaxınmı, uzaqmı

Bilmək çətin

Ya şəhid torpağın çəkmək həsrətin?

Ölümün bir xisləti, bir üzü var,

Vaxtlı-vaxtsızı,

Geci-tezi var.

O bir başlanğıcdır, əzəldir

Səni yaşadırsa,

Ölümdə gözəldir.

Ölümə vüsal kimi baxıram,

Təkcə qəfil gəlişindən qorxuram.

Söz qırıq, fikir yarımçıq,

Eləyə bilmədiklərin

Bir xəyaldır artıq.

Yaşamaq varkən

Nədir bu ölüm qorxusu

Bəlkə ayrılıqlar ovudan

bir payız yuxusu?

 

Ayrıla bilmirəm düşüncələrdən

 

Ay yaşıl yarpaqlar, qönçədə güllər!

Bir gün görməyəcək sizi gözlərim

Bir – birin qovacaq fəsillər, illər,

Solacaq yollarda qalan izlərim.

 

Yenə dəyişəcək suların səsi,

Bülbül də budaqda dil – dil ötəcək.

Yenə oxunacaq sevgi nəğməsi,

Sevənlər qol – qola deyib, güləcək.

 

Bir vaxt çalınacaq nəvəmin toyu,

Bir evdən birinə yol uzanacaq.

Bir pillə artacaq nəslimin boyu,

Mənim də qalacaq xatirəm ancaq.

 

Hanı yaşıdlarım, hanı taylarım,

Dörd yanım boşalıb ürəyim kimi.

Qollarıma təpər olan qızlarım,

Yaşayın siz arzum, diləyim kimi.

 

Dünya həmin dünya, gələn insanlar,

Çarpışıb keçəcək yenə nələrdən.

Gəlirik – gedirik dünyaya nə var,

Ayrıla bilmirəm düşüncələrdən.

 





15.05.2013    çap et  çap et