525.Az

Elçinin yubileyi Milli Dram Teatrında qeyd olundu


 

Elçinin yubileyi Milli Dram Teatrında qeyd olundu<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin 70 illik yubileyi qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Elçinin həyat və yaradıcılığından bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Daha sonra tədbirdə ilk öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli yazıçı Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, əldən-ələ gəzərək neçə-neçə oxucu nəsli arasında mənəvi körpü yaradır.

Vurğulanıb ki, hələ lap uşaqlıq çağlarından ədəbi mühitin içində, kitabların əhatəsində olan Elçinin ilk hekayəsi 16 yaşında ikən, “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Onun ədəbiyyata bağlılığında, sözə həssas yanaşmasında, orijinal yazı üslubu ilə seçilməsində sözsüz ki, yaşadığı dövrün, eləcə də böyüyüb boya-başa çatdığı, görkəmli yazıçımız İlyas Əfəndiyev ocağının böyük təsiri olub.

Diqqətə çatdırılıb ki, yazıçı ilk pyesi olan “Poçt şöbəsində xəyal”ı 26 yaşında yazıb. Lakin 1969-70-ci illərdə sovet senzurası bu pyesin tamaşaya qoyulmasına icazə verməyib. Sonralar yazıçı həmin əsəri dramatik povest kimi nəşr etdirib.

Elçinin “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Qatil”, “Şekspir”, “Arılar arasında” və s. pyesləri Azərbaycanın və xarici ölkələrin teatrlarında böyük uğurla tamaşaya qoyulub.

Onun 100-dən çox kitabı 40-dan çox xarici dilə tərcümə olunub. İstedadlı yazıçımız “Arxadan vurulan zərbə”, “Sahilsiz gecə”, “Baladadaşın ilk məhəbbəti”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” kimi ümumilikdə 15-dən çox filmin ssenari müəllifidir.

Azərbaycan Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından təkcə nəsrimizdə deyil, kino sənətimizdə da öz sözünü deyib. Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olan bu ekran əsərinin ana mövzusu eşqdir. Bu ekran əsəri bir daha göstərdi ki, 30 il bundan əvvəl sevimli yazıçımız tərəfindən qələmə alınmış romanda əksini tapan məsələlər öz aktuallığını qorumaqdadır.

Diqqətə çatdırılıb ki, Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir. Ədib yaşadığı dövrün paradokslarını ustalıqla incələyir, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdurmaqla geniş oxucu rəğbəti qazanır. Onun bədii əsərlərinin qəhrəmanları da olduqca təbiidir, mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları, istək və niyyətləri, ehtiras və emosiyaları ilə...

Elçin həm də professional tənqidçi, ədəbiyyatşünas və nəzəriyyəçidir. Bu sahəyə aid fundamental monoqrafiyaların, kitabların, elmi-tədqiqat əsərlərinin və çoxsaylı nəzəri-estetik məqalələrin müəllifidir.

Ömrünün əlli ildən çoxunu ədəbiyyatımızın, mədəniyyətimizin və elmimizin inkişafına həsr etmiş dünya şöhrətli yazıçının milli azadlığımız və müstəqilliyimiz uğrunda genişmiqyaslı fəaliyyəti, yüksək ziyalılığı, mənəvi zənginliyi, obyektivliyi, xeyirxahlığı, təəssübkeşliyi, ictimai xadimliyi və müdrikliyi ona böyük nüfuz və xalq məhəbbəti qazandırıb.

Xüsusi olaraq qeyd edilib ki, yazıçının əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Xalq yazıçısı Elçin Əfəndiyevin “Şərəf” ordeni ilə təltif edilməsi buna əyani sübutdur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yazıçının özünəməxsus yaradıcılıq yolundan söz açmış, ona yeni-yeni uğurlar arzulamışlar.

Sonra ədibin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş etdirilib.

Tamaşa milli teatr tariximizə adını əbədi həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.

Tamaşaya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Əməkdar İncəsənət Xadimi İrana Tağızadə quruluş verib. Tamaşadakı əsas rolun, Ərəblinskinin ifaçısı da Dövlət Rus Dram Teatrının aktyoru, Əməkdar artist Firdovsi Atakişiyevdir.

“Sənətkarın taleyi” tamaşasının quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Tamaşada əsas rolları Xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Namiq Kamal, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları canlandırıblar.

Gecədə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış sənət adamları, eləcə də teatrsevərlər iştirak ediblər.

 GÜNEL

 





15.05.2013    çap et  çap et