525.Az

Türkiyə ərəb ölkələri arasında barışdırıcı missiyanı üzərinə götürüb


 

Türkiyə ərəb ölkələri arasında barışdırıcı missiyanı üzərinə götürüb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığının və Misirin iyun ayının əvvəllərində Qətərlə diplomatik münasibətləri dayandırması və Dohaya qarşı sanksiyaların tətbiqinə dair qərarı “ərəb baharı”ndan sonra Yaxın və Orta Şərq regionu üçün ən təlatümlü hadisələrdən birinə çevrilib.

Regionun ən inkişaf etmiş dövlətləri arasında başlayan “soyuq müharibə”ni alovlandırmağa cəhd edənlərin səylərinə baxmayaraq, Türkiyə islam ölkəsi kimi öz sülh və barışdırıcılıq misssiyasını üzərinə götürərək normallaşdırma prosesinin ən fəal iştirakçısına çevrilib.

Məlumdur ki, Türkiyə Yaxın Şərqin iqtisadi güc mərkəzləri olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə çox sıx münasibətlərə, strateji müttəfiqlik əlaqələrinə malikdir. Bununla belə eyni strateji müttəfiqi olan Qətərlə münasibətlərə eyni prizmadan baxır və bunu attdığı praktiki addımlarla təsdiqləməkdədir. Türkiyə heç bir ərəb ölkəsinin tərəfini tutmur, hər biri ilə bərabərtərəfli münasibətləri inkişaf etdirməkdədir. Qətərin hazırkı siyasi hakimiyyəti və yürütdüyü xarici siyasi kurs hansısa ölkələrin xoşuna gəlmirsə, bu həmin ölkənin daxili problemidir. Türkiyə İslam ölkələri ilə eyni xoş münasibət sərgiləyir, eyni zamanda, digər ölkələr arasında xoşagəlməz halların yol verilməməsində bilavasitə öz fəal rolunu nümayiş etdirir.

Sual oluna bilər ki, baş verənlərin Türkiyəyə nə aidiyyatı var, rəsmi Ankaranın bu qədər narahatçılığına səbəb nədir?

Qəti şəkildə demək mümkündür ki, Yaşın və Orta Şərqdə, ərəb və islam ölkələrində baş verən gərginliklərin Türkiyəyə aidiyyatı vardır. Baş verənlər Türkiyənin sərhədləri yaxınlığında cərəyan edir. İraq, Suriya, Liviya münaqişələrini Türkiyəyə vurduğu yara bu gün də sağalmayıb. Həmin ölkələrdə Qərbin silahlandırdığı terrorçular Türkiyənin sərhəd rayonlarında, daxilindəki şəhərlərində dəfələrlə terror törədib, onlarla mülki vətəndaşı qətlə yetiriblər. ABŞ-ın silahlandırdığı PYD-YPG dayanmaq bilmədən hər an türklərə qarşı silah tuşlamağa hazırdır. Bütün bunların fonunda Yaxın Şərqdə əlavə münaqişənin yaranması Türkiyənin sabitliyinə təsir göstərə bilər. Türkiyə islam dünyasında yeni gərginlik ocaqlarının yaranmasını istəmir.

Türkiyə islam ölkəsidir və islam həmrəyliyinin güclənməsi yönündə gecə-gündüz tər tökən, hər bir müsəlmanın taleyini özünün taleyi hesab edən, ağrı-acısını çəkən Ankaranın baş verənlərə seyrçi kimi yanaşması mümkün deyil. AKP iqtidarı ilk gündən islam dünyasının müqəddəratını düşünəcəyini bəyan edib və bu istiqamətdə təsirli addımlar atıb. Türkiyə Qəzzada baş verən insanlıq dramına biganə qalmayaraq, beynəlxalq cəmiyyəti və islam aləmini bu dözülməz vəziyyətə qarşı səfərbər etdi, Fələstinin siyasi xəritədən silinməsinin qarşısını aldı. Türkiyə Prezidenti Tayyib Ərdoğanın qətiyyətli mövqeyi sayəsində Fələstinlilər üçün dövlət qurmaq ümidləri artdı. Qərb bu tarixi coğrafiyanın sahibi olan fələstinlilərin siyasi statusunu qəbul etməyə məcbur oldu. Dağlıq Qarabağla bağlı Türkiyənin haqq səsi səngimir, hər beynəlxalq tədbirdə türkiyə hökuməti Qarabağın işğalına son qoyulmasını tələb edir. Ermənistanla sərhədlərə beton hasar çəkərək müsəlmanlara qarşı mənfur siyasətini dayandırmayınca bütün əlaqələrdən məhrum olacağını əməlləri ilə sübut edir.

Türkiyənin Suriya problemindəki rolu bütün dünyaya məlumdur. Suriyalı qaçqınlara arxa çevirən, dənizlərdə boğulmasından, raket zərbələrindən qanına qəltan olmasından tükü belə tərpənməyən Avropa ölkələrini zülmə biganə qalmaqda ittiham edən, suriyalılara qucaq açan Türkiyə həqiqətən islam ölkəsi kimi vicdan və ləyaqətlə insanpərvərliyini nümayiş etdirir. Bu misalları uzatmaq mümkündür, qısası Türkiyə müsəlman ölkələrində sabitliyin pozulmasını, daxili gərginliklərin yaranmasını, Qərbin çirkin planlarına alət edilməsini istəmir və bütün qətiyyəti ilə buna qarşı siyasi kurs yürüdür. Qətər problemində də Ankaranın həssaslığı bu məqamlarla sıx bağlıdır.

Məsələ ondadır ki, Qətər böhranın yaradılması (?) heç də göründüyü kimi lider ərəb ölkələrinin siyasi hakimiyyətlərinin “beyin məhsulu” deyil, burada açıq-aşkar Qərbin, xüsusilə də, ABŞ-ın geosiyasi maraqlarına uyğun yeni ssenarinin hazırlanması sirr deyil. “Ərəb baharı” ssenarisi ilə bir neçə ərəb ölkəsində sabitliyi darmadağın edən, inkişaf etmiş iqtisadiyyatlarını viran qoyan, on minlərlə müsəlmanın qətlə yetirilməsinə vəsilə olan Qərb Suriya problemində dalan dirəndikdən sonra, Yaxın Şərqdə başqa oyun oynamağa hazırlaşır.

Qətər ərazi etibarilə körfəzin kiçik bir ölkəsi kimi görünsə də, zəngin enerji resursları, kapital yığımı və təsirli xarici siyasəti ilə statusundan və geosiyasi miqyasından böyük işlərə imza atıb. Qətərin yüksəlişi, Birləşmiş Ərəb Əmirliklərinin “iqtisadi görkəmini” itirdiyi, “böyük qardaş” Səudiyyə Ərəbistanının maliyyə və diplomatik baxımdan problemlərlə üzləşdiyi bir dövrə təsadüf edir. Misirdəki vəziyyət məlumdur, Qərb qədim sivilizasiyaların məskəni olan bu yurda elə divan çəkib ki, Misirin özünə gəlməsi üçün onilliklər lazımdır. Bəhreyndə isə son 3-4 ildə daxili problemlər və iqtisadi artımın zəifləməsi göz önündədir. Bütün bunların qarşılığında həmin ölkələrin siyasi hakimiyyətlərinə Qərbin dəstəyi olduqca lazımdır, hədəf isə Türkiyənin ən yaxın strateji-hərbi müttəfiqi Qətərin seçilməsi təsadüfi deyil. Dohaya qarşı blok yaratmaqla Qərb islam həmrəyliyini pozmaq, Türkiyənin regiondakı nüfuzunu azaltmaq, ərəb ölkələrinin “başını daxili problemlərə qatmaqla” enerji mənbələrinə daha böyük güclə sahib olmaq niyyəti güdür. Dünyanın ən iri mayeləşdirilmiş qaz ixracatçısı olan Qətərin sabit enerji harmoniyasını pozmaqla ABŞ-ın Aİ ölkələrinə nağd qaz ixracına başlaması da üstü açılan gizli planlardandır.

Ərəb ölkələrinin Qətər hökuməti qarşısında qoyduğu şərtlərdən biri - Türkiyənin bu ölkədəki yaratdığı hərbi bazanın və hərbi əməkdaşlığın dayandırılmasına dair tələblər Qərbin İraq dövləti qarşısında illərdir ki, irəli sürdüyü tələblərin oxşarıdır. Qərb İraq parlamentini israrla Mosul və Kərkükdən türk silahlı qüvvələrinin çıxarılmasına dair qərar qəbul etməklə hədələyir. Rəsmi Dohaya qarşı eyni tələb sifarişin haradan gəlməsində şübhə yeri qoymur. Bütün bunlara baxmayaraq Türkiyə öz siaysi və hərbi potensialını artırmaqla ərəb ölkələrinin, islam dünyasının himayədarı olmaq niyyətindən başqa məqsəd güdmür. Müdafiə naziri Fikri İşığın söylədiyi kimi, Qətərdəki Türkiyə bazası həmin ölkənin və regionun təhlükəsizliyini təmin etmək üçündür.

Türkiyə hökuməti hadisələrə təmkinlə, obyektivliklə və ədalətlə yanaşır. AKP-nin və islam dünyasının lideri Rəcəb Tayyib Ərdoğan Qətər ssenarisini çox ustalıq və uzaqgörənliklə anlayaraq ərəb ölkələrini intriqalardan, əsassız iddialardan çəkindirməyə çalışır. Qardaş davasının qarşısının alınması, islam dünyasında qarşıdurma ehtimalının azaldılması, müsəlmanların var-yoxdan çıxarılmasının dayandırılması üçün ağırlıq mərkəzini üzərinə götürən Türkiyə regionda sülhü təmin etmək üçün tər tökür.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilk gündən Qətərə qarşı sanksiyaların tətbiq edilməsini düzgün qərar hesab etmədiklərini, bu ədalətsiz qərarın aradan qaldırılması üçün tərəfləri soyuq başla masaya əyləşməyə çağırır. “Həmrəylik və əməkdaşlığa böyük ehtiyac olduğu bir dövrdə belə vəziyyət heç kimə fayda gətirməyəcək. Qətərin soyuqqanlığını təqdir edirik” deyən Tayyib Ərdoğan Qətər ətrafında yaranmış vəziyyətin dialoq yolu ilə nizamlanmasını, qarşı tərəflərin konstruktiv mövqe göstərməsini, gərginlik deyil, açıq siyasi müzakirələrlə kompromisə gəlmələrini tövsiyə edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son bir ayda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığının xarici işlər nazirləri ilə görüşlər keçirərək ərəb və müsəlman dünyasının mənafeyinə zidd addımlar atmamağı tövsiyə edir. Bütün islam ölkələrini eyni Qatarda olmağa səsləyir.

 





10.07.2017    çap et  çap et