525.Az

Mehmet Nuri Parmaksızdan 2 esse


 

Mehmet Nuri Parmaksızdan 2 <b style="color:red">esse </b>

ÇOXLAR AZ OLDU SƏNLƏ, AZLAR ÇOX...

Dərin bilinən dəryalardan daha dərini sənin dərinliyin.

Yaşadığımız dünya bir yuxu. Mən gerçəyə bu yuxunun ən gözəl tərəfi ilə gedirəm indi; payıma düşən nədirsə razıyam ona.

Gözləməksə gözləmək; susmaqsa susmaq; gülməksə gülmək; ağlamaqsa ağlamaq.

Ölmədən neçə dəfə ölür bir insan. Mən bunu təcrübə edirəm indi.

Bir sayı varmı bilmirəm; lakin bildiyim sonsuzluğa çatmaq üçün ölməkdən də qorxmuram; razı olmağın bütün məsuliyyətini hiss edirəm iliklərimdə.

Ömrümə açan və solmayacaq olan ən gözəl çiçəksən, yar. Səninlə nəfəs alıram mən, həm də sənin nəfəsində yaşamaq bilsən nə gözəl; röyadan da gözəl.

Ürəyimə və ömrümə yazılmış adını siləcək bir pozan yox dünya üzərində.

Gecəmdə parlayan ulduzsan; günümü nurlandıran günəş və qəlbimsən. Mən eşqə çatmaqla xoşbəxtlik sərxoşu olan və sevdanla dəli olmuş bir aşiqəm artıq.

Dərin bilinən dəryalarda daha dərin sənin dərinliyin. Atəşinin içindəki qor bilinməzlər ölkəsindən, lakin soyuqluğun da özünəməxsus sənin.

Adını zikr edən dodaqlarım adını hər söyləyəndə yenidən ram olur eşqinə. Gözlərim səni görəndən bəri kor sanki.

Ey Sevgili!

Əgər bir gün sənə verdiyim sözü belə unutma ehtimalı olarsa, qəlbimdən heç düşünmədən as məni eşqin dar ağacına; edamım ibrət olsun eşqdə yalan söyləyən könüllərə.

Sən məni unudacaq və ya sözündən imtina edəcək olsan, eşqə boynumu əyərəm bir daha qaldırmamaq şərti ilə; susaram, küsərəm dünyaya və əbədiyyətə; sonra da sənin olan gözlərimi dağlar, ruhumu da asaram məhşərin giriş qapısına.

Ömrümə Allahın izni ilə sonsuzluq olaraq işlənmiş yarım. Varlığım, eşqinlə şən; ruhum ruhunla xoşbəxt. Məni nə qədər sevəcəksən, desən verəcəyəm cavab, ruhumun ömrü qədər.

Eşq səninlə gözəl...

Məni gözəlləşdirən də sənsən Rəbbimdən sonra. Həsrət, xoşbəxtlik və əmin-amanlığın ilk qədəmləri imiş anladım və şikayətçi deyiləm artıq ondan.

Vüsal sonsuzluğa çəkilən bir hörümçək toruymuş hər kəsin görə bilmədiyi.

Ey Sevgili...

Eşq dənizində şükür və təvəkküllə yol almağı mən səndən öyrəndim. Şükrün şükrümü böyütdü; təvəkkülün təslimiyətimi.

Fırtına, ya da tufan da qopsa artıq dəryanda şükür qayığım və təvəkkül kürəklərimlə yol alacağam vüsala bundan sonra.

Hədəfim müəyyən artıq; nəticəm bəlli. Sonlu olanı öldürdüm içimdə, lakin sonsuz olana şövqüm daha da artdı nəticədə.

Bilirəm, sevməklə açılır qapılar və şükürlə yaxın olur uzaqlar. Bax buna görə Rəbbimi də, səni də çox sevirəm yar.

Bu an bilsən halımı çaşarsan, sevgili. Bir çərpənək hiss edirəm özümü;  uçurdanım sənsən. Səninlə coşdum və həsrət çayından şükür dənizinə səninlə vardım mən; səninlə axdım.

Səninlə varam; sənsiz yoxluğa məhkum həsrət çəkən çoxam.

Çoxları az oldu sənlə; azlar çox və elə hiss edirəm ki, eşqdə sənin izahın yox.

Sonsuzluğum dediyim yar; sahibimsən artıq; hakimimsən. Sənsən məni gözəlləşdirən diyar.

Nə sabahlar gecəyə;
nə gecələr sabaha
Nə də ömür ölümə,
qovuşmayır, bir dənəm...
Şükr edəlim imanla, duamızda Allaha
Mütləq həyat məhşərə
qovuşacaq nur dənəm... 

DÜNYA PƏRDƏ OLDU SURƏTLƏRİMİZƏ... 

Sonsuz, sərhədsiz olmadıqdan sonra bir yerə qədərdir xoşbəxtlik.  

Gün işığımı gözəlləşdirər gözəllikləri, yoxsa gözəllik özündəmi olur?

Susmaqmı cazibədar edər bir könülü, yoxsa danışmaqmı? Görmək bilmək ola bilərmi? Yoxsa görmək hər şeyin fərqinə varmaqmı?

Dünya bir pərdə oldu surətlərimizə. Dünya hüzün yüklədi bəzən könlümüzə.

Hüzünləndikcə üzüldük; üzüldükcə susduq içimizdə. Susmaq gözəldir, amma; susan içimiz danışar ha bəzən gecələr boyu. Özümüzü günahlandırarıq mühakimə edərik ya xatirələrlə, peşmanlıqlarla.

Bir hayqırtı kimi heç kəsilməz istirabımız; şəfa axtarırıq xəyallarda. Gün doğanda düzələcək, yeni günlə yaxşı olacaq hər şey deyərik...

Aldadarıq bax belə-belə ömrümüzü. Halbuki hər şey yerli-yerində dururdu və suyun üstünə çıxmaq üçün fürsət gözləyirdi.

Sevmək gözəl... Aşiq olmaq gözəl; eşq gözəl. İnsan həmişə sevdiyi ilə həmhal olmaq istəyir; darıxır və yaşadıqları yetmək bilmir özünə.

Həmişə gözdə olmaq; həmişə özdə, əldə, dildə olmaq istəyir sanki. Ağır gəlir dünyanın bir pərdə olması; surətlər surətləri, ruh ruhu özləyir, baxışda, axışda və eşqdə.

Nə kifayət edər aşiqə? Vüsalmı? Nə dayandırır aşiqin xəyalını? İztirabmı? Sonsuz olmadıqdan, sərhədsiz olmadıqdan sonra bir yerə qədər xoşbəxtlik.

Əsl olan heç susmamaq üzrə danışmaq; heç bitməmək üzrə könüldə olmaq. Heç ayrılmamaq üzrə birləşmək deyilmi? Sonlu olan dünya pərdə olsa da, surətlərimizə; hüznü körükləsə də, nəfəslər, sevilənin xoşbəxtliyi xoşbəxtlik qatmazmı ömrümüzə?

Bir gülüş, bir dərman kimi ehtiyac deyilmi qəlbimizə? Haldan qeylü-qala gedən yol susmaqla sarmazsa bir qol kimi bizi; susdura bilmərik ki, içimizi.

Təbiət, səma və yaradılmış hər məxluqat gizli bir şifrə Yaradandan. Baxıb görmək, hiss etmək və qəbul etmək lazımdır həqiqəti.

Xoşbəxtlik diyarı deyil dünya; gerçək kimi görünən, amma saxta, saf zənn edilən, amma keçici bir yuxu.

Ölümün mütləqliyini hər nəfəsdə dərk edə bilməyənlər üçündür bu sonlu dünya. Ölümlə gerçək qapıdan keçəcəyik əlbət bir gün. Sonsuzluğa yelkən açacağıq; pərdələr yırtılacaq, həsrət bitəcək və həqiqətin özünə çatacağıq o gün.

Dünyanın vəzifəsi bitəcək və surətlərimizə pərdə qalacaq. Əsas olan o günün heç də uzaq olmadığını unutmamaqdır; üsyandan uzaq həmişə şükrə yaxın yaşamaqdır.

Səssiz bir odada
Rəngli bir adada yaşayıram.
Keyfimə dəyən yox
Dünyanı yenidən kəşf edirəm.
Quşlar, yol göstərin mənə
Gecəni gündüzlə boyayıram.
Günəş doğur içimə,
Allaha şükr edirəm.

 





10.07.2017    çap et  çap et