525.Az

Rusiyanı və rusları necə gördüm... - Fotolar


 

Rusiyanı və rusları necə gördüm... - <b style="color:red">Fotolar</b>

Rusiya, necəliyindən asılı olmayaraq, yanından köçüb gedə bilməyəcəyimiz qonşudu.

Heç vaxt ona yaxşı bələd olmaq istəyimlə seçilməmişəm, uzun illər məktəbdə, sonra universitetdə qərbi, şərqi və cənubi slavyanları ayrı-ayrılıqda, birlikdə dərs kitabları daxilində öyrənsəm də, şimala doğru 4-5 saatlıq maşın yolundan sonra açılan ucsuz-bucaqsız Rusiyanı gözümlə görmək istəyim yaranmayıb. Doxsanıncı illərdə Qarabağ müharibəsi, qaçqınlar, ərazi itkisi səbəbindən iqtisadiyyatı iflic duruma düşən Azərbaycan sağ qalmaq üçün bir əlini uzadıb Rusiyadan yapışmışdı, yüzminlərlə azərbaycanlı ailəsini Rusiyada qazandığı pullarla dolandıra bilmişdi. Fürsət düşdükcə rus elitası da bunu vurğulamadan ötüşə bilmir. Halbuki Azərbaycanda yaranmış bu çətinliyin səbəbkarı kimi çoxları məhz Rusiyanı görür: “bir milyonu evsiz qoyub, yüz mini xilas edir” - təxminən bu şəkildə.

Mən Rusiyanı soyuq fəsillərlə yanaşı, soyuq insanların da hakim olduğu, hər tərəfinə keçmiş SSRİ ölkələrindən gələn, intellektual inkişafı kasad insanların səpələndiyi məmləkət kimi təsəvvür edirdim. Rus dili çətinliyi olmayan dostlarım belə, Moskvanı sevmədən,  Rusiyanı anlamadan vətənə dönürdülər. Ona görə Rusiya səfərimdən öncə xeyli həyəcanlı, hər addımda kobudluqla rastlaşaraq məyus olacağıma hazır şəkildə dolaşırdım. Hətta vaxt tapıb “emosiyaların cilovlanması”, “kobudluqla qarşılaşdığın zaman nə etməli” mövzulu kitabları da vərəqlədim. İndi yazacaqlarım dərin siyasi, iqtisadi, sosial bağlarımız olan ölkə haqqında deyil, sıradan dövlət və millət barəsində xaotik qeydlər tərzində olacaq. Çünki Rusiyanı azərbaycanlı kimi yox, adi, orta statistik turistin gözü ilə görməyə çalışmışam. 

Rusiya iki şəhəri üzərindən məni təəccübləndirdi, başqa yerlərində olmadım deyə, dəqiqləşdirmə aparım. Səfərimin yeddinci gününə qədər bir dəfə də olsun kobud sözlə, acıqlı sifətlə qarşılaşmadım. Yeddinci gün vitrindən götürdüyüm əşyanı olduğu kimi yerinə asa bilmədiyimə hirslənən qadın səfərimə rəng qatdı. “O qədər hazırlıqdan sonra bircə kobud münasibət olmadan Rusiyanı tərk etmək lap ağ olardı” - belə düşünüb gülümsədim və indi mənə saysız-hesabsız görünən muzeylərdəki nənələrin səbrli davranışlarını xatırladım. Rusiyada muzey bələdçiləri, kassa satıcıları, az qala istisnasız, qoca qadınlardı. Məsələn, Ermitajda nağıllardan tanıdığımız nənə tipləri hər mərtəbədə, hər zalda var. Onlara yaxınlaşıb nəsə soruşanda ayağa qalxıb, sənə həvəslə yol göstərir, yoldaşımın şikayətlənib dediyi kimi, “dayanmadan danışır, mövzunu uzadırlar”. Bir neçə günü Moskvada keçirib Peterburqa yollandıq. Peterburq bir neçə yöndən Moskva ilə rəqabətə girən, hətta önə keçən şəhərdir. “Peterburq əsilli-nəcabətli rusların vətənidir” - bir çoxları belə deyirlər. Pyotrun Avropa şəhərləri uslubunda yaratdığı bu şəhər sevdiyiniz məşhur turistik məkanlardan heç nəyi ilə geri qalmır. Günəşin çıxmağı ilə küçələrə axışan insanlar Moskvadakı kimi tələsə-tələsə irəliləmir, daha rahat, daha hüzurlu gəzirlər. Küçələrdə Moskvada olduğu kimi ancaq çinli turistlər yox, başqa ölkələrdən gələn insanların da üzləri görünür. Prestijli marka mağazalar həm Moskvada, həm də Peterburqda çoxdu. Mağazaların üstündə marka adları qeyd olunsa da, daha böyük hərflərlə “Ayaqqabı”, “Paltar”, “Gül”, “Gözəllik salonu”... yazılır. Bu detal sanki Sovet dövrünün sosial bərabərlik prinsipini, cüzi də olsa, saxlamaq cəhdidir. Yəni marka nə olursa olsun, ayaqqabıdır, yaxud, idxal yeri hara olsa da, nəhayətdə, güldür. Ümumilikdə isə Rusiya Sovet dövrünün atributlarını, ənənələrini saxlayan, bununla fəxr edən, ondan yararlanan məkandır.

Rusiya əksər postsovet ölkəsindən fərqli olaraq, SSRİ-yə bağlı keçmişini silmək istəmir, əksinə onunla qururlanır, özünü əsl varis kimi aparır. Baxmayaraq ki, əhalinin daha çox oxumuş, dünyanı anlamaq baxımından irəli getmiş kəsimi bu tarixi lazımsız, kapitalizmi ləngidən proses kimi qiymətləndirir. Hətta kommunistləri “Romanovları amansızcasına  qətlə yetirib hakim sülalənin axırına çıxan terror qruplaşması” adlandıranlar da az deyil. Ancaq dövlət, Sovetin rəsmi varisi kimi, uzun müddət ondan imtina etməyəcək pozda dayanıb. Rusiya müharibə tarixini, işğal səhifələrini şərəfli keçmişi kimi təqdim edir. İkinci Dünya Müharibəsindəki qələbənin hərb tarixinin ən şanlı səhifəsi kimi qiymətləndirildiyi bu ölkədə döyüş texnikası, silah-sürsat ən dəyərli eksponatlar kimi göstərilir.

Səfərimizin sonuna yaxın Moskva Rusiyanın Müstəqillik gününü qeyd edirdi. Şəhərin hər məşhur prospektində, ən sevimli parklarda qurulan çadırlarda xüsusi geyimli gənclər tarixin müəyyən dönəmini səhnələşdirərək açıq havada teatr-muzey təşkil etmişdilər. Peterburq səfərimiz bəyaz gecələrə düşmüşdü. Səhərdən axşama kimi 14-15 kilometr yol qət etdikdən sonra yorulmuş və təəssüratları, bilgiləri qarışmış şəkildə yatmağa hazırlaşanda çöldə hava azacıq toranlaşmış olurdu. Gecəyarısı təsadüfən oyanıb işıqlı küçələri seyr etmək isə buna öyrəşməsək də, maraqlı, qeyri-adi idi. Bəyaz gecələrin, nisbətən ilıq havanın sayəsində Peterburq otelləri ağzına qədər turistlə dolmuşdu. Əvvəl istəməsəm də, sonra Dostoyevskinin şəhərində oteldə deyil, məhz qədim binalardan birində qalmağımız zövqümü oxşayırdı. Bu təsadüf tez-tez mənə obrazları peterburqlu olan rus yazıçılarını xatırladırdı. Binanın pilləkələrini qalxdıqca, qədim pəncərələrə toxunduqca böyük rus yazıçılarının, onların qəhrəmanlarının bir zamanlar eyni yerlərə gəldikləri, eyni şeyləri etdikləri ehtimalı ağlımdan çıxmırdı. Dostoyevski və Tolstoy tanıdığım əksər əcnəbi yazıçının ən çox sevdiyi müəlliflərdir. Müsahibəsini oxuduğum yüzlərlə yazıçı məhz bu iki imzanı ən sevdikləri ədiblər olaraq təqdim edirlər. Peterburq Dostoyevskinin əsərlərində xüsusi yer tutsa da, o burada, ümumiyyətlə Rusiyada xüsusi yer tutmamış kimi görünür. Mən Dostoyevskiyə, Tolstoya aid əlamətdar yerləri özüm tapmalı olurdum, onlar tanışlıq üçün turistlərə təklif edilmirdi. Əvəzində hər yerdə Puşkinin “izi” görünürdü, onun adı ilə bağlı kafelər, suvenirlər, küçələr... hər addımda qarşımıza çıxırdı. Puşkinin məxsusi oxucusu olmadığım üçün hər yerdə eyni adı görməkdən qıcıqlanır, sevdiyim müəlliflərlə bağlı nələrləsə rastlaşmadığım üçün üzülürdüm.

Rusiyanın əsas şəhərlərində dünyanın hər yerində olduğu kimi qrup-qrup gəzən çinliləri görmək mümkündür. Çinlilər aktiv turistdirlər, onlar muzeyləri gəzir, səfər etdikləri ölkələrin özəllikləri ilə tanış olurlar. Çinli turistlər, mənim nəzərimdə, bərkdən danışan, bayraqla gəzən, hər şeylə maraqlanan və hər xırda fərqliliyin şəklini çəkən adamlardır. Rus turisti isə mənim üçün, pul toplayıb isti ölkələrə qaçan, dənizə və günəşə yaxın olmağa çalışan biridir. Mənim öyrəndiyim tarix deyirdi ki, ruslar dənizi və günəşi həddən artıq sevirlər, onların əsas davaları isti dənizləri ələ keçirmək istəyi ilə bağlı olub. Bu davaları ən çox türklərlə ediblər və Rusiya muzeylərində ikincilərlə bağlı xüsusi bölmələr, münasibətləri əks etdirən eksponatlar olduqca çoxdur. Bir çox müharibələri düşmənə əlverişsiz olan soyuq iqlimi sayəsində qazanmış Rusiya isti ölkələrin yay turizmindən məhrumdu, bu, onun iqlim baxımından ən zəif tərəfidi. Yayını uzada bilib - sıx meşələrini, kiçik göllərini, aydın səma altında tikilən xudmani kənd evlərini dünyaya daha uzun müddətə göstərə bilsəydi, turizm baxımından ən gəlirli ölkə olardı. Mənsə bu gözəlliyi dörd saat ərzində Moskvadan Peterburqa uzanan sürətli qatar yolunda seyr edə bildim.

Rusiya ərazisinin hədsiz genişliyi təsəvvürümə sığmır. Ruslarsa yüzillər boyu sahib olduqları genişliklə kifayətlənməyib, Krımın qaytarılmağına xüsusi sevinirlər. Ən liberal rus belə, buna etinasız qala bilmir. Ruslarda sahiblənmə hissinin güclü olduğunu görməmək mümkün deyil. Onlar tarixlərini, incəsənətlərini, rus kimliklərini bərk-bərk qucaqlayaraq yaşayırlar. Məktəbli ruslar bu ruhda tərbiyə olunur, gənclər bu istiqamətdə yetişdirilir, yaşlılar isə onsuz da bu institutun dayağıdırlar.

Teatr Rusiya mədəniyyətində xüsusi yer tutur. O, rusların içində, həyat tərzində yaşayır. Burda haşiyəyə çıxaraq bildirməliyəm ki, qloballaşma Rusiyadan yan keçməyib, gənclər arasında “mərkəzdənqaçma cəhdləri” də az deyil. Onlar türk seriallarına baxır, teatra getməyi sevmir və “Rusiyada hamı kitab oxuyur” stereotipini yalan çıxarırlar. 

Sonda rus səmimiyyətindən danışmaq istəyirəm. Şəxsən özüm xüsusi kobudluqla rastlaşmasam da, rusların təbəssümdən yoxsul simaları bütün dünyaya bəllidi. Bir neçə il əvvəl məşhur saytların birində rusların öz izahları yer almışdı: onlar səmimi olduqlarını, nə düşünüb, nə hiss edirlərsə, onu ifadə etdiklərini bildirirdilər.  Sözlərindən belə çıxırdı ki, kobudluq səmimilikdən irəli gəlir. Mən isə bu səmimiyyət məsələsinə bir qədər ehtiyatlı yanaşıram, yeri gələndə, süni nəzakətlə davranmağı də lazım bilirəm. Yeqorov soyadlı bir yazar slavyanların etnopsixologiyasından və mədəniyyətin semiotikasından yazanda ikiüzlülüyü - riyakarlığı mədəniyyətin şərtlərindən hesab edirdi. Çernov soyadlı bir alimin məqaləsində də əsas ideya bu idi ki, riyakarlıq mədəniyyətin minimum şərtlərindən biridir. Bu yaxında bir qohumum ortaq tanışımız haqqında belə dedi: “O qədər alicənabdır ki, dərdini kimsəyə bildirməz”. Qanın qaradırsa, hamının kefini pozmağı, dərdin varsa, başqasının sevincini yarıda kəsməyi mən də etik saymıram. Kobudluğu səmimiyyətlə qarışdırmaq da bu qəbildəndi. İnsan sivil varlıqdı, o təbiətdən məhz təbiiliyini korrektə etdiyi zaman ayrılıb. Mədəniyyət süniliyin də yer aldığı məkandır. Bunları nəzərə alıb kiminsə kobudluğuna toplumun “səmimi”liyi ilə haqq qazandıra bilmirəm. Bu “səmimi”liyi ən yaxşı halda hegemonluq, eqoistlik adlandıra  bilarəm, əvəzində Avropaya xas nəzakətlə gülümsəməyi, Amerikaya məxsus rahat təbəssümü bəyənirəm.

Rus xalqı güclü olmağa öyrəşmiş kimi görünür. Dəyərlərinə və əlində olanları itirməmək xatirinə kasıblıqla belə barışa bilirlər. Rusların çoxu Qərbi  təhlükə mənbəyi sayır, öz dövlətinin xeyir, Qərbin şər qüvvə olduğuna inanır.

Fəlsəfəçi alim Niyazi Mehdi, mahiyyətində nə qədər sevgiyə işləyən təməllər olsa da, bütün mədəniyyətlərin tərkibində həm də düşmənçiliyi artıran əsaslar olduğunu yazır və Froyddan örnək verir: Sevginin, erosun alt üzü tanatosdur, nifrətdir. Bir qəbilənin, etnosun qonşusuna nifrəti bu qəbilənin içində sevgini artırmağa qulluq edir. Mən Rusiyada şüuraltına yeridilmiş “Qərb bizim düşmənimizdir” hədəsini bu müstəvidə hiss elədim.

Saatlarla davam edən gəzintilərlə zəngin on dörd günlük səfərin təəssüratını kiçik yazıda vermək olduqca çətindir. Bəlkə də Rusiyadan çox, ruslardan danışdım. Görünür, ən çox öyrənməyə çalışdığım obyekt kimi “insana səyahət etməyi” sevdiyimdəndi. Lap sonda, Rusiyada kifayət qədər xoş insanlar gördüyümü xüsusi yadda saxlamağınızı istəyirəm. Dostoyevskinin əsərlərindəki kimi. Tolstoyun qəhrəmanları qədər. “Rus insanı ya olduqca bədbəxt, ya da hədsiz xoşbəxtdir. O, sevinci də, kədəri də şişirdərək yaşayır” - müasir slavyandilli yazıçılardan birinin sözüdür. Elə bu səbəbdən rus yazıçıları insanı o qədər dərindən, o qədər rəngli təqdim edə biliblər.

 





10.07.2017    çap et  çap et