525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

NƏ “KÜBRƏ”, NƏ DƏ “MƏLZƏMƏ” (KERENSKİLƏRƏ CAVAB)

Nə “kübrə”, nə də “məlzəmə”!..

Böyük cahan hərbi müxtəlif siyasi sistemlərin bünyəvi qüdrətlərini sınayan pək böyük bir imtahan oldu. Bu imtəhandan parlaq müvəffəqiyyətlə çıxan siyasi bünyələr ancaq milli vücuda malik təşəkküllərə, milliyyət məsələsinə şu və ya bu şəkildə qiymət verən dövlətlər olmuşlar.

Rusiya, Avstriya və Osmanlı imperatorluqlarının bu böyük çəkişmədə inqiraza uğradıqları əlbətdə tarixi bir təsadüf əsəri degildir! Qaliblərin başında bulunan İngiltərə sistemində belə, müharibədən əvvəlki qiymətlərə nisbətlə, milliyyət məsələsi nöqteyi-nəzərindən çox bəyük dəgişikliklər hüsula gəlmişdir.

Kəndi arzularına rəğmən millətləri cəbrən kəndi idarəsi altında tutan bir imperializmin bundan sonra təəssüs edəmiyəcəgi artıq hər kəscə mühəqqəqdir.

Fəqət nə yaparsınız ki, tarixin hər kəs tərəfindən anlaşılmış olan bu təbii seyrini dərk etməyən və onun sürətlə dönən çarxına dəyənək soxmaq istəyən bir taqım xəyalçılar hala mövcuddur.

Bu xəyalçıların kimdən ibarət olduğunu bəlkə də təxmin ediyorsunuz. Rusiya əhvalına aşina və əzcümlə bəyaz rus mühacirləri arasındakı siyasi ümid və cərəyanlarla əlaqədar olanlar heç şübhəsiz bu xəyalçıları kəşifdə pək də müşkülat çəkməzlər.

Bu növdən rus siyasilərinə baxılırsa cahan tarixi seyrinin ümumi qanunlarına Rusiya tabe degildir. Onun kəndinə məxsus yolu vardır! Hər millətin kəndi müqəddəratını təyində bizzat səlahiyyətdar olduğunu müdafiə edən müasir şüar, sosialist məfkurəçiləri tərəfindən dəxi qəbul edilmiş ikən, kəndilərinə sosialist deyən rus firqələri bu prinsipin eynilə Rusiyaya tətbiqini qətiyyən qəbul etmiyorlar. Bu xüsusda ən ziyadə təəssüb göstərən sabiq Rusiya müvəqqəti ixtilal hökuməti rəisi Kerenski ilə onun qrupudur. Kerenski bu təəssübünün kəskin tərəfini bilxassə Sovetlər ittihadındakı türk cümhuriyyətləri və ələlxüsus milli Azərbaycan istiqlalçılığına qarşı tövcih etməkdədir.

Kerenski yalanından Hondkaryanın bu xüsusda nə kibi bir provakasyona müraciət etdigi keçən nüsxəmizdə qeyd olunmuşdu. Bu dəfə də Kerenskinin imzası ilə vüqu bulan bir çıxışından (“Dni” № 64-də basılmış Kerenski məqaləsi) bəhs etmək məcburiyyətindəyiz.

Kerenski, qismi məxsusumuzda dərc olunan kazanlı türk komunistləri arasında açılan “Milli firqə” təşkilatından, Sultan Əliyevçilikdən tutaraq “pantürkizmə” gəliyor və bütün bu “təhlükələr” qarşısında qara basan bir adam kibi sayaqlıyor. Məgərsə “Sultan Əliyevçilər” Sovetlər ittihadı bayrağı altında daimi olmayan “Rusiya topraqlarını sabiqdə məhkum və məğdur deyə adlanan millətlər arasında böləcəklərmiş”.

Kəndisinə demokrat, radikal və sosialist deyən Kerenskinin düşdügü şovenlik dərəcəsini görünüz ki, Rusiya monarşisində məğdur millətlər mövcud olduğunu belə, məşrut olaraq, kinayə ilə qəbul ediyor. “Məğdur deyə adlanan” və böyük bir tədəhhüşlə “Rusiyayı bölüşmək istiyorlar!” - deyə fəryad qoparıyor. Şöylə ki: “Qafqasiya - gürcü, dağlı və azərbaycanlılara. Kiçik Rusiya - ukraynalılara. Sibirya - yakut, buryat və sair qeyri cinslərə. Volğa nəhri maverasındakı bütün Rusiya Orenburğ və Sibirya çöllərindən tutaraq Türkistanda vaqe Pamir yaylalarına qədər - pantürkistlərə, yəni Kazan tatarları ilə kəmalistlərdən mütəşəkkil bir ittihada” keçəcək. Rusiya parçalanacaqdır.

“Pamir yaylaları - kazanlılarla kəmalistlərdən mütəşəkkil bir ittihada!”. Bu, hər dürlü siyasi və coğrafi mənadan məhrum bir cümlənin altında insan vaxt ilə qoca bir məmləkətin başında bulunmuş və şimdi də bu sövdadan daşınmamış bir zatın imzasını görüncə həqiqətən də kerenskilərə ariz olan siyasi kabusun nə müdhiş bir xəstəlik olduğunu təsəvvür edə biliyor.

Kerenskidəki fikir şaşqınlığı bu qədərlə qalmıyor, ona görə bolşevizm ruslarda milliyyət fikir və hissini hər dürlü vasitələrlə öldürdügü halda, rus olmayan millətlərdə, biləks bu hissi təşviq ediyormuş ki, hal-hazırda qüvvətlənən “Separatizm hərəkatı” da bu siyasətin “təbii nəticəsi” imiş!

Kerenskilər həyatdan və zamanın istəklərindən nə qədər uzaqlaşmışlardır. Sanki nə cahan hərbi olub-keçmiş, nə mozayik imperatorluqlar çökmüş, o cümlədən nə də Rusiya çarlığı yıxılmışdır! Tipqi çar rejimi dövründə hər türlü milli hərəkatda bir “yabançı əli” və hər türlü siyasi hərəkatda bir “yəhudi intiriqası” görən reaksioner rus şovenləri kibi kerenskilər də “seperatizm” namilə tövsif etdikləri milli hərəkatları yabançı əllərin əsərilə hərəkət edər birər qüvət kibi göstəriyorlar. Kerenskiyə görə “Rusiya daxilindəki separatistlər bila istina şu və ya bu əcnəbi dövlətlərlə mərbutdurlar”.

Eyni görüş kəndi hakimiyyətlərinin məhkum millətlər üzərində zəifləməsinə zərrə qədər təhəmmül etməyən bütün imperialistlərin görüşü degilmidir? Və bu gün Kerenskinin ağzında təsrif olunan “pantürkizm” vaxtilə “Novoye Vremya” mühərriri Menşikovun ağzından düşməyən “panislamizm” arasında nə fərq vardır?

Şövənlikdə degil Menşikov, məruf reaksionerlərdən Markova belə daş çıxardacaq qədər hərarət kəsb edən Kerenski “seperatistlərin Rusiyayı parçalamaq təşəbbüsləri” qarşısında təcəllüt göstəriyor və “inanmalıdır ki, Momzenin dedigi kibi rus xalqı heç bir zaman əcnəbi kültürlər üçün kübrə və yabançı dövlətlərin binası üçün məlzəmə rolunu oynamayacaqdır” - diyor. Böylə olması üçün də o, rus xalqını “Sovetlər ittihadındakı digər bütün millətlərin tutuşmuş olduqları milli etiraz atəşilə yanmaya” davam ediyor.

Kerenskilərə deməliyiz ki, bir kərrə nə “separatizm”, nə də “Rusiyayı parçalamaq” mövzu bəhsi degildir. Bizcə bu kəlimələr heç də yerində qullanılmamışdır.

Bir kərrə cahanın və demokrasinin ən yüksək məfhumuna mütabiq kəndi istiqlalını elan etmiş ikən yabançı bir qüvvət tərəfindən istilayı uğrayan bir millətin kəndi hürriyyət və istiqlalını istirdad yolundakı hərəkata “seperatizm” demək caiz olamaz. Fərza cahan hərbi əsnasında alman istilası altından qurtarmaq üçün vuruşan Belçika hərəkatını kimsə seperatist bir hərəkat kibi tələqqi etmək haqqında degildir. Bunun kibi bir Azərbaycan, bir Gürcüstan, bir Ukrayna hərəkatları dəxi Rusiyaya qarşı seperatist bir hərəkat mahiyyətində tələqqi ediləməz! Avstriya imperatorluğuna qarşı kəndi istiqlalları üçün cidala girişən Çeko-Slavakya, Xırvatstan və sairə kibi hərəkatları kerenskiçilər heç də mənfi bir ayrılma hərəkatı kibi görməmişlərdi, o halda nədən Şimali Qafqasya, Türkistan, Kazan, Krım və sairə kibi hərəkatlar mənfi bir seperatizm kibi görülüyor!

Biz, seperatizm degil, bütün mənasilə bir istiqlal davasında olan bu millətlər qətiyyən Rusiyayı parçalamaq niyyətində də degildirlər.  Biləks, Rusiyanın kəndi milli hüdudları daxilində mülki tamamiyyətini tamamilə mühafizə edərək, tərəqqi etməsini təmənni edəriz. Fəqət kerenskilər də bu həqiqəti qəbul etməlidirlər ki, Qafqasiyanın - gürcü, dağlı və azərbaycanlılara keçməsi qətiyyən Rusiyayı parçalamaq degildir, nitəkim Ukrayna ilə Türkistanın dəxi Rusiya ilə əlaqəsi yoxdur. Bu millətlərin təbii haqları olan istiqlallarına qovuşmaları ilə kəndi topraqlarına bizzat sahib olmaları, bilməliyiz nədən Rusiyayı parçalamaq olsun! Böylə bir fikir ancaq sabiq Rusiya imperatorluğu daxilində yaşayan qeyri-rus millətlər üzərində rus millətinin mütləq bir hakimiyyət haqqına malik olduğu haqsızca dava edilmək surətilə bəyan edilə bilir.

Şübhəsiz, kimsəyə istədiyi fikri bəyan etmək mən edilməmişdir. Bu cümlədən münqəriz rus imperializmini ənqaz altından çıxararaq təkrar ayaqda tutmaq istəyənlər dəxi istədikləri fikri bəyan edə bilirlər. Etsinlər! Fəqət nə olur bir az da münsif olsunlar! Kamalizmdən və onun mütəcaviz bir siyasət fikri daşıdığından bəhs ediliyor. Halbuki nə görüyoruz: Kamalizm “Misaqi milli” xaricində qalan bilcümlə Osmanlı ərazisindən qəti surətdə və səmimiyyətlə əlaqəsini kəsmiş, bu tarixi zərurəti olduğu kibi qəbul etmişdir. Ona istinad olunan mütəcaviz “panturanizm” davaları dəxi “panrusizm” əkməginə yağ sürtənlərin hiyləli taktikindən başqa bir realiteyə malik degildir. Bugünkü realist türkizm Sovetlər ittihadına məhkum türk cümhuriyyətlərindəki istiqlalçılıq və milliyyətçilik hərəkatlarını qüvvətləndirən bir fikir həmləsi olmaq etibarilə şübhəsiz “panrusizm”in düşmənidir.

Avstriya imperatorluğunun ənqazında panslavizmin oynadığı rolu ehtimal pantürkizm də Sovetlər ittihadı şəklindəki rus imperializminə qarşı oynar, yəni müstəqil türk cümhuriyyətlərinin təşəkklülünü mucib olur.

Fəqət bir Avstriyanın parçalanması ilə əski romantik panslavistlərin bəklədikləri “Böyük Slavya” təəssüs etmədi. Daha az real imkan və şəraitə malik olan dünkü romantiq pantürkizmin də təhəhqüq etmək niyətində və imkanında olmadığını pək əla bilən Hondkaryan-Kerenski ittihadının çevirdikləri manevranın mənası məlumdur. Qafqasiyadakı türk olmayanları qorxutmaq və rus xalqında milli şovenlik qeyrətini qıcıqlamaq!

“Prometee” rəfiqimizin dedigi kibi millətləri təhdid məqsədilə rus xalqına təcavüzkar fikirlər təlqin edən kerenskilər bilməlidirlər ki, sadə bizləri degil, Rusiyadan daha yeni ayrılmış millətlərlə birlikdə daima rus imperializminin təhdidi altında bulunan bütün millətləri dəxi yarınki Rusiyaya qarşı mütəyəqqiz və ehtiyatlı bulunmaq zərurətində bulundurur, çünki bunlardan heç biri “rus kültürünə kübrə və rus dövlətinə məlzəmə” olmaq istəməzlər!

M.E.Rəsulzadə
”Odlu-Yurd”, ikinci kanun (yanvar) 1930, № 11

Bünyəvi - təbii halı
Məşrut - şərtli
Tədəhhüşlə - təşvişlə
Məlzəmə - zəruri olan şeylər
Fərza (fərzən) - fərz edək ki, tutaq ki
Münqəriz - nəsli kəsilmiş, məhv edilmiş
Ənqaz - sökülmüş binanın qalıqları
Mütəyəqqiz - oyanmış, ayıq-sayıq 

AZƏRBAYCAN CÜMHURİYYƏTİ HANKI SİSTEM ÜZƏRİNƏ QURULMUŞDU?

1918 sənəsindən 1920 sənəsi 27 nisanına qədər yaşayan Müstəqil Milli Azərbaycan Cümhuriyyəti, gərək şəkli-idarəsi və bu idarənin mütəvəccehi olduğu istiqamət etibarı ilə, gərəksə xarici siyasəti nöqteyi-nəzərindən siyasi tariximizdə pək mühüm bir yer işğal edəcəkdir.

Bir dəfə bu böyük siyasi təcrübənin müstəqbəl təşkilatı-əsasiyyəmizin təəyyün etməsində mühüm rolu olacağı mühəqqəqdir. Sonra Azərbaycanda nədən böylə tam demokratik bir rejim təəssüs etmiş olduğunu araşdıracaq olan istiqbalın alim müdəqqiqlərinə 28 Mayısdan əvvəlinə doğru bir əzimət nöqtəsi olacaqdır.

Azərbaycanın 28 Mayıs 1918 istiqlal bəyannaməsində şəkli idarənin Xalq Cümhuriyyəti olduğu müsərrəh olmaqla bərabər 6-cı maddədə denilməkdə idi ki:

- “Maddə 6 - Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur”.

İştə bu Məclisi-Müəssisan Azərbaycanın şəkli-idarə və təşkilati-əsasiyyəsini surəti qətiyyədə təyin və təsbit edəcəkdi. Fəqət Azərbaycanı Xalq Cümhuriyyəti şəklində müstəqil bir dövlət elan edən Şurayi-Milli və ona qarşı məsul bulunan hökuməti-müvəqqətə, istila və anarşi içərisində bulunan məmləkəti qurtarmaq, məmləkətin vəhdətini, daxilən əmniyyət və asayişini təmin eyləmək kibi pək mühüm vəzifələr qarşısında qalmaqda idilər.

15 eylül 1918-ə qədər davam edən istiqlal hərbi aylarında və ondan sonra eyni sənənin 16 ikinci təşririnə qədər tətil edən Şurayi-Milli 17 həziran 1918-də icra səlahiyyətini kabinəyə tərk edərkən Bakının xilasilə bərabər 6 aydan gec olmamaq şərtilə Məclisi-Müəssisan dəvətini də hökumətə əmr etmişdi.

Bilaxirə 16 ikinci təşrindən etibarən iş başına gələn Şurayi-Milli Məclisi-Müəssisan dəvətilə bizzat mışğul olmağa başlamışdı.

Fəqət 1920 sənəsi nisanında qızıl rus istilasına qədər bu Müəssislər Məclisinin dəvəti, bəklənilməyən mühüm səbəblər və Azərbaycan istiqlal və hürriyyətilə əlaqədar vüquat və hadisat dolayısı ilə, mümkün olmadı.

Bu dövrdə həyat kəndi məcrasına girmiş, istiqrar peyda etmiş, daxili asayiş və əmniyyət təmin edilmiş və xarici beynəlmiləl münasibat başlamışdı. Və bütün bu işləri idarə və tənzim edən Şurayi-Milli və ona qarşı məsul hökumət də müstəqir bir rejim və sistem mahiyyətini iqtisab edərək yaşamaqda davam etdi.

lll

İstiqlal Bəyannaməsinin 1-ci maddəsində “Bu gündən etibarən Azərbaycan xalqının hakimiyyət haqqına malik olduğu” zikr edilməkdədir.

Fəqət haqları hakimiyyətlərinə malik olan müxtəlif millətlərdə hakimiyyətin tərzi icrası müxtəlif surətdə olmuş və bunun nəticəsi olaraq müxtəlif şəkildə dövlətlər vücuda gəlmişdir.

Xalqın doğrudan-doğruya və bizzat hakimiyyətini icra etməsinə müqabil bu hakimiyyətin vəkillər vasitəsilə, niyabi və nim niyabi hökumət şəklində icrası daha ümumidir.

Azərbaycan Cümhuriyyətinin arayi-ümumiyyə ilə intixab edilmiş bir şura tərəfindən idarə edilməsi hökumətin niyabi bir şəkil ərz etdigini göstərməkdədir.

Fəqət təşri, icra və qəzayi qüvvətlərin tənzim və münasibəti nöqteyi-nəzərindən Azərbaycan xüsusi bir şəkil icra etməkdə idi.

Biliyoruz ki, niyabi hökumətlərdə, təfriqi qüva, təvazünü qüva və tövhidi-qüva kibi 3 tərzi-idarə, 3 baxış, 3 nəzəriyyə və 3 sistem vardır.

Amerika kibi prezidensiyel bir sistemdə qüvveyi-icraiyyə ilə, qüvveyi-təşriyyə tam bir təfriqə tutulmuş olduğu halda, İsveçrə kibi direktorial (məclisi) hökumət sistemində tam tövhidi-qüva yaradılaraq təşrii və icra səlahiyyətləri məclisdə toplanmışdır. Birincidə qüvveyi-icraiyyə məclis qarşısında məsul degil, hətta məclisə daxil bulunmaz ikən, 2-cidə, icra qüvvəti hakimiyyətin sahibi olan məclisin bir məmurudur.

Bunların arasında isə təvazünü qüva əsasına müstənid parlamentar hökumət sistemi vardır ki, hakimiyyəti icra edən siyasi üzvlər arasında bir ahəng vücuda gətirir. Amerika, İsveçrə və Rusiya xaric olmaq üzrə həmən hər yerdə hakim olan bu sistemdə təşrii səlahiyyət parlamanda, icra səlahyyəti isə rəisi dövlət olan şəxsdədir. Bu şəkli hökumətdə dövlət rəisinin parlamandan təşkil etdigi kabinə əzası məclisə daxil olub qanun təklif eyləmək hüququna haiz bulunurlar. Bunun müqabilində parlaman dəxi hökuməti müraqibə və isqat haqqına malikdir...

lll

Azərbaycanın iki sənəlik həyatındakı dövləti təcrübələri, onun icra və təşri qüvvətlərin kəffəsini məclisdə toplanmış olması həsəbilə İsveçrə tipində bir məclis hökuməti olduğunu göstərməkdədir.

İstiqlal mücadiləsi zamanı təşri və icra səlahiyyətlərini Böyük Millət məclisində toplanmış olan Türkiyə dəxi, bugünkü partlamentarizmə mütəvəcceh Məclis hökumətindən fərqli olaraq tam bir direktorial sistemlə idarə olunuyordu.

Fəqət Azərbaycan digər Məclis hökumətlərindən fərqli çox mühüm bir xüsusiyyət ərz etməkdə idi. Bir dəfə bu sistemdə bütün təşri və icra səlahiyyətlərinin Şurayi-Millidə olması ilə bərabər, Şurayi-Milli icra səlahiyyətini məmurları vasitəsilə degil, parlaman qarşısında məsul bir kabinə vasitəsilə tətbiq edirdi.

Saniyən: bu kabinə Şurayi-Milli qarşısında məsul olmaqla bərabər parlaman xaricindən dəxi içərisinə nazir ala bilirdi. Və kabinənin təşkili, tam parlamentar hökumətlərdə olduğu kibi, parlaman əzalarından, əksəriyyət firqəsinə və ya pıarlamanda əksəriyyət təşkil edən firqələrin koalisyonuna istinad edən bir zatə mühəvvəl edilmək surətilə vüqu bulurdu. Fəqət kabinənin təşkili üçün baş vəkili təyin edən məqam, tam parlamentar hökumətlərdə olduğu kibi dövlət rəisi və ya risi cümhur degil, bizzat parlaman kəndisi idi. Azərbaycan parlamanı (Şurayi-Milli) bu icra səlahiyyətini hər ayrı hallarda rəisi vasitəsilə tətbiq etməkdə idi.

Azərbaycan parlamanı müxtəlif firqələrə səhnə idi. Sağda “İttihadi-islam” və “Əhrar” firqəsi oturuyordu. Solda müstəqil, ixtilalçı və demokrat olmaq üzrə 3 qrup sosialistlər vardı. Ortada Milliyyətçi radikal-demokrat “Müsavat” firqəsi münəvvər sərbəst məslək ərbabı kibi zəvatdan mürəkkəb “bitərəf demokrat qrup” oturmaqda idi. Bunlardan əlavə əqəliyyət millətlərin müməssilləri vardı. Əksəriyyət mərkəzdə idi.

17 həziran 1918 irtica hərəkatı kabinəyi sağa doğru əgmişdi. Halbuki, elani istiqlal üzərinə təşəkkül edən ilk kabinə isə mərkəzdən təşəkkül etmişdi.

1919 və 1920 sənələri ibtidalarına qədər kabinə sollarında iştirakı ilə mərkəzdən vücuda gəlmişdir. Və hər daim baş vəkil mərkəz fraksiyonuna məncub olmuşdu.

lll

Görüyoruz ki, Azərbaycan Məclis hökuməti şəkli ilə tam parlamentar hökumət sistemini məzc etmişdir. Burada parlamentarizmə mütəvəccih bir məclis hökuməti görülməkdə idi.

Təşri və icrai səlahiyyətləri kəndisində toplamaqla bu sistem məclis hökuməti idi. Fəqət digər tərəfdən məsul kabinə, kabinə əzasının parlaman xaricindən belə alınması, nazirlərin qanun təklif etmək haqları, sorğular, tənqidlər, nazirlərin müdafiəsi, kabinəınin düşməsi, yeni kabinə təşkili üçün parlaman rəisinin firqə liderləri ilə müzakirələri, yeni kabinə təşəkkülü, hökumətin proğramı, sağ cinahın daimi ədəmi etimadı, mərkəz fraksionların hərarətli alqışları, parlaman xaricində müxtəlif firqə və zümrələrin qəzetələri arasında münaqişələr, polemiklər və s. və s.

Bütün bunlar rəisi cümhursuz tam parlamentar bir hökumət sisteminin varlığını hiss etdiriyordu.

Azərbaycan xarici diplomatik səlahiyyətlərin icrasında da orta bir sistem yaratmışdı. Bu səlahiyyət nə məclis hökumətlərində olduğu kibi tamamilə Şurayi-Millidə, nə də prezidensiya hökumətlərdə olduğu kibi tamamilə icra qüvvətində, nə də parlamentar sistemdə olduğu kibi Məclisi təmsilən dövlət rəisində idi.

Burada səfirləri qəbul etmək hökumətə, xaricə müməssil göndərmək isə bəzi əhvalda məclisə aid idi.

Paris Sülh Konfransına heyət mürəxxəsə bu surətlə göndərilmişdi.

Bu nədən nəşət ediyordu əcəba? Hər şeydən əvvəl bunun səbəbi istiqlal və milli hakimiyyəti hər türlü şəxsi ehtiraslardan qorunmaq, milli iradənin məhsulu olan istiqlal və cümhuriyyəti xalqın daha sıxı müraqibəsi altında bulundurmaq əndişəsindən doğduğuna şübhə yoxdur. Hər yerdə bu böylə olmuşdur. Türkiyə təcrübəsi bu inqilab zamanlarına məxsus şəklin aydın bir misalıdır. Şübhə yoxdur bu rejim qüvvətlərin təvazünü üzərinə qurulu tam bir parlamentarizmlə təkmil olunacaqdı. Bunu cümhuriyyət idarəsinin seyri təkamülü göstərməkdə idi. Azərbaycan Məclisi-Müəssisanı təşkilati əsasiyyəyi tənzim etdigi zaman bu dövrün təcrübəsindən çox böyük qüvvət alacaqdı. Və Azərbaycan ideal və modern tam demokratik bir cümhuriyyət olacaqdı.

Gələcək müstəqil milli dövlət həyatı üçün bu dövrün daha bir çox cəhətdən tədqiq, tənvir və tənqidi lazımdır. O cümlədən olaraq hakimiyyəti milliyyəmizi təmsil edən parlamanın daxili tənzimat və fəaliyyəti, hökumətin ammə hizmətlərinə görə tərzi-təqsimi, qəzayi-qüvvətin surəti-təşəkkülü tədqiq üçün birər mövzu təşkil etməkdədir. Bu kibi fəaliyyət istiqlal mücadiləmizin nəticəsində təəssüs edəcəgi mühəqqəq olan Milli dövlətin quruluşu üçün faydasız olmuyacaqdır.

Mirzə Bala (Məmmədzadə)
“Odlu-Yurd”, həziran (iyun) 1931, № 4(29)

Mütəvəcceh - üz tutan, yönələn
Təəyyün - meydana çıxması
Müstəqbəl - gələcək, irəlidə olan
Müsərrəh - açıq, aydın
Niyabət - vəkillik, naiblik, əvəzləmə
Təfriq - fərqləndirmə, ayırma
Quva - qüvvələr
Təvazün - tarazlıq
Tövhid - birləşdirmə
Təşri - izah etmə, şərh etmə
Müraqibə - nəzər salma, baxma
İsqat - düşürmə, hüquqdan məhrum
Qafilə - dəstə
Məzc - qarışdırma
Kəffə - ovuc, əlin içi

VAXTINDA BİR ƏSƏR 

Milli Azərbaycan nəşriyyatının 8-ci sayısını təşkil edən bir əsər Rəsulzadə Məhəmməd Emin tərəfindən verilmiş və “Yeni Qafqasiya” ilə “Azəri Türk” məcmuələrində təfriqə edilmiş iki böyük və mühüm konfransdan ibarətdir.

“İxtilalçı sosyalizmin iflası və demokrasinin gələcəyi”! İki sistem ki, bu gün əski monarşi və məşrutiyyət rejimlərinin ənqazi üzərində yekdigərilə, biri-birini inkar edərək rəqabət ediyorlar: iki sistem ki, ümumi bəşəri səadətin və mədəniyyətin kəndilərində olduğunu iddia ediyorlar...

Monarşizmi və sosyalizmi, bilxassə ixtilalçı sosalizmi rədd və inkar edən demokrasi, yalnız siyasi həyatları ehtiva edən bu günün halı ilə, böhran keçirməkdədir.

Monarşizm ilə bərabər demokrasini, hətta mötədil sosyalizmi də inkar edən ixtilalçı sosyalizmin dəxi, pək qanlı və fəci təcrübələrindən sonra nasıl iflasa uğradığını hərbi-ümumini mütəaqib sənələrin inqiyadları açıq göstərdi.

Rusiyada fəci bir iflasa uğrayan ixtilalçı sosyalizm Almaniyada, demokrasiyə doğru əsaslı bir islahat və tədilata məruz qaldı. Eyni zamanda kəndi daxilində dərin bir böhran hiss edən parlamentarizm və demokrasi, XIX əsrdən qalan dar çərçivələrini aşaraq yeniləşməgə, gəncləşməgə başladı.

Demokrasi kəndi-kəndini tənqidə girişdi. Xəstəliklərini təşhiz etdi və tədavisi üçün zəruri olan iclasları buldu.

Süqut edən monarşizm və sosyalizmin iflas etmiş ənqazı üzərində daha böhrandan xilas olmamış demokrasi tamamilə gəncləşib, həyəcan və əndişələr içərisində olan bəşəriyyətin əmniyyətlə mədəniyyətin yüksəlməsi yolunda irəliləməsini təmin edəcəkmi?

Demokrasi dövrünə daha yeni girən Türk və İslam Şərqinə bu məsələyi bilmək, böhranından bəhs edildigi bir zamanda, qəbul etdigi demokrasinin halı və gələcəyi ilə əlaqədar olmaq bilxassə lazımdır.

Azərbaycan gəncligi isə bu məsələlərlə, komunizm və demokrasi mücadiləsilə üz-üzə bulunuyor. Demokratik bir Cümhuriyyət olan Milli Azərbaycanı qan və atəşlə istila etmiş olan qızıl Rusiya orada sosyalizm tətbiqatı yapmaqdadır.

Süngüsünə, Çeka və terroruna baxmayaraq bu sosyalizm rejimi iflas etmədədir. Demokrasinin əhəmiyyət və qüvvəti getdikcə daha bariz hiss ediliyor.

Ona görə Rəsulzadə Məhəmməd Emin bəy əfəndinin bu əsəri tam vaxtında və zamanında çıxmış, hər kəsi yaxından əlaqədar edəcək çox qiymətli bir əsərdir.  Onu hər kəs oxuyacaq. Bilxassə Azəri gəncligi məmləkətlərinin istiqlalı üçün ondan pək böyük dərslər alacaqdır.

M.B.Məmmədzadə
”Odlu-Yurd”, 1 mart 1929, № 1

Təfriqə - hissə-hissə çap olunan
İnqiyad - ram olma
Tədil - mötədilləşmə

BAKIDA MƏTBUAT SƏRGİSİ

Mayısın 8-də Bakıda Azərbaycanı ögrənmə dərnəgi binasında bütün cahan millətlərinin mətbuat sərgisi açılmışdır. Sərgidə 150 məmləkətin 140 lisanında qəzetə və məcmuələri təşhir edilmişdir. Sovet Rusiyasında çıxan qəzetələr 61 lisanda təmsil olunmuş, Rusiyadan sonra 2-ci yeri Hindistan tutmuş, Hindistan mətbuatı 16 lisanda təmsil olunmuşdur. Hindistandan sonra Əfqanıstan, Avstraliya, Avstriya, Yaponiya və s. gəliyordu. Şərq mətbuatı nöqteyi-nəzərindən Bakı sərgisi keçən il Kölndə açılan mətbuat sərgisini geridə buraxıyordu. Sərgi zamanı bilxassə ədəbi əsərlərə həvəs olduğu meydana çıxmışdır.

“Odlar Yurdu”, Temmuz (iyul) 1929, № 5

Təşhir - nümayiş 

(Ardı var)

 





10.07.2017    çap et  çap et