525.Az

Tbilisidə erkən evlilik və qadın zorakılığı ilə bağlı konfrans


 

Tbilisidə erkən evlilik və qadın zorakılığı ilə bağlı konfrans <b style="color:red"></b> Bu gün Tbilisidə “Qadın və qızlara qarşı zorakılığın aradan qaldırılmasında dinin rolu” mövzusunda konfrans keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, konfrans Gender bərabərliyi, qadınlara qarşı zorakılıq və ailə zorakılığı məsələləri üzrə idarələrarası komissiya, Gürcüstan Müsəlmanları İdarəsi, “XXI əsr” Birliyi və BMT-nin Əhali Fondunun Gürcüstan ofisi tərəfindən təşkil olunub.
 
Gürcüstan Patriarxlığının nümayəndəsi Tea Qoqotişvili çıxışında bildirib ki, erkən evlilik Gürcüstanda əsas problemlərdən biri olaraq qalmaqdadır: “Bu problem nəticəsində qızlar cəmiyyətdən təcrid olunur, təhsil imkanlarından məhrum olurlar. Gürcüstan hökuməti qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində davamlı iş görür. Qanuna edilmiş dəyişikliyə əsasən, ən aşağı nikah yaşı 18 yaş müəyyən olunub”.
 
T. Qoqotişvilinin sözlərinə görə, erkən evliliyin aradan qaldırılması sahəsində Gürcüstanın müsəlman icması ilə əməkdaşlıq olduqca vacibdir.
 
“Əməkdaşlıq nəticəsində gürcü və Azərbaycan dillərində erkən evliliyin risk və mənfi nəticələri, valideynlərin vəzifə və öhdəliklərinin əks olunduğu kitabça hazırlanıb. Gürcüstan Müsəlmanları İdarəsi ilə Elm və Təhsil Nazirliyi bu kitabçaları bölgələrdəki məktəblərə paylayıblar”, - deyə o söyləyib.
 
Gürcüstan parlamentinin sədr müavini Giorgi Volski isə konfransın əhəmiyyətini qeyd edərək bildirib ki, ölkədə nikah yaşının 18 yaş müəyyən olunması ilə bağlı qərarın qəbulu spontan olmayıb. O deyib ki, ölkədə bir çox problemlərin həllində dövlət və cəmiyyətin birgə fəaliyyəti olduqca vacibdir.
 
Gürcüstan parlamentinin Gender bərabərliyi şurasının üzvü Dimitri Tskitişvili isə ölkənin müsəlman icmasının erkən evliliklə mübarizədə fəaliyyətini yüksək qiymətləndirib: “Təəssüf ki, icma və ailələrdə bu cür mənfi ənənənin qarşısını almaq mümkün deyil. Belə ki, dövlət bu məsələyə müdaxilə edə bilmir. Kök salmış mənfi ənənənin aradan qaldırılmasında cəmiyyət və dövlət birgə iş aparmalıdır”.
 
D. Tskitişvilinin sözlərinə görə, erkən evliliyin və qadınlara qarşı zorakılığın aradan qaldırılmasında dini liderlərin rolu böyükdür. “Dini liderlər cəmiyyətlə düzgün iş aparmalıdır. Onlar bu məsələnin dinlə heç bir əlaqəsinin olmadığını diqqətə çatdırmalıdırlar”.
 
O əlavə edib ki, parlamentin Gender bərabərliyi Şurası ölkənin Müsəlmanlar İdarəsi ilə erkən evlilik və qadınlara qarşı zorakılıqla bağlı problemlərin həlli istiqamətində əməkdaşlığa hazırdır.
 
Konfransda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin sədri şeyx Hacı Ramin İgidov isə İslam dinində evlilik məsələsinə toxunub: “İslamda evlilik üçün konkret yaş müəyyən olunmayıb. Gürcüstanda bioloji və fizioloji baxımdan evliliyə hazır olmayan gənclərin ailə qurması halları və bu cür ailələrin dağılması halları müşahidə olunur. İslamda evlilik bəyənilən əməldir. Elm öyrənmək isə ondan da vacib hesab olunur”.
 
Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi Hacı Yasin Əliyev çıxışında deyib ki, bölgələrdə fəaliyyət göstərən din xadimlərinə göstəriş verilib ki, rəsmi nikahı olmayan gənclərin kəbini kəsilməsin.
 
O, Gürcüstanın  Elm və Təhsil Nazirliyinə təklif edib ki, orta məktəblərin yuxarı siniflərinin şagirdlərinin din xadimləri ilə görüşlərə şərait yaradılsın. “Din xadimləri gənclərlə birbaşa ünsiyyətdə olub onlarla erkən evliliyin mənfi fəsadları barədə söhbətlər apara bilərlər”, - deyə o bildirib.
 





11.07.2017    çap et  çap et