525.Az

Bələdiyyə sədrləri 1 illik islah işlərinə cəlb olundular


 

Bələdiyyə sədrləri 1 illik islah işlərinə cəlb olundular<b style="color:red"></b>

Oğuz rayonu Padar Bələdiyyəsinin sədri vəzifəsində işləmiş şəxslər - Hidayət Qasımov və Səxavət Hidayətov, bələdiyyənin sədr müavini Çingiz Nəsibovun cəzalarının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb.

Şəki Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Baş Prokurorluğun təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protestinin təmin edilməsi barədə qərar elan edilib. Qərara görə, Oğuz Rayon Məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən şəxslərin hər birinin barəsində 1 il müddətinə islah işləri cəzası təyin edilib.

Hər üç şəxsin cinayət işinə yeni icraatda Oğuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1500 manat cərimə edilib.

Təqsirləndirilən şəxs Çingiz Nəsibov 2008-ci ilin iyun ayından 2008-ci ilin oktyabr ayınadək Oğuz rayon Padar Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyərkən bələdiyyənin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Belə ki, Çingiz Nəsibov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar kənd sakinləri arasında nüfuz qazanmaq, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə təkbaşına qərarlar qəbul etməklə torpaqdan istifadə qaydaları və şərtlərinə dair Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyinə əməl edilməsi sahəsində bələdiyyələrin nüfuzuna xələl gətirən hərəkətlər edib.

Daha sonra qeyd edilir ki, Hidayət Qasımov 2008-ci ilin noyabrından 2010-cu ilin yanvarınadək Oğuz rayon Padar Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, Səxavət Hidayətova 2010-cu ilin yanvar ayından Oğuz rayon Padar Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən torpaq sahələrini başqa şəxslərin mülkiyyətinə verilməsi barədə qərar qəbul ediblər.

 





16.05.2013    çap et  çap et