525.Az

"Mənzillərin hansı jurnalistlərə verilməsi prezidentin səlahiyyətindədir"


 

"Mənzillərin hansı jurnalistlərə verilməsi prezidentin səlahiyyətindədir"<b style="color:red"></b>

"Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binadakı mənzillərin hansı jurnalistlərə verilməsi prezidentin səlahiyyətindədir”.
 
Bu barədə “Media forum” saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Vüqar Səfərli bildirib: “Bağladığımız müqaviləyə görə, bina tam şəkildə sentyabr ayında təhvil verilməlidir. Biz imkan daxilində binanın milli mətbuatın yarandığı günə - iyulun 22-dək hazır olmasına çalışırıq. Jurnalistlərə mənzilləri media bayramı günü hədiyyə etmək istəyirik. Yəni bu bizim arzumuzdur. Amma götürdüyümüz öhdəliyə görə bina sentyabr ayında hazır olmalıdır”.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, mənzil almaq üçün müraciət edən jurnalistlərin sənədləri Prezident Administrasiyasına təqdim olunacaq: “Bizim işimiz yalnız binanın tam keyfiyyətli şəkildə tikilib başa çatdırılmasına nəzarət etməkdir. Qalan məsələlər prezidentin səlahiyyətindədir. Bu səbəbdən biz prezidentin adından danışa bilmərik. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həmin mənzillərin jurnalistlərə hansı meyarlarla veriləcəyini açıqlayıb. Mənzilləri də başqaları yox, məhz jurnalistlər alacaq. Kimlərin alıb-almayaçağını isə indidən demək mümkün deyil”.

2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

Binanın tikintisinə 2011-ci ildə start verilib. Bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin may ayında jurnalistlərə deyib ki, tikilən evlərin paylanması tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq: “Seçim üç prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq”.

 





16.05.2013    çap et  çap et