525.Az

Anar yaradıcılığı ilə bağlı yeni tədqiqat əsəri - Fotolar


 

TƏDQİQATÇI PƏRVİN NURƏLİYEVA YAZDIĞI ELMİ İŞİ AMEA NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNDAKI DİSSERTASİYA ŞURASINDA UĞURLA MÜDAFİƏ EDİB

Anar yaradıcılığı ilə bağlı yeni tədqiqat əsəri - <b style="color:red">Fotolar</b>

İyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya üzrə elmlər doktoru və Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının növbəti iclası olub.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi  adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, əvvəlcə gündəlikdə duran cari məsələlər haqqında Şuranın üzvlərinə məlumat verib, iki dissertasiya işinin müdafiəsinin nəzərdə tutulduğunu bildirib. Sonra ADPU-nun doktorantı, AYB-nin üzvü, Prezident təqaüdçüsü Pərvin Ələmdar qızı Nurəliyevanın "Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən insan" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsinə başlanıb.

Əvvəlcə Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi dissertasiya haqqında məlumat verərək bildirib ki, bütün sənədlər qaydasındadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı bir kitabı və 13 məqaləsi (9-u ölkə, 4-ü xarici mətbuatda) çap olunub. Elmi rəhbər Himalay Qasımlının, aparıcı təşkilatın - ADU-nun, rəsmi opponentlərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var. Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iştirakçılarının müzakirəsinə verilib.

İddiaçı P.Nurəliyeva müdafiəyə təqdim olunan tədqiqat işi haqqında çıxış edib. Bildirib ki, dissertasiya giriş, hər biri müxtəlif yarımfəsilə bölünməklə iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. "Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri, tədqiq tarixi, obyekti, praktik əhəmiyyəti, nəzəri-metodoloji əsasları və digər məsələlər yığcam şəkildə öz əksini tapmışdır. Mövzu ilə bağlı məlumat verən P.Nurəliyeva tədqiqat işinin elmi yeniliyini ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb. Bildirib ki, tədqiqat işinin predmetini Anarın nəsr əsərlərinin qarşıya qoyulmuş məqsəd və vəzifələr kontekstində araşdırılması məsələsi təşkil edir. Araşdırma zamanı əsasən tarixi-tipoloji, tarixi-müqayisəli metodlardan istifadə olunub. Həmçinin, iddiaçı qeyd edib ki, dissertasiya işinin "Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən insan" adlandırılması yazıçının yaradıcılığında tamamilə yeni bir sahənin nəzəri-estetik keyfiyyətlərin araşdırılıb ortaya çıxarılmasına imkan verib. "Anar nəsri XX və XXI əsr Azərbaycan ədəbiyyatı kontekstində" adlanan birinci fəsildə problem - "Anar nəsrinin özünəməxsusluğu", "Anar nəsrində yeni insan konsepsiyası və tənhalıq fəlsəfəsi" başlıqları altında iki yarımfəsildə təhlil olunur. Burada "60-cılar" Azərbaycan ədəbi mühitinin tarixinə, ictimai-siyasi hadisələrə qısa nəzər salınır, Anarla yanaşı, onun nəsildaşlarının da bəzi əsərlərinə diqqət çəkilir, Anar yaradıcılığının onlardan fərqi müqayisəli şəkildə araşdırılır. "Anar nəsrində insan xarakterləri tale və zaman müstəvisində" adlanan ikinci fəsildə problem "Dəyişən və dəyişməyən obrazlar aləmi" və "Müstəqillik dövrü Anar nəsrində milli problemlərin təcəssümü və yeni dövr insanın iç dünyası" başlıqları altında iki yarımfəsildə ümumiləşdirilir.

İddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırıb.

Daha sonra söz nüfuzlu alim, P.Nurəliyevanın elmi rəhbəri, ADPU-nun "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Himalay Qasımlıya verilib: "Mən Pərvinin çıxışından qürurlandım, çıxış və suallara verilən cavablar gənc araşdırmaçının həm Anar, həm də ümumən Azərbaycan bədii nəsrinə bələdliyindən soraq verir. Pərvin xanım Anar nəsrinə müxtəlif rakurslardan yanaşır. Dünya şöhrətli yazıçı Anarın yaradıcılıq yolunu nəsr kontekstində izləmək heç də asan deyil. Bəzən "60-cılar" barədə söz düşəndə onları ideallaşdırırlar. O zaman yazarlar çox olub, ancaq heç birisi Anar səviyyəsinə yüksələ bilməyib. Anar Tanrının varlandırdığı Anardır. O, Məmməd Arif  Dadaşzadədən üzü bəri ədəbiyyatşünaslıq düşüncəsində özünə yer tutmuş müstəsna müəllifdir".

Elmi rəhbər deyib ki, P.Nurəliyeva gənc olsa da, kifayət qədər zəngin elmi təfəkkürə malikdir: "Sabir Rüstəmxanlının sözüdür, deyir, Pərvin elə bir düşüncə sahibidir ki, ona bir ipucu versən, bütöv bir dastan yaradacaq. Çünki onun istedadının mayası Tanrıdan gələndir. Pərvin xanımın şəxsində mən özüm də heyrət edirəm ki, bir gənc həm elmi, həm də bədii düşüncə mənasında belə bir səviyyəyə, erudisiyaya malikdir".

Mövzuyla bağlı məqamlara toxunan alim deyib ki, burada kataklizm təbəddülat mənasındadır: "Bəzən kataklizmi, təbəddülatı zaman yaradır, ancaq o, içimizə təsir edə bilmir. Anar müəllim isə sənəti və şəxsiyyəti ilə zamandan yüksəkdə dayanır. Zaman bəzən Anar nəsrinə, Anar dünyasına çatmaq üçün boylanır, ancaq bacarmır. Pərvin xanım Anar nəsrinin elə qaynaqlarına nüfuz edib ki, o qaynaqlar indiyə kimi çözülməyib. Pərvin xanımın bu dissertasiyasında iki yaradıcılıq məktəbi - Anar bədii düşüncə məktəbi və akademik İsa Həbibbəylinin şəxsində ədəbiyyatşünaslıq məktəbi birləşib və bir məqsədə doğru yönəlib. Bu dissertasiyanın iç qatında kifayət qədər qloballıq var. Fəsillər və yarımfəsillər öz içində bir-birini tamamlayır, biri digərinə müəyyən ideyalar verir. Pərvin xanım təkcə Anar nəsrini deyil, Anarı nəsrə gətirən amilləri də araşdırır. Onun toxunduğu məsələlər elə iç qatlardır ki, onlar hələ bu vaxta qədər ədəbiyyatşünaslığımıza gətirilməyib. Pərvin xanım hörmətli akademik İsa Həbibbəylinin ədəbiyyatşünaslıq konsepsiyasına əsaslı şəkildə istinad edir. Mövzuya münasibətdə deyərdim ki, mən Anar yaradıcılığındakı dəyişməyən insana üstünlük verirəm. O, əsaslandırır ki, insan nəyə görə dəyişə bilmir. O, insanın iç dünyasını elə açıb göstərir ki, heç istəmirsən ki, o dəyişsin. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Ağ qoç, qara qoç", "Otel otağı", "Göz muncuğu"ndakı obrazlar dəyişə bilməz. Bu dəyişməzliyin səbəbini Anar müəllim kifayət qədər aydın izah edir".

Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyini diqqətə çatdırıb. Deyib ki, iş üzrə aparıcı müəssisə Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasıdır, dissertasiya işi və avtoreferatlara ümumilikdə beş rəy verilib. Millət vəkili, akademik Nizami Cəfərov və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli dissertasiya işinə, filologiya elmləri doktorları Vaqif Yusifli, Paşa Kərimov, Qəzənfər Paşayev avtoreferatlara rəy veriblər. Bütün rəylərdə müsbət fikirlər səsləndirilib, iradlar yoxdur.

İş üzrə təyin olunmuş opponentlər - professorlar Rüstəm Kamal və Rafiq Əliyev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı, əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verib.

İşlə bağlı çıxış edən Şuranın üzvləri - professorlar Mahirə Quliyeva, Qəzənfər Paşayev, Cahangir Məmmədli, Vaqif Yusifli müəyyən təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verdiyini qeyd ediblər.

Xalq yazıçısı Anar Şura üzvlərinə, çıxış edənlərə təşəkkürünü bildirib: "Mən bu gün burada çox mehriban, səmimi, qayğıkeş münasibət gördüm. Mənim haqqımda müxtəlif zamanlarda çox yazıblar. Bu yazıların hamısı mənim özümü özümə tanıdıb. Pərvin xanım dissertasiya işini yazmaq fikri olduğunu deyəndə bu, mənə maraqlı gəldi. Çünki yeni nəslin münasibətinin necə olacağı maraqlı idi mənə. Yeni nəsildə inkarçılıq da, razılaşmamaq da var. Biz bununla bağlı dəfələrlə Pərvinlə söhbətlər, müzakirələr etdik. Mən həmişə ondan bir şeyi xahiş edirdim: tərif olmasın, təhlil olsun. Kitabı və sonradan dissertasiyanı oxuyanda gördüm ki, burada həqiqətən də çox ciddi təhlil var. Pərvin mənim yaradıcılığımı özümdən yaxşı bilir. Bəzən nə isə yadımdan çıxanda Pərvindən soruşuram. Həm də Pərvin mənim yazdıqlarıma ümumi şəkildə baxa, paralellər yarada bilir. Bunun üçün ona təşəkkür edirəm və düşünürəm ki, fəlsəfə doktoru adına layiqdir".

Sonda dissertant Pərvin Nurəliyeva, sədr akademik İsa Həbibbəyli başda olmaqla, Şura üzvlərinə, Xalq yazıçısı Anara, dissertasiya işinin müdafiəsində əziyyəti olan rəyçilərə, opponentlərə, eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü bildirib: "Haqqımda söylənən xoş sözlərin, müdafiəmin sevincini bölüşdüyüm insanlar var. Hər şeydən əvvəl elmi rəhbərimə və aid olduğum kafedraya təşəkkür edirəm. Himalay müəllimin mənim yaradıcılığımda, elmi-pedaqoji fəaliyyətimdə xidməti çox böyükdür. Onun mənə ən böyük yaxşılığı isə tapşırdığı bu dissertasiya mövzusudur. Burada mənim yazılarımda publisistik üslubun bəzən bədii üslubu üstələməsi məsələsi qeyd olundu. Bununla bağlı mən etiraf etmək istəyirəm ki, bəli, mənim bütün yazılarım "525-ci qəzet"in materialıdır. Bu qəzetin mənim yetişməyimdə, ədəbi mühitdə tanınmağımda xidməti çox böyükdür. Buna görə, başda Rəşad Məcid olmaqla, Seyfəddin Hüseynliyə, Yusif Rzayevə, qəzetin əməkdaşlarına təşəkkür edirəm. Mənə oxutdurduqları kitablara, verdikləri təhsilə, məni zəhmətə alışdırdıqlarına, məndə iradə, dözüm aşıladıqlarına, hər bir işimdə yanımda olduqlarına görə valideynlərimə, ailəmə təşəkkür edirəm. Həmçinin, onu da söyləyim ki, atamın evindən xoş bir səbəbdən ayrılanda bircə bakalavr diplomum vardı, bütün digər uğurlarımı düşdüyüm ocaqda, Nurəliyevlər ailəsində qazanmışam, bu gün də burda yanımdadırlar, onlara da hər şey üçün təşəkkür edirəm. Dissertasiya mövzuma gəlincə, etiraf edirəm ki, bəli, mən fəlsəfə doktoru elmi dərəcəsi almaq, daha çox kitabların müəllifi olmaq istəyirəm, ölkənin ən böyük yazıçılarından biri haqqında tədqiqat işi yazmağımla qürur duyuram. Ancaq Anar müəllim haqqında yazdıqlarımın, işlərimin mahiyyətində ayrı bir səbəb də durur. Bu da ondan ibarətdir ki, mənim Anara borcum valideynlərimə borcum kimidir. Bu baxımdan bir kitab, bir tədqiqatla bu borcu ödəyib bitirə bilmərəm. Ona görə də hər kəsin qarşısında Anar müəllimə söz verirəm ki, ardı olacaq. Və bugünki uğurumu ən böyük əsərimə, ən ciddi elmi araşdırmama, ən vacib işimə - oğlum Anara həsr edirəm!"

Keçirilən gizli səsvermə nəticəsində Pərvin Nurəliyevanın filologiya üzrə fəlsəfə doktoru adı alması üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması qərarı yekdilliklə qəbul edilib. 

Şahanə MÜŞFİQ

 





13.07.2017    çap et  çap et