525.Az

Macarıstanda Azərbaycan və Norveç musiqisindən ibarət konsert


 

Macarıstanda Azərbaycan və Norveç musiqisindən ibarət konsert <b style="color:red"></b>

Azərbaycanın Macarıstandakı Səfirliyində Humay Qasımzadə (fortepiano) və Jalə Əliyevanın (violonçel) Azərbaycan və Norveç musiqisindən ibarət konserti təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, konsert Azərbaycan və Norveç səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd olunub ki, Humay Qasımzadə və Jalə Əliyevanın, habelə bir sıra dövlətlərdən musiqiçilərin təmsil olunduğu “NEUAR ENSEMBLE ”qrupu Norveçdə fəaliyyət göstərir və müxtəlif ölkələrdə musiqi proqramları ilə çıxış edirlər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev Azərbaycan-Norveç əlaqələrinə dair fikirlərini bölüşüb və bu cür mədəni tədbirlərin qədim tarixə malik Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılmasında əhəmiyyətli olduğunu qeyd edib. Səfir Azərbaycan-Norveç münasibətlərinin yalnız neftlə məhdudlaşmadığını, humanitar-mənəvi həyatın müxtəlif sahələrini də əhatə etdiyini xüsusi vurğulayıb və bugünkü birgə konsertin də onun bir örnəyi olduğunu söyləyib.

Sonra Norveç səfiri Olav Berstad çıxış edərək, 15 il öncə Norveçin Bakıdakı səfirliyində çalışdığını diqqətə çatdırıb və fəaliyyəti dövründə Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini bildirib. O.Berstad, həmçinin, həmin dövrdə Bakıda təşkil olunan rəsmi tədbirlər çərçivəsində ümummilli lider Heydər Əliyevlə görüşmək imkanının olduğunu vurğulayaraq, ulu öndəri dünya miqyasında görkəmli siyasi xadim olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin dərin bilicisi kimi xarakterizə edib və hazırda da ölkəmizdə dövlət səviyyəsində mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət ayrıldığını söyləyib.

Tədbirdə Budapeştə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və Norveç diasporunun təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

İfaçılar tədbir iştirakçılarına Edvard Qriq, Fikrət Əmirov və başqa klassik və müasir bəstəkarların əsərlərindən parçaların daxil edildiyi konsert proqramı təqdim ediblər.

Ceyhun ABASOV

 





13.07.2017    çap et  çap et