525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir”


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir”<b style="color:red"></b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu  əsasən millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları təşkil edir.

– Əlikram müəllim, söhbətimizə sadə bir sualla başlamaq istərdik: Toplumlar millətə necə çevrilir? Milləti nə(lər) şərtləndirir?

–Hazırda Yer üzündə 3000-dən çox xalq, tayfa, qəbilə, etnik qrup, millət, milli azlıq və sair mövcuddur. Onlardan 250-nin millət statusu var və onlar milli ədəbi dilə malikdirlər. Millətlər ailənin böyüyüb qəbiləyə çevrilməsi, tayfanın xalqa, xalqın millətə çevrilməsi istiqaməti ilə inkişaf edib. Hazırda elə proseslər gedir ki, artıq bir sıra millətlər və xalqlar iri çoxmillətli dövlətlərdə birləşirlər və yeni bir xalq tipini əmələ gətirirlər və çox güman ki, gələcəkdə onlar da millətə çevriləcək. Qohumluq əlaqələri də zərurətdən mövcud olub: birlikdə yaşamaq, qonşu tayfalardan, qəbilələrdən qorunmaq və təbii amillər üçün. Tayfalardan xalqlar yaranır, ya eyni xalqın böyüməsi, ya da müxtəlif xalqların birləşməsi ilə millətlər yaranır. Əksər tədqiqatçılar bunu kapitalizmlə əlaqələndirirlər. Kapitalizm – burjua istehsal münasibətlərini yaradır, əmək ictimailəşir, vahid dövlət və sərhədlər yaranır, ucuz işçi qüvvəsi yaranır. Və bu zəmində hətta bir-birinə yad olan tayfalar, xalqlar da birləşib bir millət halına gəlir.

Millətlər sosial hadisədir – yəni onların yaranmasında sosial amillər əsas yer tutur və ona görə də millətin nüvəsini etnososial orqanizm təşkil edir. Yəni, millətin yaranmasının bir şərti etnogenezdirsə, digər şərti iqtisadi, sosial hadisələr, kulturoloji amillərdir. Eyni bir millət bir neçə dinlə ibadət edə bilər, yaxud elə dinlər var ki, onlara bəzən milli dinlər deyilir. Məsələn, Sibirdə, Cənubi və Mərkəzi Amerikada yerlilər bir neçə dinə ibadət edirlər. Millət anlayışına 3 cür yanaşma var: bioloji, siyasi-hüquqi, sosiokulturoloji. Bioloji yanaşmanın tərəfdarları almanlar və yaponlardır. Bu ölkənin konstitusiyalarına görə damarından alman və yapon qanı axanlar alman və yapon millətinin nümayəndələridir. İsrail milləti də məhz bu prinsipə üstünlük verir, lakin eyni zamanda hakim dinin, iudaizmin daşıyıcısı olmaq da vacibdir. İsrail milləti həm qan qohumluğu, həm də vahid bir din ətrafında formalaşmış millətdir. Millətləri yaradan faktorlardan biri də millətçilikdir. Millət eyni cür düşünən, eyni psixi, mənəvi xüsusiyyətlərə malik olan, eyni tarixi irsə malik olan, eyni dildə danışan, eyni sosial-iqtisadi və sərhəd bütövlüyündə yaşayan insanların sabit birliyidir. Onlarda milli mənlik şüuru var, müəyyən millətə, etnosa mənsubluq xüsusiyyəti var. Bu da onlarda müəyyən millətçilik meylləri meydana gətirir, millətçilik əslində müsbət ideyadır.

– Bəs əgər bu, ifrata varıb şovinizmə çevrilsə?

– Millətçilik özlüyündə müsbət tendensiyadır. Lakin o, inkişaf edib şovinizmə çevriləndə mənfi olur. Şovinizm – şoven sözündəndir, Napaleonun sevimli əsgəri olub. Şovinizm – yəni, üstünlük. Şovinizm hakim millətin millətçiliyidir. 1928-ci ildə TBMM-də Atatürk çıxışında deyib ki, “Biz bütövlükdə əzilən və məzlum millətik, ona görə də biz millətimizi 2 yerə bölə bilmərik”. Millətlər hakim və məzlum olmaqla iki yerə bölünür. Əzilən millətlərin millətçiliyində bir demokratik məzmun var. Hətta Lenin özü deyirdi ki Şərq xalqlarının millətlərindən müstəmləkəçiliyə qarşı mübarizələrdə istifadə etmək lazımdır. Məsələn, Böyük Britaniya müstəmləkəçiliyinə qarşı. Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir. Lakin bu heç də o demək deyil ki, istənilən azsaylı xalq, milli azlıq ərazi muxtariyyəti tələb etsin. Bizim ölkəmizdə hamıya mədəni muxtariyyət verilib, hər bir xalq öz dilini, mədəniyyətini, adət-ənənəsini qoruyub saxlaya və inkişaf etdirə bilər, amma bu heç də o demək deyil ki, onlar tarixi ərazilərimizi milli əlamətlər üzrə parçalasınlar. İkinci tərəfdən belə bir parçalanma o xalqın özünə də sərfəli olmaz. Təyini müqəddərat hüququ ilk dəfə 1878-ci ildə Berlin konfransında, nəhayət 1918-ci ildə Vudro Vilsonun irəli sürdüyü “14 bənddə”, daha sonra 1945-ci ildə BMT-nin qətnaməsində öz əksini tapıb. Bunlardan istifadə edən bütün millətlər, xalqlar ayağa qalxdılar, bunun qarşısı alınmasaydı dünya bir xaosa çevrilərdi, ona görə də 1975-ci ildə 33 Avropa dövlətinin və Amerika-Kanadanın iştirakı ilə Helsinkidə müşavirədə qərara alındı ki, mövcud sərhədlər dəyişilməzdir.

– Vahid dil-Azərbaycan dilinin milli birliyin inkişafındakı rolundan danışmağınızı istərdik...

– Təbii ki, milli dil milli mövcudluğun əsas şərtidir. Bir milləti məhv etmək istədikdə birinci növbədə onun dilini əlindən alırlar. Çoxmillətli dövlətlərdə hakim millətin dili dövlət dili plan olunur və digər dillər sıxışdırılır. Dilin işlənməsi üçün vacib şərt olan ictimai funksiyanın yerinə yetirilməsidir. Belə olmasa dillər zəifləyər, hətta bəzən ictimai həyatdan silinib gedər. Lenin yazırdı ki, iqtisadi dövriyyə tələbatı həmişə sayca çox olan millətin dilinə ehtiyac yaranır. Ona görə də SSRİ konstitusiyasında dövlət dili anlayışı yox idi. Şaumyan tələb edirdi ki, gələcəkdə dövlət qurduqda rus dili dövlət dili elan olunmalıdır. Lakin Lenin ona qarşı çıxırdı. Lenin bilirdi ki, rus dili onsuz da bu funksiyanı yerinə yetirəcək, ona görə də onu rəsmiləşdirməyə ehtiyac yoxdur.

Azərbaycan dili və mədəniyyəti tarix boyu yaxın Şərqdə və eləcə də Qafqazda daim digər xalqların mədəniyyətlərini zənginləşdirən mühüm vasitə və mənbə rolunu oynayıb. Heç də təsadüfi deyil ki, Lermontov dostu Rayevskiyə məktubunda bizim dilimizi Avropada fransiz dilinin  (linqua frankua) oynadıgı rolla eyni mərtəbədə tutur.  Bizim dilimizdən bütün region xalqları tarixən həmişə bir ünsiyyət vasitəsi kimi istifadə ediblər. Vaxtilə bütün Krım və Şimali Qafqaz bizim dilimizi həm ümumi anlaşma vasitəsi kimi, həm də öz ana dilləri kimi qəbul ediblər. Sovetlər isə “parçala və hökm sür” siyasətini əldə rəhbər tutaraq rus dilinin mövqelərini möhkəmlətmək naminə bu regionlarda hər bir xırda xalqın dililə paralel şəkildə rus dilini tədris etməyə başladılar, belə ki, regionda rus dili bizim dilimizi əvəz etməyə başladı. Qorxmazovun Dağıstandan uzaqlaşdırılması ilə bu siyasət daha da intensiv xarakter alır və sonrakı illərdə isə anti-Azərbaycan təbliğatı bütün vasitələrlə inkişaf etdirilir. Hazırda Şərq-Qərb mədəniyyətlərinin dialoqunda üstünlük getdikcə daha çox Şərqə keçir. Şpenqler yazırdı ki, Qərb mədəniyyəti böhran içərisindədir və çox güman ki, o, öz dominant rolunu gələcəkdə öz əlində saxlaya bilməyəcək. İslam, hind, çin, yapon, pravoslav və s. mədəniyyətlərin təsir dairəsi isə getdikcə genişlənir. Bu həqiqəti yaxından dərk edən Qərb alimləri və siyasətçiləri həyəcan təbili çalır və bu mədəniyyətlərin artan təsirini neytrallaşdırmaq üçün müxtəlif yollar axtarırlar. Respublikamızda xeyli sayda millətlər və xalqlar yaşayır. Onların dilləri bərabərdir, istənilən səviyyələrdə öz dillərində danışa bilərlər. Lakin Azərbaycan dili dövlət dilidir və nəinki Azərbaycanda, hətta bütün regionda aparıcı dildir. Dilin dil kimi mövcudluğunu şərtləndirən dövlətdir. Mədəniyyətimizin qarşısında duran əsas vəzifə qloballaşmadan öz xeyiri üçün maksimum yararlanmaqdır. Öz milliliyimizi saxlamaqla bərabər Qərb mədəniyyətinin unikal nümunələrindən və dəyərlərindən də bəhrələnməliyik. Bunun üçün dil və mədəniyyətimiz daim inkisaf etməli, təkmilləşməli, dövr və şəraitə uyğunlaşmalıdır. Belə olarsa, biz qloballaşmadan itkisiz çıxa bilərik.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





16.05.2013    çap et  çap et