525.Az

İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə


 

İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə <b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının media fəaliyyətinə məsul qurumlarının nümayəndələrindən ibarət heyət Gəncə şəhərində olub.

Qonaqlar öncə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar. Şəhərin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov bildirib ki, son illər ölkədə aparılan geniş quruculuq və abadlıq işləri şəhərin simasını da tamamilə dəyişib. Bu günün Gəncəsi mühüm tədbirlərə evsahibliyini həyata keçirən, müasir görkəmli dinamik şəhərdir. Burada medianın işinə də ciddi önəm verilir, şəhərdə çoxlu sayda qəzet, jurnal, elektron informasiya resursu fəaliyyət göstərir.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu İran nümayəndə heyətinin ölkəmizə səfər missiyası haqqında məlumat verib. O bildirib ki, səfər Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında ötən ilin noyabrında imzalanmış memorandum çərçivəsində gerçəkləşməkdədir. Qonaqların Bakıdakı səfər proqramının zənginliyindən söz açan U.Rəhimoğlu onların Gəncə ilə bağlı təəssüratlarının zəngin olacağına da əminliyini vurğulayıb.

İranlı qonaqlar "İmamzadə" dini kompleksini də ziyarət edərək burada yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, İranın media fəaliyyətinə məsul qurumlarının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin tərkibinə ölkənin mədəniyyət və islam irşadı nazirinin müavini Hüseyn Entezami, həmin nazirliyin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İslam Respublikasının Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir. Qonaqlar iyulun 10-dan ölkəmizdədirlər və ötən müddətdə onlar, "Trend" BİA-da, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), "APA Holdinq" MMC-də olublar, AR Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşüblər. Həmçinin, qonaqlarla Azərbaycanın aparıcı KİV-ləri və jurnalist təşkilatları rəhbərlərinin görüşü keçirilib.

Müharibə şəraitində media mövzusunda aparılan sorğunun nəticələri açıqlandı

Dünən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə müharibə şəraitində medianın davranış tərzi ilə bağlı apardığı sorğu-araşdırmanın təqdimat mərasimini keçirib.

Tədbiri açıq elan edən layihə rəhbəri, İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki, "Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında vətəndaş cəmiyyətinin rolunun davamlı olaraq gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilən sorğuda QHT, media və ictimaiyyət nümayəndələri iştirak edib: "3 ay müddətində (aprel-may-iyun) 500 nəfər arasında sorğu-araşdırma aparılıb. Həyata keçirilən tədqiqatlar nəticəsində yekun hesabat, beynəlxalq təcrübəyə, hüquq sisteminə və mövcud olan bir sıra problemlərin həllinə uyğun olaraq təkliflər hazırlanıb".

Ə.Bəydəmirlinin sözlərinə görə, sorğuda iştirak edən respondentlərin böyük əksəriyyətinin qənaətincə, hərbi jurnalistika ixtisaslaşmalı, bu sahədə peşəkarlığın artırılması, güc nazirliklərinin mətbuat xidmətlərinin işinin çox operativ və çevik olması strateji hədəfə çevrilməlidir: "Ekstremal şəraitdə jurnalistlərin peşəkar fəaliyyəti üçün mütəmadi təlimlərin keçirilməsi, müxtəlif maarifləndirici və yaddaş kitablarının çapının artırılması vacibdir. Müharibə şəraitində sosial şəbəkələrdə və mediada məsuliyyətli davranış üçün maarifləndirici təlimlərlə bərabər, müxtəlif qanunlarda məhdudiyyətlərin tətbiqi ictimaiyyət nümayəndələri tərəfindən qeyd edilib. Söz və fikir azadlığına toxunmadan dünyanın bir çox ölkələrində belə təcrübələr və qəbul edilmiş hüquqi sənədlər var".

Tanınmış diktor, xalq artisti Eldost Bayram isə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir. O, aparılan sorğu-araşdırmanın nəticələrini açıqlayıb.

E.Bayram bildirib ki, bu sorğu internet vasitəsilə, həmçinin, müxtəlif şəxslərlə, QHT, media işçiləri ilə birbaşa təmasda olaraq keçirilib: "Sorğu Azərbaycanın hazırkı durumunda medianın informasiyaların yayımında həssaslıq göstərməsi və bütövlükdə bu sahədə peşəkarlığın artırılmasının vacibliyini ortaya qoyub. Heç şübhəsiz ki, dünyada müharibə şəraitində medianın davranışı və müxtəlif ərazilərdə gedən döyüşlər, münaqişə ocaqları haqqında verilən informasiyaların düzgün idarə olunması ilə bağlı beynəlxalq aləmdə yetərincə təcrübə var. Beynəlxalq hüquqda da bu məsələlərin necə tənzimlənməsi aydın şəkildə göstərilib. Unutmaq olmaz ki, son yüz il müharibələr dövrü kimi xarakterizə olunur. Bu münaqişələr fəsadlar, böyük itkilər ilə yadda qalıb. Soyuq müharibə başa çatsa da, bir çox bölgələrdə etnik münaqişələr daha da dərinləşib. Belə konfliktlərdən biri, daha uzun çəkəni erməni terroru nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsidir. Müşahidələr göstərir ki, hərbi əməliyyatlar zamanı və bu sahədə informasiyaların çatdırılmasında bizim mediamızda ciddi problemlər var. Əslində, Milli Ordumuzun apardığı əməliyyatlar zamanı medianın peşəkar davranışı həm ordumuz, həm də cəmiyyət üçün zəruridir. Təəssüf ki, qeyri-peşəkarlıqdan qaynaqlanan bəzi internet saytları və sosial şəbəkə istifadəçilərinin fəaliyyəti düşmən tərəfi üçün yaxşı informasiya mənbəyinə çevrilir. Diqqət yetirəndə görərik ki, belə resusrların fəaliyyəti bir çox hallarda qeyri-peşəkarlıqdan irəli gəlir. Düşmən təxribatına dəstək verən media resurslarının mövcudluğu istisna olunmur".

Daha sonra layihənin əhəmiyyətindən danışan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qeyd edib ki, aparılan araşdırma-sorğunun nəticələri bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynayacaq: "Hərbi sirrin qorunması üçün mediaya müəyyən məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac var. Müharibə şəraitində olan bir çox dövlətlər bu cür addımlar atıb. Hətta, vaxtilə ABŞ İraqa hücum edərkən hərbi məlumatların yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görüb".

Bundan başqa, tədbirdə iştirak edən tanınmış ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, hərbi jurnalistika üzrə ekspertlər və media təmsilçiləri öz fikirlərini bölüşüb, mövzu ilə bağlı bir sıra təkliflər ediblər.

Ceyhun ABASOV

 





14.07.2017    çap et  çap et