525.Az

“Mübariz” filminin çəkilişlərinə hazırlıq gedir


 

“Mübariz” filminin çəkilişlərinə hazırlıq gedir<b style="color:red"></b>

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan filmin çəkilişlərinə hazırlıq gedir.

“Era prodakşn”ın rəhbərləri Ruslan İsmayılov və Nicat Hüseynov bildiriblər ki, artıq bu istiqamətdə xeyli iş görülüb, kitab və onun əsasında ssenari yazılıb.

Ssenari müəllifi Nicat Hüseynovdur. “Mübariz” adlanacaq filmdə Azərbaycan ordusunun şəhid giziri Mübariz İbrahimovun keçdiyi həyat yolundan, gənclərə vətəni, bayrağı sevməyi öyrətməsindən, eləcə də ordumuzun şəhid baş leytenantı Fərid Əhmədovdan, Qarabağ savaşının tarixindən, erməni məkrindən bəhs olunacaq.

Filmin çəkilişlərində əcnəbi kinematoqrafların və aktyorların xidmətindən yararlanmaq nəzərdə tutulub. “Era prodakşn”ın rəhbərlərinin sözlərinə görə, artıq filmdə çəkiləcək aktyorlar, rejissorlar və digərləri ilə ilkin razılıq əldə olunub.

Ruslan İsmayılov və Nicat Hüseynov filmin ortaya qoyulmasına maddi dəstək göstərilməsi üçün Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova müraciət etdiklərini də açıqlayıblar. Onlar ümid edirlər ki, Mübariz Mənsimov bu müraciətə dəstək verəcək və çox səviyyəli bir film ortaya qoyulacaq.

Gizir Mübariz İbrahimov 2010-cu ilin iyunun 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində, baş leytenant Fərid Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında şəhid olub. Onların meyitləri Azərbaycana 2010-cu il noyabrın 6-da təhvil verilib. 7 noyabr 2010-cu ildə şəhidlər İkinci Fəxri xiyabanda dəfn olunublar.

Ölümlərindən sonra Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib, Fərid Əhmədov isə “İgidliyə görə” medalı ilə təltif edilib.

 





16.05.2013    çap et  çap et